Aleksandr Mişarin: "Rus və Azərbaycan xalqları arasında ümumi cəhətlər çoxdur, əməkdaşlığımızın humanitar-mədəni komponenti daha da inkişaf edəcəkdir"

 

AzərTAc xəbər verir ki, "MK-Ural" qəzetinin 24 fevral tarixli nömrəsində Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarinin "Azərbaycan ilə humanitar və iqtisadi əməkdaşlıq inkişaf edəcəkdir" sərlövhəli müsahibəsi dərc edilmişdir.

Sverdlovsk vilayətinin MDB üzvü olan bir sıra ölkələrlə əməkdaşlığının ardıcıl inkişaf etməsini vurğulayan qubernator Yekaterinburqda ölkəmizin konsulluğu açılandan sonra Azərbaycan Respublikası ilə əlaqələrin daha intensiv inkişaf etməsi faktı üzərində xüsusi dayanmışdır. O, öz fikrini təsdiqləmək üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Orta Urala səfərini misal göstərmişdir.

Müsahibədə deyilir: "Bu gün Azərbaycan güclü müstəqil dövlətdir, biz onunla əməkdaşlığı fəallaşdırmaq istərdik. Keçmiş müttəfiq respublikalarla əməkdaşlığın üstünlüklərini yaşlı nəsil çox gözəl bilir, başa düşür və qiymətləndirir. Mənim fikrimcə, xalqlarımız arasında dostluğu möhkəmlətmək üçün ikitərəfli əlaqələrin dərinləşməsi prosesinə gənclərin daha fəal cəlb edilməsi çox vacibdir. Azərbaycanın bizim vilayətdə açılmış diplomatik missiyasının konsul dairəsi Uraldan başlamış Uzaq Şərqə qədər geniş bir ərazini əhatə edir. Bu faktı nəzərə alsaq, Yekaterinburq Azərbaycan üçün haqlı olaraq Sibirə açılan darvaza adlandırıla bilər".

Leyla xanım Əliyevanın Yekaterinburqa səfərinin ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyətindən söz açan qubernator qeyd etmişdir ki, vaxtilə Heydər Əliyev təhsilin inkişafı məsələsinə çox böyük əhəmiyyət verirdi. Məsələn, o vaxt ölkənin ən yaxşı ali məktəblərində təhsil almaq üçün hər il yüzlərlə azərbaycanlı gənc oğlan və qız regionumuza gəlirdi. İndi bu regionda çoxsaylı Azərbaycan diasporu yaşayır. Buna görə də təhsil ilə əlaqədar bütün təşəbbüslər davam etdirilməli və yeni formalar kəsb etməlidir.

Müsahibədə deyilir: "Əlbəttə, Leyla xanım Əliyevanın səfəri bizim qarşılıqlı münasibətlərə yeni təkan vermişdir. O, Orta Uralda olmuş, vilayətin 1 nömrəli klinik uşaq xəstəxanasına "Sobol" markalı təcili tibbi yardım maşını hədiyyə etmişdir. Gənc müğənni Emin Ağalarovun konsertindən toplanmış vəsait 6 nömrəli ixtisaslaşdırılmış uşaq evinin hesabına köçürülmüşdür".

A.Mişarin Azərbaycan ilə Sverdlovsk vilayəti arasında humanitar-mədəni əlaqələrin inkişafı məsələlərinə də toxunmuşdur.

Qubernatorun fikrincə, bu sahədə əməkdaşlığın inkişaf etməsinə və Azərbaycan incəsənətinin qiymətləndirilməsinə belə bir fakt da dəlalət edir ki, Rusiyanın ən qocaman teatrlarından olan Yekaterinburq Opera və Balet Teatrında Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin tamaşası uğur qazanmışdır. Bu əsərin ilk tamaşası 2009-cu ilin yayında göstərilmişdir.

Aleksandr Mişarin müsahibənin sonunda vurğulamışdır ki, xalqlarımız arasında ümumi cəhətlər çoxdur, bizim əməkdaşlığın humanitar-mədəni komponenti bundan sonra da inkişaf edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 2.