Şahbuzun musiqili ünvanı
Çox yox, cəmi 4-5
il əvvələ qədər Şahbuz rayonunun mərkəzində
çoxmərtəbəli binalar yox dərəcəsində
idi. Bu şəhərdə üçmərtəbəli cəmi
2 bina var idi ki, onun biri rayon icra hakimiyyəti, digəri isə
respublika əhəmiyyətli müəssisə olan ahıl və
kimsəsizlər pansionatı üçün inşa
olunmuşdu.
2007-ci ilin dekabr
ayında Şahbuz qəsəbəsinə şəhər
statusu veriləndən sonra burada tikinti-quruculuq işlərinin
həcmi də xeyli artdı. Regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrası çərçivəsində
həyata keçirilən tədbirlər rayon mərkəzinə,
sözün əsl mənasında, şəhər görkəmi
gətirdi. Bir-birinin ardınca müasir tipli, gözoxşayan,
könülaçan obyektlər inşa olundu, yeni bağlar,
parklar, idman meydançaları salındı, küçələr,
prospektlər, meydanlar yenidən quruldu. Bütün bu işlər
dağlıq ərazidə, dəniz səviyyəsindən
xeyli yüksəkdə yerləşən yaşayış məskənində,
özü də qısa vaxtda görülüb.
Son 3 ilin yaddaqalan tikililərindən
biri "N" saylı hərbi hissənin zabitləri
üçün inşa olunan beşmərtəbəli
yaşayış binasıdır. Çünki həmin
binanın tikilməsinin rəmzi mənası da var.
Naxçıvana səfəri çərçivəsində
yeni bina ilə tanış olan Prezident İlham Əliyev
demişdir: "Bu gün bu gözəl binanın
açılışı rəmzi xarakter daşıyır.
Bu, Azərbaycan dövlətinin öz ordusuna olan münasibətinin
əlamətidir".
614 şagirdlik dördmərtəbəli
orta məktəb binası müasir standartlar əsasında
tikilib. Burada təhsili günün tələbləri səviyyəsində
qurmaq üçün normal şərait yaradılıb.
Müəllim və şagirdlərin ixtiyarına geniş və
yaraşıqlı sinif otaqları, fənn kabinet və
laboratoriyaları, kitabxana, elektron lövhəli sinif, informatika
mərkəzi, idman zalı verilib.
Şahbuza xüsusi
yaraşıq verən binalardan biri də şəhərin mərkəzi
xəstəxana üçün inşa olunan 4 mərtəbəli
40 çarpayılıq səhiyyə ocağıdır. Xəstəxanada
ginekologiya, təcili yardım, cərrahiyyə,
terapevt-stasionar, poliklinka şöbələri fəaliyyət
göstərir. Almaniya, Yaponiya, Koreya, Türkiyə və
Rusiya mənşəli avadanlıq xəstəxanada mürəkkəb
cərrahiyyə əməliyyatlarını aparmağa imkan
verir. Poliklinika şöbəsində isə ultrasəs
müayinəsi, stomatologiya, göz, lor və digər kabinetlər
yaradılıb.
Tibb ocağının
açılış mərasimində iştirak edən
Prezident İlham Əliyev burada görülən işlərdən
məmnun qaldığını bildirmişdir: "Bu
çox gözəl xəstəxanadır, burada ən
müasir avadanlıq quraşdırılıb, çox keyfiyyətlə
tikilib. Burada yaxşı işləmək, xəstələrə
yüksək tibbi xidmət göstərmək
üçün hər cür şərait vardır. Bu
gözəl bina həm rayon mərkəzinə - Şahbuz
şəhərinə əlavə yaraşıq verir, həm
də ki, insanların sağlamlığı
üçün böyük funksiyanı yerinə
yetirir".
Rayon uşaq musiqi məktəbi
üçün də müasir layihə əsasında bina
inşa olunub. Dördmərtəbəli bina həm də
şəhərin ən yaraşıqlı tikililərindən
sayılır. Qeyd edək ki, 1969-cu ildə yaradılan bu təhsil
ocağı indiyədək köhnə və yararsız binalarda
fəaliyyət göstərirdi. Məşğələ və
dərslərin bir qismi rayon mədəniyyət evinin, bir qismi
isə "Araz" kinoteatrının otaqlarında tədris
olunurdu.
