İnkişafın Azərbaycan modeli: aqrar sahənin inkişafı

 

Müstəqil Azərbaycan sosial-iqtisadi inkişafının elə həlledici mərhələsindədir ki, respublikanın milli iqtisadi inkişaf modelinin nəzəri-praktik əsaslandırılması baxımından aqrar sektorda həyata keçirilmiş islahatlara nəzər salmaq, bu sahədə qarşıda duran vəzifələri müəyyənləşdirmək son dərəcə zəruridir. Bu zərurəti şərtləndirən həm də odur ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, respublikada bazar təsərrüfatçılıq sisteminə transformasiya prosesi də məhz aqrar sahədən başlamışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyilləri dayandırılmış, səmərəli islahatların təməli qoyulmuşdur. Hər bir vətəndaşın mənafeyi əsas tutulmaqla gerçəkləşdirilən aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakın səmərəli istifadə edilməsinə, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsinə, sahibkarlığın formalaşması və inkişafına yönəlmişdir.

Bu kursu keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası möhkəmləndirilmiş, fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsidir ki, indi kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatmışdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz və ideya müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" əsərində respublikada uzaqgörənliklə həyata keçirilən torpaq islahatlarına geniş nəzər salınmış, sahənin uğurları konkret faktoloji baza əsasında göstərilmişdir. "Azərbaycan" qəzetinin bu kitabın müzakirəsi ilə bağlı növbəti "dəyirmi masa" Ağsuda təşkil etməsi isə rayonun aqrar sahədə əldə etdiyi nəzərəçarpacaq uğurlarla şərtlənir.

Rayonun rəhbər şəxslərinin iştirakı ilə keçirilən "dəyirmi masa" giriş sözü ilə açan Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV dedi:

 

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

Respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə sinə gərən dövlətləri sırasında yüksəlib. Dövlət başçısının ötən 8 ildə inamla həyata keçirdiyi islahatlar respublikamızı regionun ən aparıcı dövlətinə çevirib, onun beynəlxalq imicini yüksəldib. Ötən müddətdə iqtisadi sahədə böyük uğurlara imza atılıb. Müstəqilliyin ilk illərindəki qanlı-qadalı, ağrılı günlərini çoxdan unudan Azərbaycan vətəndaşının yüksək sosial rifah halı, firavanlığı təmin olunub.

Şübhəsiz, mövcud uğurların əsası ulu öndər Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası ilə qoyulub. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin üzərinə düşən məsuliyyətli vəzifələrdən biri də keyfiyyətcə yeni mərhələdə Azərbaycanı ağır sosial-iqtisadi problemlərdən qurtarmaq, davamlı inkişaf yoluna çıxarmaq idi. Dahi rəhbər bu məqsədlə ilk növbədə, Azərbaycanın yeni dövrlə səsləşən iqtisadi siyasətinin əsas konturlarını müəyyənləşdirdi. İqtisadiyyatı dirçəltmək, ölkənin etibarlı gələcəyinə maddi zəmin hazırlamaq üçün yeni neft strategiyasını hazırladı. 1994-cü ilin sentyabrında ulu öndərin böyük siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı, eyni zamanda, həmin dövrdə ARDNŞ-nin vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin gərgin diplomatik səyləri nəticəsində əfsanədən reallığa çevrilən "Əsrin müqaviləsi" ölkənin böhrandan çıxarılması, respublikamıza xarici investisiyaların cəlb edilməsi yönündə ciddi addım oldu.

Azərbaycanın tarixən aqrar ölkəsi kimi tanındığını, iqtisadiyyatda bu sahənin üstün mövqeyə malik olduğunu özünəməxsus müdrikliklə dəyərləndirən ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, torpağı əsl sahibinə - kəndliyə qaytarmadan böyük nailiyyətlər əldə etmək mümkün olmayacaq. O illəri xatırlayanda ümummilli lider Heydər Əliyevin respublikada torpaq islahatlarının düzgün və ədalətli aparılması üçün nümayiş etdirdiyi prinsipiallığı, fədakarlığı, tələbkarlığı xüsusi vurğulamaq lazımdır. Müdrik rəhbərin gərgin və yorulmaz əməyi, yerli xüsusiyyətləri ciddiliklə nəzərə alması, mövcud reallığı düzgün dəyərləndirməsi, sıravi vətəndaşların - kəndlilərin mənafeyini uca tutması nəticəsində Azərbaycanda torpaq islahatı ağrısız-fəsadsız, şəffaf, ədalətli şəkildə gerçəkləşdirildi.

1994-cü ildən ölkədə aqrar islahatların aparılması üçün normativ hüquqi sənədlər və qanunlar hazırlandı. 1995-ci ilin əvvəlindən aqrar islahatlara başlanıldı. 1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, habelə digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı. "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər əksini tapdı. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün müəssisələr, o cümlədən sovxozlar və kolxozlar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında ədalətli şəkildə bölüşdürüldü.

Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə, 23 faizi xüsusi mülkiyyətə verildi. Xüsusi mülkiyyətə əsasən ən qiymətli torpaqlar, yəni, əkin və çoxillik əkmələr altında olan torpaqlar verildi ki, bu da aqrar sahədə sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Kənddə yeni mülkiyyətin - kəndli-fermer təsərrüfatlarının yaradılması kənd təsərrüfatında işlərin daha yaxşı təşkili, aqrar bölmənin inkişafı üçün möhkəm zəmin rolunu oynadı. Ümumiyyətlə, aqrar bölmədəki islahatlar qətiyyətliliyi və sürəti ilə nəinki Azərbaycan iqtisadiyyatının digər sahələrində aparılan islahatlardan, hətta postsovet respublikalarındakı islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynadı. 1999-2000-ci illərdə islahatların daha da dərinləşdirilməsi məqsədilə Prezident 8 fərman imzaladı, bir çox məqsədli tədbirlər görüldü. Bu islahatlar nəticəsində 1970 kolxoz və sovxozun hamısında torpaq və əmlak 3 milyon 500 minə yaxın vətəndaş arasında bölüşdürüldü.

