Həqiqət dünyadan gizlədildi, cinayətkarlar istintaqdan

 

Sumqayıt hadisələrindən 23 il keçir

 

Sumqayıtda qanlı terror fevralın 27-də baş tutsa da, bu ssenari çoxdan hazırlanmışdı. Əslində bütün bunlar nə Sumqayıtla, nə də sumqayıtlılarla bağlı idi. Bu şəhər yalnız əlverişli məkan, sərfəli mövqe kimi seçilmişdi. Araşdırmaçılar belə qənaətə gəliblər ki, hadisələrin törədilməsində üç tərəf olub: birincisi, bəlkə də ən fəal tərəf SSRİ-ni dağıtmaq siyasətinə rəhbərlik edən qüvvələr olub. İkincisi, məqamdan, qarışıqlıqdan istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək istəyən separatçılar fürsətdən gen-bol faydalanmaq istəyiblər. Üçüncü qüvvə isə təxribat qrupu tərəfindən öyrədilən, cinayətə təhrik olunan nəzarətsiz gənclər idi.

Hadisələrin xronikası, ardıcıllığı sübut edir ki, erməni millətçi və separatçı qüvvələri bu qanlı terrorun məxfi planını, parol və işarələrini çoxdan hazırlayıblar. Bir-birinin ardınca təşkil olunan aksiyalar, siyasi gedişlər də, bunu sübut edir. Eyni vaxtda Stepanakertdə və Yerevanda Qarabağ uğrunda mitinqlər təşkil olunur, yığıncaqlar keçirilirdi. Ermənistanda yaşayan azərbaycanlılar mütəşəkkilliklə ata-baba yurdlarından zorla qovulurdular. İlk qaçqınlar Bakıya, Sumqayıta gəlirdi. Əlbəttə, bu gəlişin ardınca cavab aksiyaları təşkil olunurdu. Nümayişçilər, yürüşçülər arasında Azərbaycan dilində sərbəst danışan saqqallı erməni emissarları görünürdü. Rəsmi Bakı çaşqın günlərini yaşayırdı. Vəziyyətdən istifadə edən erməni separatçıları məqsədlərinə çatmaq üçün hər cür hiyləyə əl atır, dəridən-qabıqdan çıxırdılar. Elə bir məqam yaranmışdı ki, Moskva hadisələri sükutla izləyir, əslində isə daha riyakar və dəhşətli planların konturları cızılırdı. 1988-ci il fevralın 27-29-da Sumqayıtda törədilən qanlı cinayət də bu planın tərkib hissəsi idi. Statistik məlumatlara görə, hələ 1988-ci ilin əvvəllərində Sumqayıtda müxtəlif millətlərdən olan 258 min 200 nəfər yaşayırdı. Onların 14.208 nəfəri miliyyətcə erməni idi. Doğrudur, həmin illərdə Gəncədə, Şəkidə, Bakıda da ermənilərin sayı az deyildi. Amma iğtişaş üçün məhz Sumqayıtın seçilməsinin səbəbləri vardı. Sumqayıt Dövlət Universitetinin rus dili kafedrasının müdiri, filologiya elmləri doktoru Ramazan Məmmədov hadisələrin Sumqayıtda törədilməsini belə əsaslandırır:

- Sumqayıtın yerləşdiyi ərazi paytaxta - Bakıya daha yaxındır. Bakıdan dərhal dünya ictimaiyyətinə hadisə barədə məlumat yaymaq, antiazərbaycan şəbəkə ilə çevik əlaqə yaratmaq imkanları geniş idi. 80-dən çox millətin yaşadığı Sumqayıt təkcə kimyaçılar, metallurqlar şəhəri kimi yox, həm də xalqların dostluq şəhəri kimi tanınırdı. Maraqlı olan qüvvələr bu hadisələri törətməklə dünya ictimaiyyətinə bəyan etmək istəyirdilər ki, azərbaycanlılar millətçi, vəhşi və barbar bir xalqdır. Bu səbəbdən də onlarla birgə yaşamaq mümkün deyil. Sumqayıtda törədilən qanlı aksiyaların şəhərin Dostluq, Sülh küçələrində baş tutması da məqsədli idi.

