Qusarın siması daha da müasirləşir

 

Azərbaycanın dinamik iqtisadi inkişafını özündə təcəssüm etdirən və bu tərəqqiyə özünəməxsus töhfələr verən rayonlardan biri də Qusardır. Rayon üzrə ötən ilin sosial-iqtisadi yekunları ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusarın da intibah dövrünü yaşadığını bariz formada nümayiş etdirir. Statistik rəqəmləri nəzərdən keçirəndə real mənzərənin nə dərəcədə ürəkaçan olduğu aydın görünür. Belə ki, 2009-cu illə müqayisədə ötən il rayonda ümumdaxili məhsulun həcmi 1,9 dəfə, sənaye məhsullarının ümumi həcmi 20,3 faiz, əsas kapitala yönəldilən investisiyalar 3 dəfə, nəqliyyat sahəsində əldə edilən gəlirlər 12,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 7,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,3 faiz artmışdır.

Dövlət iqtisadi siyasəti regionlarda yeni iş yerlərinin açılmasına, infrastrukturun yeniləşdirilməsinə və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmişdir. Bu siyasətin bir istiqaməti də məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Ona görə də özəl sektorun, sahibkarlığın, əsasən də kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun sözlərinə görə, rayonda sahibkarlığın inkişafına münbit şərait yaradılmış, hesabat dövründə bu sahədə müəyyən tədbirlər həyata keçirilmişdir: "Ötən il rayonda istehsal olunan sənaye məhsulunun 92,7 faizi, kənd təsərrüfatında istehsal olunan məhsulun 97,1 faizi, nəqliyyat sektorunda göstərilən xidmətlərin 100 faizi, pərakəndə əmtəə dövriyyəsinin 99,8 faizi özəl sektorun payına düşmüşdür".

Ölkəmizdə əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynayır. Kənd təsərrüfatı aparıcı sahə kimi Qusarın iqtisadiyyatının əsasını təşkil etdiyinə görə ötən il rayon icra hakimiyyəti tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara xüsusi diqqət göstərilmişdir. Hesabat dövründə sahibkarlar tərəfindən rayonda 186,3 hektar sahədə yeni bağlar salınmışdır ki, onun da əksəriyyətini alma, armud, gilas və fındıq bağları təşkil edir. Rayonda 39 hektar sahədə yeni üzümlüklər salınmış, Çubuqlu kəndi ərazisində inşa olunan 4 min tonluq meyvəsaxlama, soyuducu anbar binasının 2 min tonluq hissəsi istismara hazır vəziyyətə gətirilmiş, digər hissəsinin də istifadəyə verilməsi üçün tikinti-quraşdırma işləri davam etdirilmişdir. Daha bir 800 tonluq anbar binası rayonun Samur qəsəbəsində tikilmişdir. 2010-cu il ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına 24 nəfər sahibkar tərəfindən 352 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

Ölkənin dinamik sosial-iqtisadi tərəqqisi zəruri infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişaf etdirilməsini labüd etmişdir. Nəqliyyat infrastrukturunun yenidən qurulmasında başlıca vəzifə əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə yanaşı, beynəlxalq standartlara cavab verən yolların salınmasıdır. Şair Alxasov bildirir ki, ötən il 23 kilometrlik Samur-Həzrə yolu istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2010-cu il tarixli sərəncamına əsasən bu yolun davamı olan 22 kilometrlik Həzrə-Zuxul yolunun yenidən qurulmasına başlanmışdır:

"7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik yolun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 1,5 milyon manat vəsait ayrılmışdır. Bu da cənab Prezidentin Qusarın problemləri ilə yaxından məşğul olmasının, qusarlılara diqqət və qayğısının təzahürüdür". Ötən ildə beton əsaslı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən 16 kilometrlik hissəsinin tikintisinə başlanılmışdır. Hazırda həmin yolda su keçirici borular quraşdırılır.

Müasir dövrdə ölkədə əlverişli biznes mühitinin formalaşmasında və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında rabitə xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ötən müddət ərzində regionlarda rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə müasir tipli avtomat telefon stansiyaları tikilmiş, bəziləri yenidən qurulmuş, yeni poçt binaları istifadəyə verilmişdir. Qusarda da ötən il rabitə və poçt xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması məqsədilə Düztahir, Həzrə və Yuxarı Qələnxur kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilmiş, şəhər 1, 2, 3 saylı, eləcə də Hil, Aşağı Ləyər, Kuzunqışlaq, Quxuroba və Qullar kənd poçt şöbələri yeni kompüterlərlə təchiz edilmişdir.

