Xocalı
soyqırımının 19-cu ildönümü ilə
bağlı anma mərasimi keçirilmişdir
BƏƏ
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.
Mərasimdə bir sıra xalqların diasporlarının nümayəndələrinə 19 il əvvəl Xocalıda törədilmiş vəhşiliklərin erməni qəsbkarlarının son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanmışdır.
Cəmiyyətin sədri Samir İmanov bir gecənin içində Xocalı şəhərinin yerlə-yeksan edilərək yer üzündən silindiyini bildirmişdir. S.İmanov XX əsrin ən böyük faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulamış, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə soyqırımı həqiqətlərinin araşdırıldığını, onlara siyasi-hüquqi qiymət verildiyini qeyd etmişdir. O, 19 il ərzində bu dəhşətli hadisənin dünyada tanıdılması məqsədilə Azərbaycan dövləti və xalqının çox işlər gördüyünü bildirmişdir.
Cəmiyyətin sədri beynəlxalq təşkilatların indiyədək insanlığa yönəlmiş belə bir bəşəri cinayətə siyasi-hüquqi qiymət verməməsinin təəssüf doğurduğunu demişdir.
Sonra qonaqlara erməni vandallarının Qarabağda törətdikləri qırğınlardan bəhs edən sənədli film təqdim olunmuşdur.
İsveç
Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə İsveçrədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi fevralın 21-də İsveçrə Parlamentinin "Siyasi Forum" Mərkəzində tədbir keçirmişdir.
İsveçrənin müxtəlif qurumlarının nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri, İsveçrədə təhsil alan tələbələr, jurnalistlər və ölkə ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbir Xocalı soyqırımına həsr olunmuş fotosərgi ilə başlanmışdır. Tədbirin iştirakçılarına "Xocalı: məhv edilmiş şəhər" diski, "Xocalı soyqırımı (sənədlərdə, faktlarda və xarici mətbuatda)" kitabı və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş "Qarabağ barədə həqiqətlər" silsiləsindən olan kitabçalar (ingilis, fransız və alman dillərində) təqdim olunmuşdur.
Daha sonra, "Xocalı: məhv edilmiş şəhər" sənədli filmi alman dilində nümayiş etdirilmişdir. Həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış edərək tədbir iştirakçılarına Xocalı soyqırımının dəhşətləri barədə məlumat vermişdir.
Bundan sonra tədbir iştirakçılarına "Justice for Khojaly" adlı videoklip nümayiş etdirilmiş və üzərində "Justice for Khojaly" yazılı köynəklər hədiyyə edilmişdir. Tədbir böyük maraqla qarşılanmış və interaktiv dialoq formatında keçmişdir.
Tədbirdə Azərbaycan Respublikasının İsveçrədəki səfiri Murad Nəcəfbəyli çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində yaranmış vəziyyət, o cümlədən Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün mövcud təhlükələr barədə məlumat vermişdir.
Ukrayna
İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçirilən silsilə tədbirlərə Kiyevdə Qolodomor abidə kompleksinin önünə üzərində "Xocalı-Qolodomor" soyqırımı yazılmış gül çələngi qoymaqla start verilmişdir.
Əllərində "Xocalıya ədalət", "Erməni terroruna son qoyulsun!" şüarları ilə Kiyev şəhərinin mərkəzi meydanından Qolodomor abidə kompleksinin önünədək yürüş edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Milli Gənclər Hərəkatının fəalları açıq səmaya Xocalı qurbanlarının sayı qədər - 613 qara şar buraxmaqla dünya birliyini və beynəlxalq təşkilatları 19 il əvvəl ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı aksiyasına hüquqi və siyasi qiymət verməyə səsləmişlər. Anma mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin sədr müavini Cavid Hüseynzadə çıxış edərək İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına Ukraynada yaşayan azərbaycanlı gənclərlə yanaşı, ukraynalı gənclərin də qatılmasını dünyada haqqın və ədalətin öz yerini tutması istiqamətində irəliyə atılmış addım kimi dəyərləndirmişlər. 1932-1933-cü illərdə Ukrayna xalqının da soyqırımı siyasətinə məruz qaldığını bildirən Ukrayna Milli Gənclər Hərəkatı Kiyev şəhər təşkilatının sədri Aleksey Zaxarçenko 19 il bundan öncə ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırımı siyasətinə beynəlxalq təşkilatların və dünya birliyinin hüquqi və siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirmişdir. Vaxt gələcək dünya birliyi belə bir bəşəri cinayətə göz yumduğuna görə utanacaq. Biz Ukraynada yaşayan gənclər Azərbaycan xalqının başına gətirilən faciələrə ədalətli münasibət bildirməklə tarix qarşısında borcumuzdan çıxırıq, ukraynalı gənclər "Xocalıya ədalət" kampaniyasına qoşulmağı özlərinə sadəcə insanlıq borcu hesab edirlər.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində Ukraynada keçirilən silsilə tədbirlər BMT-nin və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz yürüşü və həmçinin qurumlara ukraynalı və azərbaycanlı gənclərin hazırladıqları qətnamənin təqdim olunması ilə başa çatacaqdır.
