Zeytun

 

Abşeronun nadir nemətləri

 

Abşeronun nadir nemətlərindən biri də zeytundur.

Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Təsadüfi deyildir ki, qiymətli ərzaq olan zeytunun bağçılığın inkişafında yüksək səmərəsi nəzərə alınaraq ilk zeytunçuluq təsərrüfatı məhz Abşeronda - Zığ kəndi ərazisində yaradılmış və 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod tikilib işə salınmışdır.

İlk vaxtlar zeytun meyvəsindən müxtəlif çeşidli şorabalar hazırlanırdı.

Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqdan sonra zeytun bağlarının sahəsi sürətlə genişləndirilmiş, ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılmış, həmçinin rayonun Bilgəh, Maştağa subtropik bitkilər, Buzovna tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınmışdır. Zeytun digər ağac və kol bitkiləri ilə birlikdə yaşıllıqların salınmasında da geniş istifadə olunmuş, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin küçə və meydançalarında, park və xiyabanlarında minlərlə zeytun ağacı əkilmişdir.

Zeytun uzunömürlü və quraqlığa davamlığı ilə digər meyvə ağaclarından seçilir. Bu xüsusiyyətini nəzərə alaraq Abşeron yarımadasında ötən əsrin 90-cı illərinin əvvəllərində zeytun bağlarının ümumi sahəsi 2600 hektara çatdırılmışdı ki, bu bağların da 1000 hektardan çoxu məhsula düşmüşdü. Azərbaycan hökumətinin 1 aprel 1986-cı il tarixli 120 saylı qərarında Abşeronda zeytun sahələrinin genişləndirilib 1990-cı ilə kimi 4600 hektara çatdırılması, respublikanın Şirvan və Qarabağ düzlərində də yayılması nəzərdə tutulmuşdu.

Həmişəyaşıl bitki olan zeytun Abşerona təbii gözəllik, sərinlik verməklə yanaşı, bu qiymətli nemətdən alınan ərzaq məhsulları (yağ, şoraba, çoxçeşidli konservlər və s.) yüksək keyfiyyətlərə malikdir.

Zeytun meyvələrinin quru lətinin 50-75 faizi yağdır. Bitki yağları içərisində zeytun yağı ən yüksək kaloriyə malikdir (onun 1000 qramında 930 kalori, kərə və əridilmiş yağda isə 750-780 kalori vardır). Zeytun yağını orqanizm asanlıqla mənimsəyir, həzm orqanlarına yaxşı təsir göstərir, turşuluğu aşağı salır, maddələr mübadiləsini sürətləndirir, ateresklerozun inkişafını zəiflədir. Həmin xassələrinə görə zeytun yağından təbabətdə geniş istifadə olunur.

Zeytun meyvəsinin əhəmiyyətli tərkib hissəsindən biri də mineral duzlardır. İstehlak üçün hazırlanmış zeytun məhsullarının qidalılıq dəyəri də yüksəkdir. Zeytun meyvələri göy halda və tam bioloji yetişmə dövründə yığılır. Qidalılıq dəyəri tam yetişmiş meyvələrdə daha yüksəkdir, onların tərkibində yağın miqdarı quru lət çəkisinə nisbətən 65-75 faizə çatır.

Yüksək keyfiyyətli göy zeytun məhsulu emal etmək üçün meyvələr tünd yaşıl rəngdən açıq-yaşıl, samanı rəngə keçdiyi dövrdə yığılmalıdır ki, bu da sortlardan və iqlim şəraitindən asılı olaraq təxminən sentyabrın axırı, oktyabr və noyabrın əvvəllərinə təsadüf edir.

Meyvələrdən duza qoyulmuş qara zeytun hazırlandıqda onların yetişmə vaxtını göstərən əlaməti - qabığının qara rəng alması və qabıqaltı nazik təbəqənin tünd-bənövşəyi olub, göy lət hissəsinə süzülməsidir. Yığım zamanı diqqətli olmaq lazımdır ki, meyvələr mexaniki zədə almasın.

Vaxtilə Abşeronun təsərrüfatlarında geniş sahəni əhatə edən zeytun bağlarının xeyli hissəsi təəssüf ki, keçid dövründə baxımsızlıqdan məhv olmuşdur. Lakin rayon rəhbərliyi Abşeronun nadir nemətlərindən olan zeytunun qiymətini yetərincə dəyərləndirərək bağların sahəsinin genişləndirilməsinə qayğı və diqqəti artırmışdır. Bir-birinin ardınca iş adamları uzun illər istifadəsiz qalmış torpaqları rekultivasiya edərək əkinə hazırlayır, yeni zeytun bağları salırlar. İndi zeytun bağlarının sahəsi 2000-ci ildəki 750 hektardan 1200 hektara çatdırılmışdır. Zeytun bağlarının sahəsini artırmaq məqsədilə Hövsandakı özəl zeytunçuluq təsərrüfatında xüsusi tingyetişdirmə sahəsində hər il minlərlə ting yetişdirilir ki, hər kəs istədiyi qədər buradan əkin materialı əldə edə bilər. Həmin təsərrüfatın ən müasir texnoloji avadanlıqla təchiz olunmuş zeytun emalı zavodunda yüksək keyfiyyətli zeytun yağı, müxtəlif çeşidli konservlər, şorabalar hazırlanır. Zavodun məhsullarına ölkə daxilində və xarici bazarlarda böyük tələbat var.

10-15 il əvvəl Azərbaycanda zeytunu qiymətli ərzaq məhsulu kimi dəyərləndirənlərin sayı az olduğundan zavodun məhsullarının əsas hissəsi xarici bazarlara göndərilirdi. Artıq respublikamızda demək olar ki, hamı bu qiymətli nemətin qədrini bilir və ondan məmnuniyyətlə bəhrələnmək istəyir.

Abşeronda az-çox torpaq sahəsi olanlar fərdi təsərrüfatlarında, bağ və həyətyanı sahələrində meyvə bağı salarkən zeytun ağaclarına da üstünlük verirlər.

 

 

Elmxan MEHRƏLİYEV,

Abşeron rayonu

 

Azərbaycan.- 2011.-24 fevral.- S. 8.