Ulu öndər Heydər Əliyevin 22 mart 1999-cu il tarixli "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı xüsusilə mühüm əhəmiyyət kəsb edirdi. Fərmanla Nazirlər Kabineti kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə həmin fərmana əsasən təqdim edilmiş layihəni müzakirə edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi. Heydər Əliyevin müdrikliyi sayəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən bu güzəştlər digər MDB ölkələrində bu gün də tətbiq edilmir.

Bu gün Azərbaycan kəndində yaşayan insanlar da halal zəhmətləri hesabına nəinki "çörək təknə"lərini doldurur, hətta böyük məbləğdə gəlir də əldə edirlər. Son 7 ildə dövlət başçısı İlham Əliyev tərəfindən aqrar islahatların inamla davam etdirilməsi bu sahədə çalışan vətəndaşlara geniş imkanlar açıb. Prezident kimi hökumətin 2003-cü il noyabr ayında keçirdiyi ilk iclasında "Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılmışdır. Torpaq özəl mülkiyyətə verilibdir. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlanmalıdır" - deyən dövlət başçısı bu sahənin inkişafı üçün əlavə fərman və sərəncamlar, dövlət proqramları imzalayıb. Aqrar bölmənin inkişaf prioritetləri hələ Azərbaycan Prezidentinin 2003-cü il 24 noyabr tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda və 2004-cü il 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nda əksini tapıb.

Regionların inkişafı ilə bağlı birinci dövlət proqramı çərçivəsində aqrar sahəyə diqqət artırılıb, regionlarda müasir fermer təsərrüfatları formalaşdırılıb. Respublikanın kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi dönüş yaranıb, idxaldan asılılıq azalıb. Son illərdə əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlib - kartof, bostan, meyvə, tərəvəz məhsullarına görə adambaşına istehlak norması tamamilə daxili istehsal hesabına ödənilir. Azərbaycan hazırda dənli bitkilərlə 76 faiz, quş əti ilə 74 faiz, ətlə 94 faiz, kərə yağı ilə 83 faiz, süd məhsulları və südlə 85 faiz, unla 94 faiz, şəkərlə 150 faiz, tərəvəzlə 102 faiz, meyvə ilə 127 faiz təmin olunur. Respublikamız kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurları ilə idxalçıdan tədricən ixracçıya çevrilir. İxracın coğrafiyası, həcmi və çeşidi də dinamik olaraq genişlənir - respublikadan 85 ölkəyə 25-30 adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edilir. Azərbaycan bu gün özünün etibarlı ərzaq təhlükəsizliyini təmin edir, kənd təsərrüfatı məhsullarına olan ehtiyacını ödəyir. Həyata keçirilən tədbirlərin nəticəsi kimi 2009-cu ildə Azərbaycanda rekord həcmdə - 3 milyon tona yaxın taxıl istehsal edilib.

Xüsusi vurğulamaq istərdim ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya və öz söz müəllifi olduğu "İnkişafın Azərbaycan modeli" kitabında bütün bunlara xüsusi yer ayrılır, aqrar sahədə islahatlara böyük diqqət yetirilir. Dərin elmi məzmuna malik olmaqla, həm də ensiklopedik səciyyə daşıyan bu əsərin müzakirəsi ilə bağlı növbəti "dəyirmi masa"nın Ağsu rayonunda keçirilməsi də təsadüfi deyildir. Ölkə rəhbərliyinin böyük diqqət və qayğısı ilə bütün sahələrdə dinamik inkişaf edən, abadlaşan Ağsu həm də tarixi məşğulluq və istehsal ənənələrini bərpa edərək aqrar sektorda mühüm nailiyyətlər əldə edib.

Bütün bunlar barədə danışmaq üçün söz Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər SEYİDƏLİYEVə verilir.

 

Ənvər SEYİDƏLİYEV:

- Azərbaycan müstəqillik əldə etdikdən sonra öz inkişaf yolunu seçmişdir. Bu inkişaf ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün möhtərəm Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, antiböhran tədbirlərinin, möhkəm maliyyə potensialının nəticəsidir. Azərbaycan hələ də səngiməyən qlobal maliyyə böhranı şəraitində belə, inamla addımlayır, qarşıya qoyulan bütün sosial proqramları müvəffəqiyyətlə həyata keçirir, iqtisadiyyatını inkişaf etdirir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya müəllifliyi və ön sözü ilə çapdan çıxmış "İnkişafın Azərbaycan modeli" kitabında son 17 ildə ölkədə həyata keçirilən iqtisadi islahatların dolğun mənzərəsi yaradılmış, inkişafın milli xüsusiyyətlərinin dərin elmi-analitik təhlili verilmişdir. Əsər faktların və rəqəmlərin dili ilə ölkənin bütün regionlarının sürətli inkişaf yolunda olduğunu, o cümlədən qeyri-neft sektorunda mühüm nəticələrin qazanıldığını göstərir.

Respublikanın bütün bölgələrində gedən inkişaf prosesi bu gün Ağsu rayonunda da özünü qabarıq göstərir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin düzgün və vaxtında icrası rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Son illərdə həyata keçirilən tədbirlər yeni iş yerlərinin və istehsal müəssisələrinin yaradılmasına, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.

Uğurla reallaşdırılan çoxsaylı layihələr, görülən abadlıq, tikinti-quruculuq işləri sayəsində Ağsu respublikanın tamamilə dəyişən, abadlaşan diyarına çevrilmişdir. Son illərdə ümummilli liderin zəngin irsinin gənc nəslə çatdırılmasında mühüm rol oynayan Heydər Əliyev Mərkəzi istifadəyə verilmiş, ulu öndərin adını daşıyan istirahət parkının ərazisi genişləndirilərək müasir layihə əsasında yenidən qurulmuşdur. Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş soydaşlarımızın, o cümlədən 20 Yanvar şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq "Qəhrəmanlar parkı" xatirə kompleksi, eyni zamanda, rayon sakinlərinin, turistlərin mənalı istirahəti üçün Heydər Əliyev seyrangahı yaradılmışdır.

