Köhnəlməyən şeirlər

 

Abdulla Şaiq – 130

 

Şair, nasir, dramaturq, pedaqoq Abdulla Şaiq Azərbaycan ədəbiyyatının çox görkəmli və unudulmaz simalarından biridir. Zəngin mənəviyyata malik olan bu şəxsiyyətin həyat və yaradıcılığına hansı yöndən işıq salınsa maraqlı faktlar qarşısında heyrətlənməyə bilmirsən. Hansı sənətin, işin, xidmətin qulpundan yapışıbsa, zirvə fəth edib. Bəzən də Abdulla Şaiqi necə təqdim etməkdə çətinlik çəkirsən. Çünki bu böyük ürəkli şəxsiyyət Azərbaycan mənəviyyatına, elminə, maarifinə, ədəbiyyatına, siyasətinə elə ürəklə xidmət edib, can yandırıb ki, belə insanlarla ancaq fəxr etməyə dəyər.

O,1881-ci il fevralın 24-də Tiflis şəhərində müəllim ailəsində anadan olub. Məktəbə ilk dəfə doğma şəhərdə getsə də, sonralar ailənin Xorasan şəhərinə köçməsi ilə bağlı təhsili yarımçıq qalıb. Buna baxmayaraq, xüsusi məktəbdə ərəb və fars dillərini mükəmməl öyrənən Abdulla Şaiq hələ 16 yaşında ikən klassiklərin təsiri altında qəzəllər yazıb. Xüsusilə də Füzuli şeirinin vurğunu olan gənc Abdulla ilk qələm təcrübəsində məhz Azərbaycanın bu böyük şairinə bənzəmək istəyirdi. Tale elə gətirib ki, ailə Tiflisə qayıtmalı olub. Beləliklə, Abdulla Şaiq yarımçıq qalmış təhsilini yenidən davam etdirib.

O, 1901-ci ildə Bakıda I Aleksandr Gimnaziyasına imtahan verərək Bakı şəhər məktəblərində müəllimlik edib. O dövr həm də qarışıq idi. Ölkə inqilab içində çırpınırdı. İnsanlar baş verən hadisələrin təsiri altında gələcəyə böyük ümidlər bəsləyərək azadlıq arzuları ilə yaşayırdılar. Millətin maariflənməsində məşələ dönən Abdulla Şaiq pedaqoji fəaliyyəti ilə yanaşı, Bakıda çıxan bir sıra qəzet və jurnallarda ədəbi yazılar dərc etdirirdi. Onun ilk mətbu şeiri 1906-cı ildə "Dəbisran" jurnalında dərc sdilən "Lay-lay" şeiri idi.

Abdulla Şaiqlə Nəriman Nərimanovun yaxın dostluğu var idi. Doktor Nəriman Abdulla Şaiqi həm gözəl qələm sahibi, həm vətənpərvər, millət sevdalı pedaqoq kimi çox sevirdi. Elə bu səbəbdən onun dəstəyi ilə ilk dəfə (1914) Realnı məktəbin nəzdində milli siniflər əsasında "Şaiq adına nümunə məktəbi" yaradıldı. Abdulla Şaiqin tərtib etdiyi "Uşaq çeşməyi" (1907), "İkinci il" (1908), "Uşaq gözlüyü" (1910), "Gülzar" (1912) başqa dərs kitabları, "Tülkü həccə gedir", "Tıq-tıq xanım", "Yaxşı arxa", "Murad", "Şələ quyruq", "Kimdir haqlı?", "Çoban Məmiş" başqa pyesləri çap olunmuşdur. Bütün bu ədəbiyyat da həmin məktəbdə uşaqlara öyrədilirdi. Maraqlıdır ki, sovet hakimiyyəti qurulduqdan sonra da bu məktəb fəaliyyətini davam etdirə bilib. O dövrdə Abdulla Şaiq bir neçə həmkarı ilə birlikdə "Ədəbiyyatdan kitabı" adlı ilk ədəbiyyat tarixi nəşr etdirib.

