Virtuoz dirijor
Azərbaycan istedadlar
diyarıdır. Bu istedadlar içərisində dünyada
tanınmaqda olan bir sənətkar da var - Əyyub Quliyev. Əyyub
1984-cü ildə Bakıda tarzən Ramiz Quliyevin ailəsində
dünyaya göz açmışdır. 15 yaşında ikən
Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsinə
daxil olub, əməkdar incəsənət xadimi, professor
Yalçın Adıgözəlovun sinfində təhsil
almış, professor Rauf Abdullayevin yanında təcrübə
keçmişdir. 2001-ci ildə Bakı Musiqi Akademiyası Elmi
Şurasının qərarı ilə Üzeyir Hacıbəyli
təqaüdünə layiq görülən Əyy ub Quliyev
2002-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun "İlin ən yaxşı tələbəsi"
mükafatı laureatı olmuşdur. O, Bakı Musiqi
Akademiyasında təhsilini başa vurduqdan sonra
İ.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının
aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə
biliklərini artırmışdır.
Əyyub Quliyev konsert fəaliyyətinə
professor Azər Rzayevin yaratdığı uşaq simfonik
orkestrində dirijor assistenti kimi başlamışdır. Atası
tarzən Ramiz Quliyevlə duet çalğısı musiqisevərlərin
yaxşı yadındadır. 1997-ci ilin aprel ayında əfsanəvi
violençel çalan Rostrapoviçin şərəfinə
Bakıda keçirilən yubiley təntənələrində
iştirak edən Əyyub Quliyevin ifaçılıq məharətinə
valeh olan maestro onu özünün Moskva Konservatoriyasının
böyük salonunda keçirilən yubiley qala-konsertinə dəvət
etmişdi.
Əyyub Quliyev bənzərsiz
vokalçı Müslüm Maqomayevin 55 illik yubileyi münasibətilə
Bakıda və Moskvada təşkil olunmuş konsertlərdə
də özünün heyranedici ifaları ilə
tamaşaçıları məmnun qoymuşdu.
Əyyub 1997-1998-ci illər-də
Böyük Britaniyada keçirilən Azərbaycan Mədəniyyəti
günlərinin iştirakçısı olmuş,
2002-2003-cü illərdə Norveçdə nüfuzlu Stavanger
beynəlxalq müsabiqəsində 'Trond-heim" orkestri,
Polşada Belostok Opera Teatrının və Podlyask
Filarmoniyasının simfonik orkestri ilə
çıxışlar etmişdir. Onun
çıxışları teleşirkətlər tərəfindən
bir çox dünya ölkələrinə
yayımlanmışdır.
Əyyub Quliyevin
dirijoıluq uğurlarından xəbər tutan Polşanın
Dövlət Kamera Orkestrinin direktoru və bədii rəhbəri,
Frankfurt Konservatoriyasının professoru Voyçex Rayski gənc
musiqiçini həmin orkestrlə Polşanın Qdansk şəhərində
konsertlər verməyə dəvət etmişdi. Əyyubun ən
yaddaqalan uğurları sırasında Polşanın Belostok
şəhərində Belarus Respublikasının xor
kapellası ilə çıxışı da var.
O, Avropa ölkələrində
Azərbaycanın musiqi mədəniyyətinin təbliğçisi kimi də ad
çıxarmışdır.
Azərbaycan
muğamlarını və mahnılarını dərindən
mənimsəyən Əyyub tarzənliyini dirijorluqla əvəz
etdi. Onda dirijorluğa həvəs görkəmli bəstəkar
Cahangir Cahangirovun Ramiz Quliyevin şərəfinə bəstələdiyi
tar ilə orkestr üçün konserti dinlədikdən sonra
oyanmışdır.
Respublikamızın
musiqi həyatında indiyədək Əyyub yaşında və
Əyyub istedadında dirijor olmamışdır. Onun dünya
səhnələrində böyük simfonik orkestrlərlə
uğurlu çıxışları hər dəfə hadisə
kimi qiymətləndirilir. İncəsənət aləmindəki
uğurlarına görə 1998-ci ildə ulu öndər Heydər
Əliyevin fərmanı ilə Əyyubun adı Azərbaycanın
gənc istedadlarının qızıl kitabına
salınmış və o, Prezident təqaüdünə
layiq görülmüşdür.