Sumqayıtda hadisələrin başladığı gündən dərhal antiazərbaycan informasiya şəbəkəsi işə düşdü. Müxtəlif ölkələrdə videolentlər nümayiş etdirildi, mətbuatda şər və böhtan dolu yazılar dərc olundu. Qəribədir ki, cəmi 3-4 gün sonra Xankəndidə əvvəlcədən hazırlanmış "Sumqayıt hadisələri zamanı həlak olmuş ermənilərə xatirə abidəsi ucaldıldı, "Sumqayıt... soyqırımı... aşkarlıq" adlanan kitabça 50 min tirajla Yerevanda rus dilində çap olunub dünya ictimaiyyətinə çatdırıldı. Əlbəttə, belə silsilə tədbirlər bir daha sübut etdi ki, ermənilər bu qanlı aksiyanın törədilməsini və geniş yayılmasını planlı şəkildə təşkil etmişlər. "Böyük Ermənistan" xülyasına xidmət edən antitürk, antiazərbaycan təbliğat separatçıların başlıca məqsədinə, məramına çevrilmişdi. Sumqayıt hadisələri barədə sovet və xarici ölkə mətbuatında birtərəfli, qərəzli yazılar dərc olunurdu. Moskva isə susurdu. Hələ 1988-ci il fevralın 26-da ittifaq rəhbəri M.Qorbaçov ermənilərin ona müraciətinə çox təmkinlə cavab vermişdi: "Mən hər şeyi başa düşdüm, ancaq bir az gözləyin". Cəmi iki gün sonra Sumqayıt hadisələri baş verdi. Sumqayıtlı jurnalist Eyruz Məmmədov o günləri xatırlayanda bunları dedi: "SSRİ-nin sabiq müdafiə naziri D.Yazovla müsahibəmdə onun bir etirafı var: "Biz qoşunları Sumqayıta yeritmək üçün Ali Baş Komandandan əmr gözləyirdik. Ali Baş Komandan isə M.Qorbaçov idi..." Sumqayıtda qan töküləndən sonra şəhərdə dərhal komendant saatı elan olundu. Beləliklə, bütün səlahiyyət hərbçilərin əlinə keçdi. Ona görə ki, Moskva belə istəyirdi...

Həmin illərdə Sumqayıt şəhər bir nömrəli doğum evinin həkimi işləyən Şəhla Abışova hadisələrlə bağlı bəzi məqamları xatırladı:

- Hələ 1988-ci il fevral ayının 26-da doğum evində xadimə işləyən Amaliya Arutunyan Minvoddan zəng vurub məzuniyyət tələb edirdi. Terror aktı isə bir gün gecikmişdi. Deməli, ermənilərin bəziləri bu hadisələrin baş verəcəyini qabaqcadan bilirmişlər.

Onlar hamısı eyni mərkəzdən idarə olunur, təlimat alırdılar. Hadisələr başlandığı andan ermənilərin yalan və uydurmaları dünyanı dolaşır, siyasi avantüraya əl atırdılar. Hətta Sumqayıtdakı qanlı terrordan bir gün sonra Yerevanda, Fransada, Almaniyada montaj edilmiş filmlərdə doğum evində körpələrin başının kəsilməsi, azərbaycanlıların bu başlarla futbol oynaması göstərilmişdi. Elə həmin gün rus hərbçiləri və erməni nümayəndələri doğum evində oldular. Bu şayiələrin iftira və böhtan olduğunu təsdiq etdilər. Belə uydurma və qondarma yalanlar bir-birinə calanır, hadisələrin daha da qızışdırılmasına, şiddətlənməsinə təkan verirdi.

Həmin vaxtlar Moskvada çap olunan "Medisinskaya qazeta"nın xüsusi müxbiri Melkonyan Sumqayıta gəlir. Faktlarla maraqlanmaq üçün doğum evində də olur. Erməni qadınlarını palatada görəndə təəccübünü gizlədə bilmir. Təkcə hadisə vaxtı və hadisədən on gün sonra doğum evində

20-dən çox erməni uşağı dünyaya göz açmışdı. Bütün bunların şahidi olan Melkonyan sonra özü də etiraf etmişdi ki, Rusiya mətbuatında gedən informasiyalar təxribat xarakteri daşıyır. O, təmsil etdiyi qəzetdə təkzib verəcəyini vəd etsə də, yenə sözünə əməl etmədi. Təbii ki, erməni xisləti bunun qarşısını aldı. Onları əsl həqiqət yox, böhtan və şər daha çox maraqlandırırdı.

Ermənilər nə qədər yırtıcı və amansız olsalar da, sumqayıtlılar vətəndaşlıq borcunu sona qədər qoruyurdular. O vaxtlar Sumqayıtın komendantı təyin olunan general-leytenant Krayev Moskvada çap olunan "Pravda" qəzetinə müsahibəsində demişdi: "Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsəydi. Avtobus sürücüsü elə həmin an on erməni ailəsini öz doğma rayonuna - Şəkiyə aparmışdı. Azərbaycanlı ailəsi binalara hücum edən cinayətkarların qarşısını kəsmiş, erməniləri xilas etmişlər..."