Yeni tikilən binada 44
sinif, 9 yardımçı otaq, xor, nəfəsli alətlər
və xalq çalğı alətləri ansamblı
üçün məşq zalları var. Hazırda məktəbdə
362 şagirdin təlim-tərbiyəsi ilə 78 müəllim
məşğul olur ki, onların da arasında öz peşəsinə,
sənətinə qəlbən bağlananlar az deyil. Tar müəllimi
Natiq Quliyev 30 ildir ki, sənətini cavanlara həvəslə
öyrədir. Yetirmələri arasında ali musiqi təhsili
alan gənclər çoxdur. Oğlu Elcan və qızı
Aygün belə gənclərdəndir.
Natiq müəllim həm
də xalq yaradıcılığı sənəti ilə məşğuldur. Onun təşəbbüsü
və iştirakı ilə məktəbdə simli musiqi alətlərinin
təmir sexi yaradılıb.
Natiq müəllim burada
musiqi alətləri hazırlayır. Deyirlər ki, onun kustar
üsulla hazırladığı bu musiqi alətləri
keyfiyyətcə digərlərindən heç də geridə
qalmır.
Rayonun Kolanı kəndində
yaşayan, tulumçalan Cəbi Əhmədov da mahir
musiqiçilərdəndir. Sovet dönəmində o, Moskvada,
Bakıda və digər şəhərlərdə
keçirilən mötəbər festivallarda iştirak edib,
mükafatlar alıb. Cəbi müəllim öz sənətini
gənclərə həvəslə öyrədib.
Çalışıb ki, qədim milli musiqi alətlərimizdən
olan tuluma münasibət dəyişməsin. Rayonun musiqi məktəblərində
tulum ixtisasının açılmasında da onun
böyük əməyi var. Hazırda o, ömrünün
müdriklik çağını yaşayır. Amma yetirmələri
onun sənətini davam etdirirlər. Rayon uşaq musiqi məktəbinin
direktoru Tarverdi Hüseynov onlardan biridir. T.Hüseynovun təşəbbüsü
ilə yeni dərs ilindən rayon mərkəzindəki təhsil
ocağında da tulum ixtisası üzrə şagird qəbulu
aparılacaq.
Şahbuzda aşıq sənətinə
də maraq çoxdur. Muxtar Respublika Aşıqlar Birliyi
üzvlərinin xeyli hissəsi şahbuzludur. Fərrux Nəbiyev,
Sərraf Qasım, Zahir Hüseynov, Hidayət Nuriyev kimi
söz, musiqi ustadları muxtar respublikada yaxşı
tanınırlar. Məktəbin müəllimlərindən
İllarə Vəliyeva, Zeynəb Yusifova, Aydın Cəfərov,
Şirin Şirinzadə öz bacarıqlarını saz
ixtisası üzrə təhsil alan gənclərə həvəslə
öyrədirlər. Yaxşı haldır ki, yeniyetmələr
arasında da bu sahəyə maraq göstərənlər
çoxdur.
Xanəndə, balaban
ixtisasları üzrə siniflər isə son illərdə
açılıb. Naxçıvan MR-in əməkdar artisti
Gülyanaq Fərzəliyeva, Amil Əsgərov bu sənətlərin
sirlərini şagirdlərə həvəslə öyrədirlər.
Ümumiyyətlə, məktəbdə şagirdlər 4
şöbədə 9 ixtisas üzrə təhsil alırlar.
Onların arasında istedadlı, qabiliyyətli gənclər
çoxdur. Ötən il muxtar respublika musiqi məktəblərinin
festivalında şagirdlərdən Rauf Bayramov, Anar Məmmədov,
Amin Hüseynli mükafata layiq görülüblər.
İki il əvvəl
yaradılan nəfəsli alətlər orkestri də artıq
formalaşıb. 18 şagirdi ətrafında birləşdirən
orkestr tar müəllimi Atabəy Qurbanovun rəhbərliyi
altında rayon miqyaslı tədbirlərdə yaxından
iştirak edir. Məktəbin direktoru Tarverdi Hüseynov deyir
ki, yaradılan şərait bu uğurları daha da
artıracaq.
Məmməd Məmmədov
Azərbaycan.- 2011.-24 fevral.- S. 7.