Bu yaxınlarda operasevərlər
görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun
"Sevil" operasını dinləmək üçün
Akademik Milli Opera və Balet Teatrına
toplaşmışdılar. Həmişəki kimi yenə də
anşlaq idi. Tamaşanın dirijorluğu Əyyub Quliyevə həvalə
olunmuşdu. Bizə elə gəlir ki, anşlaqın bir səbəbi
də elə bu idi.
Elə bu başdan qeyd
edək ki, Əyyub Quliyev uvertüra başlayan andan axıradək
öz işinin öhdəsindən məharətlə gəldi.
Onun yaradıcılıq fərdiliyi, bənzərsiz
temperamenti, musiqini bütün
incəliklərinədək duyma və anlama qabiliyyəti
bütün tamaşa boyu öz izini qoydu.
Fikrimizcə, dahi
Üzeyir bəy Hacıbəylinin möhtəşəm
"Koroğlu" operasından sonra özünün milli təsir
qüvvəsinə görə ikinci yer tutan "Sevil"
operası hətta dərin musiqi biliyi olmayanlar tərəfindən
də istəklə qarşılanır. Operanın
uvertürası çalınanda tamaşaçı öz təxəyyülündə
Xəzərin şahə qalxan dalğalarının qəzəblə
sahil qayalıqlarına çırpılması təsəwürünü
yaradır. Bu, gənc dirijorun böyük bəstəkar Fikrət
Əmirovun Cəfər Cabbarlının eyniadlı
dramındakı qadın faciəsinə dərin
etirazının musiqi dili ilə ifadə
çalarlarının gənc dirijor Əyyub Quliyevin təfsirində
geniş diapazonda canlandırılması idi. Operanın
gedişi boyu musiqi müşayiəti heyranlıq doğurur.
Fikrət Əmirovun musiqi dühası özünü tam
dolğunluğu ilə əks etdirirdi. Bu da ondan irəli gəlir
ki, Əyyub Quliyev tamaşanın temp-ritmini düzgün duyur,
təsirli dinamik və tembr çalarlarını və
kontrastları musiqi məqamlarını dəqiq tapa bilir.
Əyyub pult arxasında
əllərini özünəməxsus hərəkət etdirir,
dirijor nəzərləri və mimikası ilə orkestrantlarda
yaradıcılıq duyğularını artıra bilir. Gənc
dirijorun aləmində texnika məqsəd deyil, musiqi
obrazının məziyyətlərini dinləyiciyə
çatdırma vasitəsidir.
O, dirijorluq prosesində
ayrı-ayrı musiqiçilərin fərdi xüsusiyyətlərini
birləşdirə və onların səylərini
özünün ifaçılıq ideyasının həyatiləşməsinə,
ifa planını orkestrin hər bir artistinin diqqətinə
yönəldə bilir. Bu xüsusiyyət onun demokratik
düşüncəli olmasından irəli gəlir. Məhz
bu səbəbdən orkestrantlar Əyyubu ürəkdən
sevirlər.
Əyyub Quliyev deyir ki,
folklorumuz və musiqi ənənələrimiz sayəsində
Azərbaycan musiqisi ürəyəyatan çalarlarla zəngindir
və hər bir insanın ruhunu oxşaya bilir. Dahi Üzeyir
Hacıbəylinin musiqisini dinləməkdən adam yorulmur.
Dinlədikcə dinləmək istəyirsən. Polşada
qastrol zamanı orkestr "Leyli və Məcnun"
operasından fraqmentlər ifa edəndən sonra
tamaşaçılar Üzeyir musiqisinin sehrinə düşərək
onu hey zümzümə edirdilər. Atamla
çaldığım tar ilə orkestr üçün
konsert, "Çahargah" muğamı üzərində
qurulmuş rapsodiya tamaşaçılara elə xoş gəlmişdi
ki, onlar atamı və məni ifadan sonra səhnədən
buraxmaq istəmirdilər. Qəzetlər dinləyici-tamaşaçıların
Azərbaycan musiqisindən heyranlıqları barədə
yazmışdılar.
Qarşıda gənc
dirijoru Moldovada keçiriləcək müsabiqə,
İtaliyada konsert salonları gözləyir.
Arif HÜSEYNOV
Azərbaycan.- 2011.-24 fevral.- S.7.