Azərbaycanın Yekaterinburqdakı
baş konsulu Sultan Qasımov "MK-Ural" qəzetinə müsahibəsində əməkdaşlığın
perspektivləri barədə
açıqlama vermişdir
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov "MK-Ural" qəzetinə geniş müsahibə vermişdir. Müsahibədə ölkəmizlə Sverdlovsk vilayəti arasında əməkdaşlığın indiki vəziyyətindən və perspektivlərindən bəhs edilir.
Müsahibədə qeyd edilir ki, 2010-cu il dekabrın əvvəli Sverdlovsk vilayətində Azərbaycan Respublikası ilə dostluq əlaməti altında keçmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Yekaterinburqa səfəri mühüm hadisə olmuşdur. Bu səfər Rusiya ilə Azərbaycan arasında münasibətlərin uğurlu inkişafının mühüm göstəricisinə çevrilmişdir. Bu uğurlar 2010-cu ilin may ayından etibarən Yekaterinburqda Azərbaycanın baş konsulluğunun fəaliyyətə başlaması sayəsində mümkün olmuşdur.
Sultan Qasımov Leyla xanım Əliyevanın Yekaterinburqa səfərinin uğurlu yekunları, burada keçirilmiş görüşlər və xeyriyyə tədbirləri, habelə humanitar sahədə gələcək əməkdaşlıq barəsində vilayətin qubernatoru Aleksandr Mişarinlə əldə edilmiş razılaşmalar haqqında oxuculara ətraflı məlumat vermişdir.
Baş konsul Azərbaycan iqtisadiyyatının uğurları barədə də söhbət açaraq qeyd etmişdir ki, dünyada ümumi iqtisadi tənəzzülə və maliyyə böhranına baxmayaraq, Azərbaycanın iqtisadi göstəriciləri durmadan artmaqdadır. Diplomat bildirmişdir ki, bu artımı müəyyən edən əsas amil Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasi xətdir. Sultan Qasımov demişdir: "Azərbaycan rəhbərliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirərək ölkədə siyasi sabitliyi təmin edir". O, əsas amillər sırasında əcnəbi investorların ölkəmizdə həyata keçirilən siyasi xəttin ardıcıl olacağına inamını və xarici sərmayələrin etibarlı müdafiə olunmasını da göstərmişdir.
Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımının 19-cu ildönümü mövzusuna xüsusi yer ayrılmışdır. Qeyd edilmişdir ki, Xocalı faciəsi zamanı ölkəmizin dinc vətəndaşları erməni hərbi caniləri tərəfindən etnik təmizləməyə məruz qalmışdır. "Human Rights Watch" beynəlxalq hüquq-müdafiə təşkilatı Xocalı faciəsini "ən böyük qırğın" adlandırmışdır.
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov "Azərbaycana gedən yol" adlı televiziya layihəsini dəstəklədiyinə görə vilayət rəhbərliyinə təşəkkürünü bildirmişdir. Bu nadir proqram Rusiya Federasiyası ərazisində ilk dəfə yayımlanır və iki telekanal - "Obl TV" və "Vesti-24" kanalları ilə translyasiya edilir. Verilişdə Azərbaycanın siyasi və mədəni həyatından, xalqımızın ənənələrindən, ölkəmizin tarixindən, eləcə də Azərbaycanda yaşayan ruslardan bəhs edilir. Diplomat demişdir: "Azərbaycan xalqının Rusiyaya böyük hörmət bəsləməsi, xalqlarımızın və ölkələrimizin dostluğu barədə söhbət açmağımız vacibdir".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2011.-25 fevral.- S. 3.