Auditorlar Palatasında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə qarşıda duran vəzifələr müzakirə edilmişdir

 

Fevralın 23-də Auditorlar Palatası Şurasının iclası keçirilmişdir.

Palatanın mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, iclasda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə Auditorlar Palatasının kollektivi və üzvləri qarşısında duran vəzifələr müzakirə edilmişdir.

Tədbirdə, həmçinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində auditin rolu və əhəmiyyətinin yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi və iqtisadiyyatda şəffaflığın artırılması sahəsində auditorların üzərinə düşən öhdəliklərin həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.

İclasda korrupsiyaya qarşı mübarizədə xarici təcrübənin ölkənin audit sistemində tətbiqi zərurəti və bu məqsədlə xarici tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi yolları xüsusi vurğulanmışdır.

Şəffaflığın daha yüksək səviyyədə təmin olunması üçün ölkənin müvafiq nəzarət qurumları ilə əlaqələrin davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.

İştirakçılar Palatanın təşkilatçılığı ilə beynəlxalq konfransların və simpoziumların daha sistemli keçirilməsini təklif etmişlər.

Auditorlar Palatasının üzvləri son vaxtlar ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlərin daha geniş vüsət almasını alqışlamış, bu sahədə ölkəmizin Prezidenti İlham Əliyevin siyasətini dəstəklədiklərini bəyan etmişlər.

Tədbirin sonunda şəffaflığın artırılması istiqamətində görüləcək işlərə dair tədbirlər planı təsdiq edilmişdir

 

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 3.