BDU-nun jurnalistika fakültəsində təhsil alan əlaçı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və işlə təmin olunmaq üçün şərait yaradılacaqdır

 

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində təhsil alan tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçirilmişdir.

KİVİDDF-dən bildirmişlər ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının, media qurumlarının rəhbərləri, BDU-nun jurnalistika fakültəsinin tələbə və müəllim heyəti iştirak etmişdir.

Görüşü açan BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə bu cür tədbirlərin tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun yaranma tarixi, gördüyü işlər, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və jurnalistikanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, görüşün əsas məqsədi jurnalistika fakültəsində təhsil alan əlaçı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək üçün şərait yaratmaq və gələcəkdə işlə təmin etməkdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da belə görüşlərin bu gün tələbə kimi auditoriyalarda elmi biliklərə yiyələnən gələcək jurnalistlərin problemlərinin həllinə, ilk növbədə onların işlə təminatına şərait yaradacağına inamını ifadə etmişdir.

Tədbirdə iştirak edən baş redaktorlar da öz çıxışlarında tələbələrlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişlər.

Görüşün sonunda BDU-nun jurnalistika fakültəsinin dekanlığı tərəfindən tələbələrin siyahısının tərtib olunması və fonda təqdim edilməsi qərara alınmışdır.

 

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 3.