Azərbaycandakı Amerika Ticarət Palatasının aylıq işgüzar iclası keçirilmişdir

 

Fevralın 24-də Azərbaycandakı Amerika Ticarət Palatasının aylıq işgüzar iclası keçirilmişdir. İclasda Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni təyin olunmuş səfiri Mətyu Brayzə çıxış etmişdir. Səfir demişdir ki, enerji sahəsi ilə yanaşı, rəsmi Vaşinqton özəl firmalarla da əməkdaşlığı diqqət mərkəzində saxlayır.

Görüşdə həmçinin Amerika ilə Azərbaycanın özəl şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycandakı Amerika Ticarət Palatasının 220 üzvü var. Səfir Mətyu Brayzə jurnalislərə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə də toxunmuşdur. O demişdir ki, hamıya məlumdur ki, bu ölkədə və regionda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsindən daha mühüm və vacib məsələ yoxdur.

ABŞ diplomatı qeyd etmişdir ki, bu münaqişənin həlli Azərbaycan xalqına və ümumilikdə, regionda yaşayan insanlara sülh və sabitlik gətirəcəkdir. O demişdir ki, dövlət katibinin birinci müavini Ceyms Steynberqin Azərbaycana səfəri zamanı da Dağlıq Qarabağ məsələsi müzakirə olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 3.