2004-2010-cu illərdə rayonda Avtovağzal kompleksi, Azərbaycan Respublikasının Dövlət bayrağı kompleksi inşa olunmuşdur. Bu müddətdə Ağsu Rayon İcra Hakimiyyətinin, Maliyyə Nazirliyinin, Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin rayon şöbələri, məhkəmə və prokurorluq orqanları üçün müasir üslubda inzibati binalar, poçt şöbələri və digər zəruri obyektlər inşa olunmuşdur. Bundan başqa, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət sarayı, poçt və telekommunikasiya qovşağı, statistika idarəsi, suvarma sistemləri idarəsi və digər müəssisə, idarə və təşkilatlara məxsus binalarda əsaslı bərpa və təmir işləri aparılmışdır.

Regional dövlət proqramlarının icra olunduğu müddətdə təhsil və səhiyyə obyektlərinin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, əgər keçmiş sovetlər ittifaqı dövründə rayonda 20-25 ildə bir yeni məktəb binası tikilirdisə, son 7 ildə 15 ümumtəhsil məktəbi tikilmişdir. Dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində inşa olunmuş 3364 şagird yerlik bu məktəblər ən müasir avadanlıqlarla, müasir kompüterlərlə təchiz edilmişdir. Bu dövrdə 13 əlavə sinif otaqları korpusu tikilmiş, 4 məktəbdə genişləndirmə işləri aparılmışdır.

Rayonun səhiyyə müəssisələrinin yenidən qurulması da diqqət mərkəzindədir. Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayılıq yeni bina inşa edilmişdir. Bir həftə əvvəl isə Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində rayonun Ərəbmehdibəy kəndində tibb məntəqəsinin təmir edilməsi layihəsinin imzalanma mərasimi olmuşdur.

Hələ 2007-ci ildə rayonun inkişafı ilə bağlı proqram hazırlanarkən yerli iqtisadiyyatda kənd təsərrüfatının üstün sahə olduğu nəzərə alınmış, ilk növbədə, mövcud potensialdan - yerli xammaldan səmərəli istifadə yolu ilə yeni emal müəssisələrinin yaradılması qərara alınmışdır. Bu tədbirlər çərçivəsində Cənubi Qafqaz regionunda ən böyük istehsal müəssisələrindən olan, ildə 5 min ton məhsul qəbul etməyə imkan verən "Az Qranata" şirə və şərab emalı zavodunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

 

Digər sənaye sahələrinin də inkişafına diqqətlə yanaşılır. Müasir avadanlıqlarla təchiz olunmuş, sutkada 5 ton çörək və çörək məmulatları istehsal edən zavod yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Əvvəlki illərdə isə rayonda yeni texnologiya əsasında gün ərzində 20 ton un istehsal edən dəyirman, habelə ərazidən keçən çayların ehtiyatlarından istifadə edərək qum-çınqıl buraxan 3 karxana açılmışdır. Əhali bordür və plastik qapı-pəncərələr hazırlayan sexlərin məhsullarından da geniş istifadə edir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2003-2010-cu illər ərzində rayonun müəssisə və təşkilatlarda 7413 yeni iş yeri açılmışdır və bundan 3625-i daimi iş yerləridir.

2010-cu ildə bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahənin inkişafına 24 milyon 403 min manat investisiya yönəldilmişdir. İnvestisiya qoyuluşu son 7 ildəki səviyyədən 87,2 dəfə yüksək olmuşdur. Rayonda ümumi məhsul istehsalının həcmi 90 milyon 517 min manata çatmışdır və bu da 2003-cü illə müqayisədə 3,8 dəfə çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi 7 il ərzində 81,3 dəfə artmış, 2010-cu ildə məhsul buraxılışının ümumi həcminin 21,2 faizini təşkil etmişdir.

Aqrar sahənin xüsusi çəkisi ümumi məhsul buraxılışında 48,6 faiz təşkil edir. Kənd təsərrüfatı istehsalının həcmi 2003-cü ildəki 17 milyon 719 min manatdan 2,5 dəfə artaraq ötən il 44 milyon 724 min manat təşkil etmişdir. Bunun da 21 milyon 314 min manatı bitkiçilik, 23 milyon 410 min manatı heyvandarlıq məhsullarıdır.

2010-cu ildə rayonda pərakəndə əmtəə dövriyyəsinin həcmi 71 milyon 249 min manat təşkil etmişdir və bu da 2003-cü illə müqayisədə 4,6 dəfə çoxdur. Əhaliyə göstərilən pullu xidmətlər 2003-cü ildəki səviyyəni 9 milyon 672 min manat ötərək 11 milyon 597 min manat olmuşdur. Son 7 il ərzində orta aylıq əməkhaqqı 5,7 dəfə artaraq 188 manata çatmışdır. Bu dövrdə əhalinin gəlirləri 13 milyon 234 min manatdan 100 milyon 882 min manatadək yüksəlmiş, başqa sözlə, 2003-cü ildəki səviyyədən 7,6 dəfə artıq olmuşdur.

Ötən il rayon büdcəsinə müxtəlif vergitutma obyektlərindən 2 milyon 439 min manat vergi və rüsum daxil olmuş, gəlirlər proqnozuna 104,0 faiz əməl edilmişdir. Son 7 ildə rayonun büdcə xərcləri də 5 dəfə artaraq 10 milyon 608 min manat təşkil etmişdir.

