Korrupsiyaya qarşı mübarizə
məsələləri Gənclər və İdman
Nazirliyinin kollegiya iclasında müzakirə edilmişdir
Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın 2011-ci il yanvarın 27-də keçirilmiş iclasında diqqət dövlətimizin başçısının nitq və çıxışlarında vurğuladığı nöqsan və çatışmazlıqların aradan qaldırılmasına yönəldilmişdir.
AzərTAc xəbər verir ki, bununla əlaqədar fevralın 24-də Gənclər və İdman Nazirliyində geniş kollegiya iclası keçirilmişdir. Nazir Azad Rəhimovun sədrliyi ilə keçirilən iclasda qeyd edilmişdir ki, qurum həmişə korrupsiya və rüşvətxorluq kimi mənfi hallara qarşı mübarizə aparmış, mütəmadi olaraq bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirmişdir.
Azərbaycan Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)" üzrə Gənclər və İdman Nazirliyində illik tədbirlər planları təsdiq edilmiş və müvafiq işlər görülmüşdür. Bununla əlaqədar nazirliyin Mərkəzi Aparatında 7 nəfərdən ibarət işçi qrupu yaradılmışdır.
Fəaliyyət planına uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə bölgələrdə seminarlar keçirilmiş, nazirlik və onun struktur bölmələrində çalışan dövlət qulluqçularına peşə fəaliyyətlərini müasir tələblərə uyğun qurmaları, etik davranış qaydalarına ciddi riayət etmələri ilə bağlı tapşırıqlar verilmiş, bu sahədə işlərin səmərəliliyini artırmaq məqsədilə xüsusi rəy və təkliflər hazırlanmışdır. Gəncə, Xaçmaz, Daşkəsən, Şəmkir, Göygöl, Ağcabədi, Samux, Gədəbəy, Biləsuvar, Şəki, Quba, Lənkəran, Naftalan, Salyan və Saatlıda korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə "Korrupsiyanın qarşısının alınması yolları", "Korrupsiya problemi - dəyişən cəmiyyətdə gənclərin gözü ilə" mövzularında seminarlar, Cəlilabad, Şirvan, Bərdə, Zaqatala, Tərtər, Mingəçevir və İsmayıllıda "Dövlət qulluğunda antikorrupsiya və etik münasibətlərin formalaşdırılması" mövzusunda zona müşavirələri keçirilmişdir.
Seminarlarda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq şöbəsinin və analitik informasiya şöbəsinin prokurorları, rayon (şəhər) hüquq mühafizə, milli təhlükəsizlik orqanlarının və digər əlaqədar təşkilatların səlahiyyətli nümayəndələri, QHT təmsilçiləri iştirak etmişlər. Nazirliyin və onun strukturlarında çalışan dövlət qulluqçularının peşə fəaliyyətinin müasir tələblərə uyğun qurulmasında, hüquqi biliklərin, dövlət qulluğunda etik davranış qaydalarına ciddi riayət olunması və antikorrupsiya mədəniyyətinin artırılması baxımından həyata keçirilən tədbirlər əhəmiyyətli olmuşdur.
Kollegiyanin yekun qərarında qeyd olunmuşdur ki, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan işlər müvafiq qaydada davam etdirilsin. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın adıçəkilən iclasında verilmiş tapşırıqların icrası ilə əlaqədar konkret fəaliyyət proqramı işlənib həyata keçirilsin. Gənclərlə iş, idman, maliyyə və maddi-texniki təchizat, iqtisadiyyat şöbələrinə tapşırılsın ki, şəffaflığın qorunması və büdcə xərclərinin məqsədli istifadəsini təmin etmək üçün tədbirlərin keçirilməsi zamanı "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət edilsin.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyinə tabe qurumlarda da müvafiq toplantılar keçirilir.
Azərbaycan.- 2011.-25 fevral.- S. 3.