İcra sahəsində korrupsiya ilə mübarizə gücləndirilir

 

Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıqları ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində icra xidmətinin Bakı şəhəri və ətraf bölgələrin yerli qurumlarının bütün əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov korrupsiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə tədbirləri vurğulamış, korrupsiyaya şərait yaradan halların, o cümlədən süründürməçiliyin, vətəndaşların get-gələ salınmasının əhalinin çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğu və ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərdiyini qeyd etmişdir.

Bununla əlaqədar, korrupsiyaya qarşı mübarizə üzrə yanvarın 31-də keçirilmiş kollegiyada və əhatəli əmrdə qoyulmuş qəti tapşırıqların icrasına dair tədbirlər, xüsusilə "qaynar xətt"lərə daxil olan şikayətlərin operativ araşdırılmasının nəticələri, monitorinq qrupu yaradılaraq yerli qurumlarda çevik və prinsipial yoxlamaların aparılması bildirilmişdir.

Qeyd olunmuşdur ki, ötən il 120 minə qədər artan icra sənədlərindən 85 faizinin icra olunmasına, habelə 209 nəfər barədə cinayət işinin başlanılmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalmaqdadır. Aparılan yoxlamalar nəticəsində bir sıra yerli qurumlarda korrupsiyaya şərait yaradan halların, o cümlədən işlərin hərəkətsiz saxlanılması, icra ödənişlərinin alınmasında nöqsanlar, vətəndaşların şikayətlərinə, onların qəbuluna lazımi diqqət yetirilməməsi, icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması aşkar edilmiş, bir sıra yerli icra qurumlarının fəaliyyəti kəskin tənqid olunmuşdur.

Müşavirənin yekunları üzrə ədliyyə nazirinin əmri ilə göstərilən kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru M.Əhmədov ədliyyə orqanlarından xaric olunmuş, Nəsimi və Nizami rayon icra şöbələrinin icra məmurları X.Yaqubov və N.Qasımov tutduğu vəzifədən azad edilmiş, Səbail, Yasamal rayonları və Sumqayıt şəhəri icra qurumlarının rəhbərlərinə şiddətli töhmət verilmiş, bəzi digər məsul işçilərə xəbərdarlıq edilməklə işdə dönüş yaradılması üçün 6 ay vaxt verilmişdir.

Sonda İcra baş idarəsinə korrupsiya ilə mübarizənin gücləndirilməsi, bununla əlaqədar xidmət işinin düzgün təşkili və yerli qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması, mənfi faktlar üzrə təxirəsalınmadan zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilmişdir.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 3.