Razılıqla bildirmək istərdim ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın bütün bölgələrinə qayğı ilə yanaşır. Hər səfərdən sonra regionlarda olan çətinliklərin aradan qaldırılması ilə bağlı vəsaitin ayrılması, yardım göstərilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayır. Etiraf etməliyik ki, Ağsu əhalisi uzun illər idi ki, içməli su sarıdan ciddi korluq çəkirdi. Əkin sahələrinin suvarma suyu ilə təminatında böyük rolu olan Yuxarı Şirvan kanalının Ağsu maşın qolu istifadəsiz qalmışdı. Məhz ölkə Prezidentinin 2006-cı və 2009-cu illərdə rayonumuza səfərlərindən sonra hər iki problem kompleks həllini tapdı. Kanalda və ona xidmət edən nasos stansiyasında 1 milyon manatlıq əsaslı təmir işləri aparıldı. Otən il isə 3,7 milyon manat dəyəri olan layihə əsasında dağlıq ərazilərdəki ekoloji cəhətdən təmiz bulaq suları xüsusi polad borularla 25 kilometr ərazidən rayona gətirildi. Beləliklə, rayonun hələ sovetlər birliyi dövründən mövcud olan su problemi birdəfəlik həllini tapdı. Bundan başqa, kənd yerlərində də içməli suyun keyfiyyətinin müəyyən edilmiş tələblərə cavab verməsi üçün Kəndoba və Ağabəyli kəndlərində modul tipli sutəmizləyici qurğular quraşdırıldı.

Rayonda elektrik, qaz və yol infrastrukturları çox əvvəllər istifadəyə verilmiş və təzələnməmişdi. Son illər bu məsələlər də müsbət həllini tapmışdır. Respublikada birincilər sırasında Ağsu şəhərində elektrik verilişi xətləri "SİP" markalı müasir kabellərlə əvəz olunmuş, "Smart-Kart" tipli sayğaclar quraşdırılmışdır. Ötən il 11 yaşayış məntəqəsi qaz yanacağından istifadə etmiş, bir-birinə yaxın ərazidə yerləşən daha 21 kəndə təbii qazın verilməsi ilə bağlı 35 kilometr uzunluqda yeni daşıyıcı kəmər çəkilmişdir. Bu işlərlə paralel olaraq Ağsu şəhərində qaz abonentlərinin "Smart-Kart" sayğacları ilə təmin olunması istiqamətində də işlərə başlanılmışdır.

Məlumat üçün bildirək ki, rayonda telekommunikasiya avadanlıqları uzun illər əvvəl quraşdırılmışdı və keyfiyyətli telefon rabitəsi yaratmağa imkan vermirdi. Problemin həlli üçün zəruri tədbirlər həyata keçirilmiş, 2010-cu ildə bütün ATS-lər elektronlaşdırılmış, montaj tutumu artırılaraq 9 min nömrəyə çatdırılmışdır.

Son illərin böyük uğurlarından biri də kəndlərdə yaşayan əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, rahatlığının təmin edilməsidir. Sevindirici haldır ki, artıq rayonun kənd yaşayış məntəqələri də sürətli inkişaf yolundadır. Abadlaşdırma işləri Çiyni kəndi üçün daha xarakterikdir. Burada irimiqyaslı tikinti və infrastruktur proqramları uğurla həyata keçirilmişdir. Yollar asfaltlaşdırılmış, kəndə təbii qaz verilişi bərpa olunmuş, elektrik təsərrüfatı tamamilə yenidən qurulmuşdur. Müasir tələblərə cavab verən yeni məktəb binası, yerli icra nümayəndəliyi və kənd bələdiyyəsi üçün ikimərtəbəli inzibati bina, habelə mədəniyyət sarayı inşa olunmuşdur. Hazırda kənd stadionunun tikintisində işlər davam etdirilir.

Son illərə qədər rayonda idmanın kütləviliyi ilə bağlı işlər lazımi səviyyədə deyildi, bu istiqamətdə səmərəli tədbirlər demək olar ki, keçirilmirdi. Bunun bir səbəbi də hər cür şəraitə malik idman-sağlamlıq ocaqlarının yoxluğu idi. Hazırda Ağsu şəhərində 3 min yerlik stadionun, habelə gənc və yeniyetmələrin yaradıcılığının səmərəli təşkili üçün uşaq-gənclər bədii yaradıcılıq məktəbinin tikintisi sürətlə davam etdirilir. Əhalinin mənalı istirahətinin təşkili üçün mədəniyyət və istirahət parkı əsaslı şəkildə yenidən qurulur.

Yol tikintisi və təmiri işləri ciddi nəzarətdə saxlanılır: ötən illərdə bu sahədə xeyili işlər görülmüşdür.

Dövlət Neft Şirkətindən ayrılmış 500 min manat və hər il üçün rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Ağsu şəhərinin yeni salınan məhəllə və küçələri asfaltlaşdırılmışdır. Bundan başqa, Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 12 kənddə ümumi uzunluğu 75,4 kilometr olan yolların təmir olunmasına 735,1 min manat vəsait xərclənmişdir. Ağır yükgötürmə qabiliyyətinə malik nəqliyyat vasitələrinin Ağsu şəhərinin küçə və meydanlarına daxil olaraq hərəkətdə çətinliklər yaratmasının qarşısını almaq üçün Ağsu-Kürdəmir və Bakı-Şamaxı-Yevlax magistrallarını birləşdirən dairəvi yolun tikintisinin birinci hissəsi başa çatmış, uzunluğu 2,5 kilometr olan çınqıl yol istifadəyə verilmişdir. Cari ildə yolun asfaltlaşdırılması işləri aparılacaqdır.

2011-ci il dövlət başçısı tərəfindən "Turizm ili" elan olunmuşdur. Hələ ötən illərdə rayonda turizmin imkanlarından istifadə etmək nəzərdə tutulmuşdu. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi 2010-cu ilin mart ayından başlayaraq Ağsu rayonu ərazisində arxeoloji qazıntı işlərinə başlamışdır. Məqsəd Azərbaycanın turizm marşrutlarından kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək, nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkməkdir. Ağsuda aparılan tədqiqatlar nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin geniş və hərtərəfli tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Arxeoloji qazıntılar rayonun tarixinin daha qədimə - XII əsrə aid olmasını sübut edir. Bu mövzu ilə bağlı görülən işlər və bu il fevral ayının 5-də açılmış "Orta əsr Ağsu şəhəri: sənətkarlıq məhəlləsi" sərgi kompleksi turistlərin qəbulu üçün hər cür şəraitin olduğunu göstərdi.