Abdulla Şaiq uzun illər müxtəlif orta ixtisas məktəblərində, fəhlə fakültələrində, Şuşa Pedaqoji Texnikumunda, Sənaye Pedaqoji institutlarda Azərbaycan dilindən dərs deyib. İstər orta, istərsə ali məktəb üçün Azərbaycan dili, ədəbiyyat tarixi poetikası üzrə dərs proqramları tərtib edən Abdulla Şaiq bir müddət nəşriyyatda, eləcə teatrda çalışıb. Deputat kimi fəaliyyət göstərib. Onun mənzum pyesləri teatrlarda tamaşaya qoyulub. Ömrünün sonuna kimi bir-birindən maraqlı əsərlər yazan Abdulla Şaiq tərcümə ilə məşğul olub. Onun bu sahədəki xidmətləri bənzərsizdir. Bəlkə yeganə ədibdir ki, sağlığında 64, vəfatından sonra isə 30-a yaxın kitabı çap edilib.

Ən çox oxunan, yaddaqalan, sevilən ədib şair Abdulla Şaiqin qəribə təsirli bir vəsiyyəti var:

 

Yad et məni - qayibanə yad et,

Yad et məni - Şaiqanə yad et!..

 

Böyük Şaiqin - unudulmaz ustadın haqq dünyasına qovuşmasından 52 il keçir. Dilimiz söz, əlimiz qələm tutandan yaddaşımıza elə həkk olunub ki, onu unutduğumuz gün yoxdur. İllərdir ki, şeirləri nəsillərimizə dil göz açmağı, həyatı, təbiəti, mühiti, insanları görməyi, tanımağı öyrədir. Abdulla Şaiq təkcə uşaq ədəbiyyatının təməlini qoymayıb. Dərin məzmunlu şeirləri ilə elmi institutların görə biləcəyi bir pedaqoji fəaliyyəti ustalıqla bu gün yerinə yetirməkdə davam edir. Nəfəsi duyğularımızdan çəkilməyib. Süleymana qalmayan bu gidi dünyadan kimlər keçməyib? xoş ki Abdulla Şaiq şeirləri dünya durduqca onu ölümsüzlüyə qovuşdurub.

Biz bu müəllifin şeirlərindən həqiqəti, gözəlliyi, sədaqəti, səmimiyyəti öyrənmişik. Təzəcə dil açan körpədən tutmuş ahıla kimi - hamının dilinin əzbəridir Abdulla Şaiq! Min bir zövqlə, şövqlə, həvəslə

 

Ala-bula boz keçi,

Ay qoşa buynuz, keçi.

Yalqız gəzib dolanma

Dağa, daşa dırmanma.

Bir qurd çıxsa qarşına,

Sən edərsən ona?

Çoban açınca gözün

Qalar iki buynuzun

 

şeirini deməkdən yorulmuruq, bezmirik. Az qala dünən oxuduğumuz şairin adını bu gün unuduruq. Amma bir vaxt Abdulla Şaiqin "Əlifba" kitabında oxuduğumuz, öyrəndiyimiz şeirləri həmişə bizimlədir.

Heç bir şairə, heç bir yazara qismət olmayan xoşbəxtlikdir ki, Abdulla Şaiqin şeirlərini hamı əzbər bilir. Savadlı, savadsız, alim, fəhlə -fərqi yox, bütün insan adlı varlıq üçün bu şair əbədi ustaddır. Şaiqin şeirlərində təravət, təbiilik bahar havası kimi adamın qəlbinə dolur, könlümüzün əbədi varidatına çevrilir. Onu oxuduqca doymursan. Abdulla Şaiq şeirləri özü bütöv bir məktəbdir yaxşı ki bu məktəb olub. Xüsusilə uşaqlar üçün yazılmış şeirlərdəki yığcamlıq, təbiilik, sadəlik, ahəngdarlıq, misralar arasındakı musiqi, ritm bu əsərlərə elə bir möhür vurub ki, heç vaxt unudulmur.