Əhalinin güzəranını yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını atırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin avqust-sentyabr aylarında imzaladığı sərəncamlarla respublika üzrə minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 85 manat müəyyən edilmiş, digər əmək pensiyalarının baza hissəsi də buna uyğun olaraq artırılmışdır. Əhalinin aztəminatlı təbəqəsinə verilən sosial müavinətlərin məbləğləri, həmçinin dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq əməkhaqları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Şair Alxasov xatırlatdı ki, ölkə başçısının müvafiq sərəncamları Qusar rayonunda yaşayan 14 min nəfərə yaxın pensiya, 2 min nəfərdən çox sosial müavinət alan aztəminatlı və dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan vətəndaşların sosial müdafiəsinin güclənməsinə müsbət təsir etmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının həyata keçrilməsi nəticəsində Qusar rayonunda 2010-cu ildə 1909 yeni iş yeri açılmışdır ki, onun 413-ü daimidir. Ümumilikdə 2003-2010-cu illər ərzində rayonda açılan 16740 iş yerindən 5366-sı daimidir.

Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş, onlarca xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin istifadəsinə verilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir.

Qusarda kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi sahəsində də bir sıra işlər görülmüşdür. 2010-cu ilin inkişaf planına əsasən rayonun Şirvanovka, Üzdənoba, Salehoba, Zuxuloba, Mucuqoba və Aşağı İmamqulukənd kəndlərinin qazlaşdırılmasına başlanmış, 4 kənddə isə qaz xətlərinin çəkilişi başa çatdırılmışdır. Hazırda digər kəndlərdə qaz xətlərinin çəkilişi ilə bağlı işlər davam etdirilir.

Ötən il rayonda böyük tikinti, abadlıq-quruculuq işləri davam etdirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adına 10 hektar ərazidə Xatirə Kompleksinin, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin, Düztahir, Əcəxur və Yuxarı Ləyər kəndlərində mərasim evlərinin tikintisi davam etdirilmiş, Samur Gömrük-Buraxılış- Məntəqəsi, Samur qəsəbəsində Samur Gömrük-Buraxılış və Sərhəd Keçid məntəqələrinin qarşısında, eləcə də Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolunun hər iki tərəfində yerləşən obyektlərin fasadlarının əsaslı təmiri, abadlıq və yenidənqurma işləri görülmüşdür.

Hesabat dövründə rayon icra hakimiyyətində vətəndaşların qaldırdığı problemlərə həssaslıqla yanaşılmışdır. Rayonda aparılan işlərə insanların münasibətlərini, onların rəy və təkliflərini öyrənmək ənənəvi hal almışdır. İcra hakimiyyətinin başçısı ilə yaşayış binalarının həyətlərində, rayonun kəndlərində "açıq mikrofon" adı ilə geniş əhali kütlələri ilə görüşlər keçirilmişdir. Bu görüşlərdə iştirak edən yüzlərlə vətəndaşa rayonda aparılan işlərlə tanış olmaq və öz problemlərini bir başa rayon rəhbərliyinin qarşısında qaldırmaq üçün imkanlar yaradılmışdır. Ümumilikdə 2010-cu il Qusar rayonu üçün uğurlu olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikaya rəhbərlik etdiyi 7 il ərzində Qusara 5 dəfə səfər etmişdir. Dövlətimizin başçısı bu il avqust ayının 12-də Qusara səfəri çərçivəsində Samur-Həzrə avtomobil yolunun və Samur Gömrük-Buraxılış Məntəqəsinin açılışını etmiş, "Qusar-1" kiçik su elektrik stansiyasının təməlini qoymuş, "Şahdağ" Qış-Yay Turizm Kompleksində tikintinin gedişi ilə tanış olaraq tövsiyə və tapşırıqlarını vermişdir. Ötən il Qusar rayonunun tarixində tikinti, quruculuq və abadlıq işləri ilə yadda qalsa da, həlli vacib problemlər də çoxdur. Odur ki, rayon icra hakimiyyətində cari il üçün 10 maddə və 75 bənddən ibarət rayonun "İnkişaf Planı" hazırlanmışdır. Yolların, körpülərin, məktəblərin, səhiyyə obyektlərinin tikintisi və təmiri, elektrik enerjisi, içməli su və qaz xətlərinin çəkilməsi əsas məsələ kimi qarşıya qoyulmuşdur. Azərbaycanın günü-gündən iqtisadi cəhətdən daha da qüdrətli dövlətə çevrilməsi fonunda ölkəmizin şimal rayonlarından olan Qusar bundan sonra da sürətli inkişaf yolunda inamla və böyük uğurlar qazanmaqla irəliləməkdə davam edəcəkdir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 5.