Çıxışımın sonunda əminliklə vurğulamaq istərdim ki, ümummilli lider Heydər Əliyevin hələ 1981-ci ildə rayonumuzda olarkən "Ağsu respublikanın qabaqcıl rayonları səviyyəsinə çıxmalıdır.

 

Bunun üçün imkan və şərait vardır" sözləri bu gün həqiqətə çevrilmişdir. 2009-cu il oktyabrın 29-da rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev də rayonda görülən işləri yüksək qiymətləndirmişdir: "Ağsu Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir. Çox böyük işlər görülür. İnsanların məşğulluğu üçün praktiki işlər aparılır".

Əlbəttə, rayonda görüləsi işlər də çoxdur və ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində qısa müddətdə rayonun bütün problemlərinin həllinə nail olacağımıza ürəkdən inanırıq.

 

Bəxtiyar SADIQOV:

- İnkişafın Azərbaycan modelinin ən səciyyəvi xüsusiyyətlərindən biri də hər bir regionun tarixi məşğulluq ənənələrinin bərpasıdır. Sevindirici haldır ki, bu düşünülmüş iqtisadi siyasət nəticəsində Ağsu rayonunda aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son illər rayonda kənd təsərrüfatı məhsullarının istehsalında müşahidə olunan artım diqqəti xüsusilə cəlb edir. Bu barədə məlumat vermək üçün söz Ağsu Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər şöbəsinin böyük iqtisadçısı Cavanşir NƏSİBOVa verilir.

Cavanşir NƏSİBOV:

- Xatırlatmaq istərdim ki, hələ ötən əsrin 80-ci illərində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində rayonda aqrar sahənin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirilmişdir. Uzun illər ərzində pambıqçılıq kənd əməkçilərinin həm məşğuliyyəti, həm də gəlirli sahə olmuşdur. Eyni zamanda, 80-ci illərdə rayonda üzüm emalı sənayesi inkişaf etmiş, iri sənaye müəssisələri tikilmiş, güclü sənaye potensialı yaradılmışdır. O illərdə Ağsunun böyük üzümçülük rayonuna çevrilməsi və üzüm istehsalının 200 min tona çatdırılması proqramı tərtib olunmuşdu. Ulu öndərin "Ağsu rayonu üzümçülüklə şöhrətlənə bilər" şüarı da məhz həmin dövrə aiddir. Lakin Mixail Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçilməsindən sonrakı səhv siyasət nəticəsində respublikanın bütün bölgələrində, o cümlədən Ağsuda üzümçülük və şərabçılıq ləğv edildi. Bundan sonrakı dövrdə respublikada təsadüfi adamların hakimiyyətə gəlişi ilə kənd təsərrüfatı başlı-başına buraxıldı, emal sənayesinin fəaliyyəti tamamilə dayandı. Bu, həm də çoxsaylı mütəxəssislərin və işçi qüvvəsinin işsiz qalması ilə nəticələndi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra digər regionlarda olduğu kimi, Ağsuda da aqrar islahatlara və özəlləşdirməyə geniş meydan verildi. Qısa müddət ərzində "Sovxoz və kolxozların islahatı haqqında", "Aqrar islahatların əsasları haqqında" və "Torpaq islahatı haqqında" qanunlar qəbul edildi və dünyada analoqu olmayan torpaq islahatları həyata keçirildi. İctimai təsərrüfatların əmlakı əmək töhfəsinə müvafiq qaydada pay almaq hüququ olanlar arasında bölüşdürüldü. 40 min hektardan çox əkinə yararlı torpaq isə əvəzsiz olaraq kolxoz və sovxozların ərazisində daimi yaşayanların, həmin təsərrüfatlardan pensiyaya çıxanların mülkiyyətinə verildi. Dövlət mülkiyyətində olan sənaye müəssisələri isə özəlləşdirməyə çıxarıldı.

Son illərdə özəl sektorun və sahibkarlığın inkişafına dövlət qayğısının gücləndirilməsi rayonda həm kənd təsərrüfatında, həm də emal sənayesində məhsul istehsalının artmasına, keyfiyyətin yüksəlməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına uyğun olaraq buğda istehsalının stimullaşdırılması ilə bağlı əkilən hər hektar sahəyə görə istehsalçılara 40 manat maliyyə yardımı edilir, güzəştlə mineral gübrələr satılır. Bu hesaba təkcə ötən il torpaq mülkiyyətçilərinə 1,3 milyon manatdan çox dövlət yardımı edilmiş, 376 ton azot və fosfor gübrələrinin dəyərinin 50 faizi dövlət büdcəsi hesabına ödənilməklə güzəştlə satılmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına texniki xidmət göstərilməsi üçün rayonda "Aqrotexservis" müəssisəsi yaradılmışdır. Burada kənd təsərrüfatı işlərinin optimal müddətdə aparılması üçün kifayət qədər traktor, taxılsəpən, otbağlayan və digər texnikalar vardır.

Dövlət qayğısı nəticəsində rayonda kənd təsərrüfatı məhsullarının həcmi və məhsuldarlığı, mal-qaranın baş sayı ilbəil artır. Rayon əhalisinin ət, süd, meyvə, tərəvəz, bostan məhsullarına olan tələbatı daxili istehsal hesabına ödənilir. Ötən il kənd təsərrüfatının ümumi məhsulunun həcmi 44 milyon 724 min manata çatmışdır və bu da 2003-cü ildəkindən 2,5 dəfə artıqdır.