XX əsr Azərbaycan ədəbiyyatı tarixində möhtəşəm yer tutan Abdulla Şaiq görkəmli dramaturq tərcüməçi kimi məşhurdur. Bunlarsız da belə təkcə "Keçi", "Uşaq dovşan", "Xoruz", "Kəpənək", "Dovşan", "Səhər", "Bahar", 'Təmizlik" şeirləri Abdulla Şaiqin ədəbiyyatda əbədi qalmasına bəs edərdi. Çünki onun bu şeirləri təkcə dil əzbəri deyil, həm həyat tərzimiz, vərdişimizdir.

 

Səhər durunca,

Əlimdə fırça.

Bildim işimi,

Sildim dişimi.

İnanmırsan bax,

Dişim ağappaq.

Üstüm tərtəmiz,

Bax, beləyik biz.

 

Abdulla Şaiq şeirlərinin bir məziyyəti onların insanlarda nəcib, saf duyğular oyatmasıdır. Hər şeiri bir lövhədir. Sanki şeirdə təsvir olunanları görürsən səsini eşidirsən. Elə buna görə müəllifin şeirləri uzunömürlüdür.

Unudulmaz sənətkarımızın uşaqlar üçün qələmə aldığı mənzum nağıl poemaları da bu baxımdan təsirli yaddaqalandır. Abdulla Şaiq elə xoşbəxt sənətkardır ki, onu bircə dəfə oxumaq kifayət edir. "Tülkü həccə gedir", "Yaxşı arxa" mənzum hekayələrindəki sadəlik, xalq ifadələrinin bolluğu bu əsərlərin həm tez qavranmasına kömək edir, həm yadda qalır. Bütövlükdə Abdulla Şaiqin şeirlərini əzbərləmək üçün əziyyət çəkməli olmursan. Çox qəribədir ki, müəllif misralarını elə söz kəlmələrlə bir-birinə bağlayıb ki, bu şeirlərin ahəngindəki şirinlik, cazibə bir himə bənd kimi adamın yaddaşından dilinə süzülür. Bircə kəlməni bildinsə, bəs edər. O öz sırasını çəkib gətirəcək.

Təbii ki, bizim hər birimiz orta məktəbdə Şaiqlə bərabər çox şairin şeirlərini əzbərləmişik. Amma etiraf edək, uzun illərdən sonra deyək ki, 6-7 yaşlarında əzbər bildiyimiz şairlərdən Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Abbas Səhhət qədər yadımızda qalan varmı?

İndi sözün atdan düşdüyü bir vaxtda Məmməd Arazın təbirincə söyləsək "şeir yazmaq siqaret çəkməkdən asan olub". Bu "asan" şeirlərin ömrü Molla Nəsrəddinin sözü olmasın, bir küləyə bənddir ki, qovud kimi dağılıb getsin. Bax, belə əzici fikirlərin məngənəsində yorulduğumuz vaxt başqa bir təbəssümün şükranlığı bizi sevindirməyə bilmir. Əsl sənətin ömrü əbədidir. Gör, Abdulla Şaiqin şeirləri yaddaşdan qopurmu? Gör, fidanlarımız başqa sözə, misraya, yad ahəngə meyil edirlərmi? Hər körpə nəfəsində bir yaşantıdır, əbədiyyətdir Abdulla Şaiqin şeirləri! Var ol, ustad! Xalqımız sənin 130 yaşını qeyd edir indi, amma şeirlərin hələ körpədir, təzədir, tərdir! Bu qocalmaq bilməyən poeziyana, bu köhnəlməyən şeirlərinə, bu qönçəli əsərlərinə görə həmişə ruhuna duaçıyıq! Özümüz oxuduq, övladlarımız öyrəndi, indi nəvələrimiz Abdulla Şaiqin şeirləri ilə dil açır...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 7.