Hadisələr zamanı Sumqayıtda qətlə yetirilən ermənilərin ölüm hökmü "KRUNK" təşkilatı tərəfindən neçə illər qabaqcadan verilmişdi. Hansı binaya, hansı mənzilə soxulmaq, hətta hansı metodla öldürmək əvvəlcədən planlaşdırılmışdı. Araşdırmalar zamanı bəlli oldu ki, öldürülən ermənilərin hamısı "KRUNK" təşkilatına pul köçürməyənlərdir.

Tədqiqatlar sübut edir ki, Sumqayıt hadisələrinin törəndiyi ərəfədə Azərbaycanda daxili sabitliyin pozulması üçün canfəşanlıq edən siyasətçilər də olub. Özü də onların mövqeyi təkcə kütləvi informasiya vasitələrində yayılmırdı, həm də tutduqları vəzifədən faydalanmaqla niyyətlərini açıq-aşkar bəyan edirdilər. Hələ o vaxtlar SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan V.Kryuçkov "Şəxsi iş" adlı kitabında yazırdı: "Qafqazda vəziyyətin qeyri-sabit olmasında A.Yakovlevin xüsusi rolu olmuşdur. Onun Qafqazda Ermənistana xüsusi rəğbəti vardı. Mahiyyət etibarilə erməniləri Azərbaycana qarşı çıxış etməyə təhrik edirdi. Qarabağ problemi ətrafında hadisələri gərginləşdirirdi. Bir sözlə, Azərbaycan haqqında həmişə açıq-saçıq qərəzli rəylər verirdi". Daha sonrakı araşdırmalardan bəlli olur ki, A.Yakovlev Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərindən biri olub. Bütün bunlar barədə M.Qorbaçova dəqiq informasiyalar verilsə də, heç bir nəticəsi olmayıb. Ölkədə belə nəzarətsizliyin nəticəsi idi ki, vəziyyət son dərəcə gərginləşmişdi. A.Yakovlevin Azərbaycan əleyhinə ciddi iş aparması onun sonrakı siyasi davranışlarında davam edirdi. Hadisələrin qızğın çağında Ermənistana ezam edilən Yakovlev yenə də ənənəsindən, vərdişlərindən əl çəkmir, Yerevanda çıxış edərkən Qarabağ probleminə qətiyyən toxunmur, əksinə, erməniləri millətçilik əhvalına daha çox həvəsləndirirdi. Sov.İKP MK-nın katibi, Siyasi Büronun üzvü olan A.Yakovlev təkcə milli münasibətlərin qızışdırılmasında yox, həm də SSRİ-nin dağıdılmasında, Kommunist Partiyasının ləğvində böyük rola malik siyasətçilərdən sayılır. Əlbəttə, həmin illərdə belə siyasətçilərin sayı çox idi. Onlar Pribaltikada, Orta Asiyada, ən nəhayət, Qarabağda eyni ssenarini müxtəlif üsullarla icra edirdilər.

1988-ci il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinə tərəfdar çıxmadı. Çünki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi, həmin əməliyyatın yüksək dairələrdən idarə olunması faktı ortaya çıxa bilərdi. SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin əsl müəllifləri ittiham olunardı, Sumqayıtda törədilmiş iğtişaşların Dağlıq Qarabağ problemi ilə bağlılığı üzə çıxardı. Bir də ermənilərin dünyaya bəlli olan iç üzləri açılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən dəhşətə gələn fransız jurnalisti Jan-İv yazırdı: "Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm. Amma ermənilər onları ötüb-keçiblər. Onlar

5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər". Əslində dünya ictimaiyyəti erməniləri belə tanıyır: zalım, qəddar, qaniçən, bir sözlə, ümumbəşəri bəla kimi...

Sumqayıt hadisələrindən 23 il keçir. Doğrudur, hadisələrin mahiyyətini açmaq, baş verənlərə hüquqi qiymət vermək üçün SSRİ Baş prokurorluğu istintaq qrupu yaratdı. İlk baxışda gözləmək olardı ki, əsl həqiqət üzə çıxacaq. Amma belə olmadı, şəhərdə kütləvi həbslər başladı. Günahsız adamlar istintaqa cəlb olundu. Əsl cinayətkarlar isə hələ də məsuliyyətə cəlb olunmayıblar...

 

 

Akif CABBARLI,

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 6.