Əhalinin işlə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə iri istehsal müəssisələrinin yaradılması ön plandadır. Yüksək səviyyəli avadanlıqlar quraşdırılmış "Az Qranata" MMC-nin şirələr və şərab emalı zavodu ötən ildən fəaliyyətə başlamışdır. Zavodun məhsulları rəqabətdavamlı və ixrac potensiallıdır. Bundan başqa, "Miri Qrand" MMC-nin istehsal etdiyi müxtəlif çeşidli şirələr 20-dən çox dövlətə, o cümlədən bəzi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac edilir. Eləcə də "Ağsu Şərab - 3" ASC-nin istehsal etdiyi müxtəlif çeşidli alkoqollu içkilər rayonda və respublikanın digər ərazilərində satılır, keyfiyyəti yüksək qiymətləndirilir.

 

Bəxtiyar SADIQOV:

- Buradan səslənən rəqəmlər onu göstərir ki, Ağsu rayonu qısa müddətdə sürətli inkişaf yolu keçmiş, xüsusən də, sosial-iqtisadi sahədə mühüm uğurlara imza atmışdır. Sevindirici haldır ki, rayonun iqtisadi sahədə keçmiş ənənələri bərpa olunur və yeni tipli iqtisadiyyatı formalaşır. Eyni zamanda, sahibkarlığın inkişafına hərtərəfli kömək göstərilir. Bu barədə ətraflı məruzə etmək üçün söz Ağsu Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İqbal MİKAYILOVa verilir.

 

İqbal MİKAYILOV:

- Ötən 7 ildə ölkədə uğurla aparılan sosial-iqtisadi siyasət nəticəsində respublikada makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektorunun, regionların inkişafı sürətlənmiş, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı yaxşılaşmışdır. Sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatındakı xüsusi çəkisi 85 faizə yüksəlmişdir.

Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmış, onun həcmi 2010-cu ildə 29,4 milyard dollara yüksəlmiş, iqtisadiyyata 15,5 milyard dollar vəsait qoyulmuş, ümumi daxili məhsul istehsalı artmışdır.

Respublikada əldə olunan bu nailiyyətlər Ağsu rayonunun da sosial-iqtisadi inkişafına müsbət təsirini göstərmiş, rayon iqtisadiyyatının dinamik inkişafı təmin olunmuşdur. Habelə sənayenin, aqrar bölmənin inkişaf etdirilməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, əhalinin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin yüksəldilməsinə nail olunmuşdur.

2003-cü ilin 1 oktyabrından 2011-ci ilin 1 yanvarınadək rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, habelə aparılan abadlıq, quruculuq sahəsində və digər mövsümi işlərdə 7413 nəfər işlə təmin olunmuşdur.

Ölkədə sahibkarlığın zəruri bazar infrastrukturlarının formalaşdırılması nəticəsində rayonda sahibkarlığın inkişafı geniş vüsət almışdır. Ötən il rayonda makroiqtisadi göstəricilər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə ki, ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 3,8 dəfə, adambaşına düşən məhsul buraxılışının həcmi 3,5 dəfə, pərakəndə əmtəə dövriyyəsi 6,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 87 dəfə, sosial sahələrə yönəldilən investisiyalar 8,5 faiz, tikintiyə yönəldilən investisiyalar 30 dəfə artmışdır.

Əhalinin hər nəfərinə düşən pul gəlirləri 2003-cü illə müqayisədə 6,9 dəfə artaraq 1408 manat təşkil etmişdir. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2003-cü illə müqayisədə 6 dəfə, ötən ilə nisbətən 4,6 faiz artaraq 188 manata yüksəlmişdir. Müharibə veteranlarına, əlillərə, şəhid ailələrinə və aztəminatlı ailələrə qayğı göstərilməsi daim diqqət mərkəzindədir.

İnanırıq ki, bu siyasət möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə də davam etdiriləcək, Azərbaycan ən qabaqcıl dövlətlər səviyyəsinə yüksələcəkdir.

 

Bəxtiyar SADIQOV:

- Bir çox inkişaf etmiş dövlətlərdən fərqli olaraq Azərbaycanda sosial məsələlərin xüsusi aktuallıq kəsb etməsi ölkənin son 17 ildə üstünlük verdiyi milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. Bu, ilk növbədə, respublikada insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsi kimi diqqəti çəkir. Azərbaycan təcrübəsi deməyə əsas verir ki, bazar iqtisadiyyatı prinsiplərinin sürətlə bərqərar olması dövlətin sosial funksiyalarının həyata keçirilməsinə qətiyyən mane olmur. Ağsu rayonunda bu sahədə görülən tədbirlərdən danışmaq üçün söz Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Əlyunis MÜTƏLLİMOVa verilir.

 

Əlyunis MÜTƏLLİMOV:

- Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə iqtisadi tərəqqi sürətlənmiş, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Respublikanın 2011-ci il üçün dövlət büdcəsində sosialyönümlülüyün prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz, yaxud ötən illə müqayisədə 341,8 milyon manat çox vəsait ayrılması sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, vətəndaşların sosial tələbatının ödənilməsi, bir növ, cəmiyyətin mənəvi göstəricisinə çevrilir.

İnsan amilinin tərəqqisinə xidmət edən bu sosialyönümlü siyasət Ağsu rayonunun simasında da aydın görünür. Ötən illərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 16 mənzildən ibarət 2 ictimai, 3 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.

Rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzi 88 nəfər tənha və ahıl vətəndaşa xidmət göstərir. Ağsu Rayon İcra Hakimiyyəti və bələdiyyələr bayramlarda, eləcə də əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlara bayram sovqatı göndərir. Daxili imkanlar hesabına şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə və digər imkansız şəxslərə maddi yardımlar edilir, onların müalicəsi üçün pulsuz dərman və sarğı materialları verilir.

