"Azərbaycan Respublikasının dövlət idarəetməsi sistemi modernləşmə mərhələsində" mövzusunda elmi konfrans keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2010-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş "Azərbaycan Respublikasının dövlət idarəetməsi sistemi modernləşmə mərhələsində" mövzusunda elmi konfrans keçirilmişdir.

DİA-dan AzərTAc-a bildirmişlər ki, konfransda çıxış edən birinci prorektor, professor Əlikram Abdullayev ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsinin ölkəmizin idarəetmə sisteminin modernləşmə mərhələsində və inkişafında əhəmiyyətini, ulu öndərin zəngin dövlətçilik təcrübəsinin daha dərindən öyrənilməsinin zəruriliyini vurğulamış, Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini bildirmişdir.

Tədbirdə "Azərbaycanda regional inkişafın tənzimlənməsinin iqtisadi və təşkilati mexanizmlərindən istifadənin təkmilləşməsi istiqamətləri", "Demokratik Azərbaycan cəmiyyətində idarəetmə sisteminin formalaşması və inkişafının əsas şərtləri", "İdarəetmə mədəniyyətinin inkişafının nəzəri problemləri" və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Bölmə iclaslarında 60-dək məruzə və çıxışlar olmuşdur.

Yekun iclasında bölmə rəhbərlərinin məlumatları dinlənilmişdir.

 

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 2.