Şimali Kaliforniya
Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, ABŞ-dakı Şimali Azərbaycan Mədəniyyət Cəmiyyəti və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü ilə Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Şimali Kaliforniyada yaşayan Azərbaycan diasporunun üzvləri mərasim iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamı barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən keçmiş SSRİ-yə məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı amansızcasına soyqırımı aktı həyata keçirmişlər. Bu faciə nəticəsində Xocalıda 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmışdır. Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 70 ailənin bütün üzvləri qətliama məruz qalmış, 8 ailə tamamilə məhv edilmişdir. Soyqırımı zamanı 487 Xocalı sakini yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150-nin taleyi indiyədək məlum deyil. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilmişdir.
Çıxış edənlər beynəlxalq təşkilatların insanlığa qarşı yönəlmiş belə bir bəşəri cinayətə indiyədək siyasi-hüquqi qiymət verməməsinin təəssüf doğurduğunu demişlər.
Mərasimdə erməni vandallarının Xocalıda törətdikləri qırğınlardan bəhs edən sənədli film göstərilmişdir.
Bundan əlavə, Xocalı qətliamından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotosərgi də təşkil olunmuşdur. Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında nəşrlər mərasim iştirakçılarına təqdim edilmişdir.
Türkiyə
Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universiteti Atatürk Qanunları və İnqilab Tarixi Araşdırma və Tətbiqi Mərkəzinin təşkilatçılığı ilə "Erməni məsələsi sənədlərin işığında və Xocalı soyqırımı" mövzusunda konfrans keçirilmişdir.
Türkiyənin Anadolu agentliyinə istinadla xəbər verilir ki, 19 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşiliklər və faciə haqqında ətraflı məlumatın verildiyi tədbirdə universitetin rektoru, professor Hüsnü Saleh Güdər Xocalı hadisələrində yüzlərlə azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Xocalı soyqırımının erməni qatilləri tərəfindən insanlığa qarşı törədilən cinayət olduğu qeyd edilmişdir.
Bu faciənin XX əsrdə baş vermiş ən dəhşətli faciələrdən və cinayətlərdən biri olduğunu vurğulayan H.S.Güdər beynəlxalq təşkilatların Xocalı soyqırımını sükutla qarşıladığını, hadisədən 19 il keçməsinə baxmayaraq, BMT və digər qurumlar tərəfindən hadisəyə lazımi siyasi-hüquqi qiymət verilmədiyini qeyd etmişdir.
Yaxın zamanlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməyəcəyi, Xocalı hadisəsinə siyasi-hüquqi qiymət verilməyəcəyi və bu soyqırımını törədənlərin layiqli cəzalarını almayacağı təqdirdə Qafqaz regionunda inkişafın və sabitliyin qeyri-mümkünlüyü diqqətə çatdırılmışdır. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi qətliamı beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırmağın münaqişənin həllinə kömək edəcək əhəmiyyətli addımlardan biri olacağı inamı ifadə edilmişdir.
Konfransda çıxış edənlər ermənilərin müxtəlif tarixi dövrlərdə Türkiyədə də soyqırımları törətdiyini qeyd etmişlər.
Belçika
Brüsseldə Azərbaycan-Belçika Koordinasiyası, Dünya Azərbaycanlıları Birliyi, Azərbaycan-Hollandiya Mədəniyyət Assosiasiyası və bir sıra qurumların təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində etiraz aksiyası keçirilmişdir.
Brüsselin
"Square de Meeus" mərkəzi meydanından başlayan
mitinq "Schuman" meydanında davam etmişdir. Əllərində
Azərbaycan və Türkiyənin dövlət
bayraqlarını tutmuş mitinq iştirakçıları
Azərbaycan, türk, ingilis və fransız dillərində
şüarlar səsləndirmişlər. Onlar beynəlxalq təşkilatları
insanlığa yönəlmiş bəşəri cinayətə
- Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə
çağırmışlar.
Aksiya
iştirakçılarına XX əsrin ən dəhşətli
faciəsi olan Xocalı faciəsini əks etdirən fotolar,
kitab və bukletlər paylanılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-24 fevral.- S. 6.