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsi üçün ikimərtəbəli inzibati bina tikilib istifadəyə verilmişdir. Burada sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

2010-cu ildə 900 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir və bu da 4409 nəfər ailə üzvünü əhatə edir. Sosial müdafiəyə ehtiyacı olan 52 nəfər vətəndaşa müalicə olunmaq üçün göndəriş vərəqi, sağlamlıq imkanı məhdud olan 1 nəfər vətəndaşa əlil arabası və 1 nəfər əlilə "Oka" markalı avtomobil verilib. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər) Dövlət Proqramı"na uyğun olaraq Ağsu rayonu üçün perspektiv iş planı işlənib hazırlanmışdır. İşin səmərəliliyini artırmaq məqsədi ilə əlaqələndirmə komitəsi yaradılmış, hər il üçün ərazi məşğulluq proqramları işlənib hazırlanmış, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə təsdiq edilmişdir.

Dövlət proqramının icra olunduğu illərdə rayon məşğulluq mərkəzinə 1314 nəfər iş axtaran müraciət etmişdir. Bu müddətdə 83 nəfər iş axtaran vətəndaş vakant yerlərə göndərilərək münasib işlə təmin edilmiş, 151 nəfər vətəndaşa işsizlik müavinəti verilmişdir. Aktiv məşğulluq tədbirlərindən sayılan peşə hazırlığı kurslarına böyük önəm verilmişdir: 2008-ci ildə 12 nəfər iş axtaran vətəndaş "elektrik qaynaqçısı" peşəsi üzrə, 12 nəfər iş axtaran vətəndaş "tikişçi", 2009-cu ildə 16 nəfər "ingilis dili", 16 nəfər "traktorçu-maşınçı" peşələri üzrə kurslara göndərilmişdir. Eləcə də 25 nəfər vətəndaş ictimai işlərə cəlb edilmiş, onların müvəqqəti məşğulluqları təmin edilmişdir.

İşsizliyin azaldılması üçün təşkil olunmuş əmək yarmarkalarının da əhəmiyyətini xüsusi vurğulamaq istərdim. 2007-2010-cu illərdə Ağsu rayonunda təşkil edilmiş əmək yarmarkalarında - idarə, müəssisə və fiziki şəxslər də daxil olmaqla - 73 işəgötürən təşkilat 796 boş iş yeri ilə çıxış etmişdir. Yarmarkaların nəticəsi olaraq 260 nəfər işlə təmin olunmuşlar.

Dəqiq hədəflərə hesablanmış iqtisadi siyasətin uğurla davam etdirilməsi deməyə əsas verir ki, ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər həllini tapacaq, xalqımız daha firavan yaşayacaqdır.

 

Bəxtiyar SADIQOV:

- Uzun müddət Ağsuda olmayan insanlar rayona gələrkən buradakı inkişafı xoş təəssüratla qeyd edirlər. Rayonda son illər həyata keçirilən məqsədyönlü işlər, ilk növbədə, genişmiqyaslı quruculuq-abadlıq işlərində əksini tapır. Eyni zamanda, yüksək zövqlə, ardıcıllıqla aparılan abadlıq-quruculuq işləri rayon sakinlərini də razı salır. Ağsu Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Tofiq KƏRİMOV yəqin ki, bütün bunlar barədə daha ətraflı məlumat verəcəkdir.

 

Tofiq KƏRİMOV:

- Ölkənin böyük iqtisadi potensiala malik rayonlarından olan Ağsu son illər, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğı və diqqət Ağsuda da qabarıq duyulur. Rayonda yaradılmış sağlam mənəvi-psixoloji mühit iqtisadi inkişafa, sosial yüksəlişə təkan verir, insanları doğma diyarın hər qarışını cənnətə döndərmək uğrunda inadkar fəaliyyətə ruhlandırır.

Son illər ərzində aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində Ağsu şəhəri qeyri-adi sürətlə gözəlləşir. Onun simasını dəyişən təkcə abad küçələr, rahat yollar, yaşıl xiyabanlar, yaraşıqlı parklar, müasir görkəm alan sosial obyektlər, fərdi və ictimai binalar deyildir. Aparılan uğurlu siyasi-ideoloji iş sayəsində insanların dünyagörüşü, həyata baxışları da köklü şəkildə dəyişmişdir.

Son illər Ağsu şəhərində, rayonun kəndlərində görülən abadlıq-quruculuq işləri rayon əhalisi tərəfindən razılıqla qarşılanır. Belə ki, rayonun "Heydər Əliyev", "Azərbaycan", "Ü.Hacıbəyov", "Nizami", "M.Ə.Rəsulzadə", "Vidadi" küçələrində, "Bakı-Yevlax", "Ağsu-Kürdəmir" magistral yollarının Ağsu şəhərindən keçən hissəsində piyada səkiləri asfaltlaşdırılmış, yaşıllıq sahələri və gecə işıqlandırma sistemləri yenidən qurulmuşdur.

Rayon büdcəsi və daxili imkanlar hesabına Ağsu şəhərinin "Vidadi", "Azərbaycan" və "N.Tağızadə" küçələrində avtomobil yollarına 23760 kvadratmetr, həmin küçələrin piyada səkilərinə 2063 kvadratmetr, "T.Əliyarbəyov", "H.Aslanov", "Ü.Hacıbəyov", "S.Vurğun", "T.Xasıyev", "H.Əliyev", "M.Ə.Rəsulzadə" küçələrinə 59300 kvadratmetr asfalt döşənmişdir.

Rayonun Padar, Daşdəmirbəyli, Aratlı-Curuğlu, Çiyni, Növcü, Pirhəsənli, Ülgüc, Dilman, Xatman və digər kəndlərinin qaz təminatı yaxşılaşdırılmışdır. Ağsu-Bəyimli və Ağsu-Göydəlləkli kəndləri istiqamətində 35 km uzunluğunda yeni qaz kəməri çəkilmişdir və həmin xətlər vasitəsilə rayonun 21 kənd yaşayış məntəqəsinə qaz verilişi təmin olunacaqdır. Rayonun Kəndoba, Bozavand, Kalva, Hacman və Suraxanı kəndlərinin təbii qaz təsərrüfatında təmir-bərpa işləri aparılır.

Burada qeyd olunduğu kimi, Ağsu şəhərinə 25 km uzunluğunda içməli su kəmərinin çəkilməsi təmin edilmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,7 milyon manat vəsait ayrılmışdır. 2010-cu ildə layihənin icrasına başlanılmış, rayonun Quzay kəndi ərazisində olan 4 ədəd bulağın suyunu yığmaq üçün qəbuledici kamera tikilmişdir. Şəhərin ərazisində, Ağsuçayın sağ sahilində 1 ədəd 500 kubmetrlik su anbarı tikilərək şəhər xəttinə qoşulmuş, su anbarlarının yanında bakterisid qurğusu quraşdırılmışdır. Qəbuledici kameradan şəhərin su anbarlarına qədər 219 mm-lik polad borularla 21 km uzunluğunda su kəməri çəkilmişdir. Bundan başqa, su anbarından Pirhəsənli kəndinə 3,7 km uzunluğunda 110 mm-lik polietilen borularla su kəməri çəkilərək 3 yerdə bulaq tikilmişdir.

Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə 8 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün torpaqayırma sənədləri hazırlanmış, sutəmizləyici qurğuların quraşdırılması işlərinə başlanılmışdır. Kəndoba və Ağabəyli kəndlərində sutəmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılmışdır. Rayonun İlxıçı, Çaparlı, Pirhəsənli, Qaravəlli, Qaraqaşlı, Qiyaslı, Rəhimağalı, Şahbəyli, Ərəbuşağı və Növcü kəndlərinin hər birində bir ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir.

Şəhərin yeni salınan məhəllələrində olan küçələrə şeben döşənməklə bərkitmə işləri aparılmışdır. Hazırda şəhərə dairəvi yol çəkilişinin tamamlama işləri aparılır. 14 kilometrlik kənd magistral yoluna asfalt salınmış, 70 kilometrdən çox kənd və kəndarası yollar qum-çınqıl döşənməklə təmir edilmişdir.

Rayon mərkəzində montaj tutumu 2800 nömrə olan analoq tipli, habelə rayonun 12 kənd yaşayış məntəqəsində istismarda olan "ATSK - 50*200" tipli ATS-lər müasir tələblərə cavab verən "Karel" tipli elektron ATS-lərlə əvəz olunmuşdur. Hazırda rayon ərazisində birbaşa internetə qoşulma mümkünlüyü bütün abunəçilər üçün təmin edilmişdir. Ümumi montaj tutumu 3490 nömrə olan analoq tipli ATS-lər montaj tutumu 4476 nömrə olan elektron ATS-lərlə əvəz edilmiş, ATS-lərin montaj tutumu 8476 nömrəyə çatdırılmışdır.

Ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında rayon ərazisində yaşıllıqların salınması və uzunömürlü ağacların əkilməsi, faunanın qorunması işləri də diqqət mərkəzində saxlanılmışdır. Şəhərin küçələrinə, parklara, ictimai və inzibati binaların ərazilərinə, həmçinin magistral yolların kənarlarına ağaclar və bəzək kolları əkilmiş, 19245 kvadratmetr sahədə yaşıllıqlar salınmışdır. Bu işlər uğurla davam etdirilir.

Ümumiyyətlə, rayonda aparılan abadlıq-quruculuq işləri bütövlükdə kəndlərin simasını dəyişdirmiş, şəhərlə kəndlər arasında fərq xeyli dərəcədə aradan qaldırılmışdır.

 

Ənvər SEYİDƏLİYEV:

- Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin icra strukturları qarşısında ilk gündən müəyyənləşdirdiyi ciddi tələblərdən biri də məhz vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə yanaşılması ilə bağlıdır. Ağsu Rayon İcra Hakimiyyəti də fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılmasına əməl olunması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görür. Rayon rəhbərliyinə edilən müraciətlər cavabsız qalmır, vətəndaşların problemlərinin aradan qaldırılması üçün mütəmadi işlər görülür.

Nəzərinizə çatdırmaq istərdim ki, biz müntəzəm olaraq ayrı-ayrı kəndlərdə sakinlərlə səyyar görüşlər təşkil edirik. Həmin görüşlərdə rayonun demək olar ki, əksər vəzifəli şəxsləri, xidmət rəhbərləri iştirak edir. Həmin görüşlərdə əhalinin haqlı olaraq qaldırdığı məsələlərin həlli istiqamətində operativ tədbirlər görməyə çalışırıq. Bu mümkün olmadıqda yuxarı təşkilatlara müraciət edir, onlardan kömək istəyirik. İmkan daxilində hər bir rayon sakininin müraciətinə həssaslıqla yanaşmağa çalışırıq.

Son illər ərzində rayonda 120 layihə həyata keçirilib. Həmin layihələrin bəziləri bu gün də icra olunur. Əlbəttə, bütün bu uğurlarla yanaşı, çətinliklərimiz, problemlərmiz də var. Amma ölkəmizin son illərdə əldə etdiyi uğurlar, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artması bizdə gələcəyə yalnız nikbin təəssürat yaradır. İnanırıq ki, yaxın illərdə rayon sakinlərini narahat edən, qayğılandıran bütün məsələlər həllini tapacaqdır.

 

Bəxtiyar SADIQOV:

- Hesab edirəm ki, burada aparılan müzakirələr Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşdığını bir daha təsdiqləyir. Bu model dünyanın heç bir ölkəsinin inkişaf yolunu təkrarlamır, onların mütərəqqi cəhətlərini özündə əks etdirməklə yanaşı, bəzi xüsusiyyətləri ilə fərqlənir. 2008-2010-cu illərdə əksər dünya ölkələrini iflic edən qlobal maliyyə böhranı şəraitində Azərbaycanın əldə etdiyi uğurlar respublikamızın milli iqtisadi inkişaf modelinin formalaşması ilə bağlı beynəlxalq dairələrdə də ciddi müzakirələrə səbəb oldu. Bu model respublikamıza qarşıya qoyduğu bütün məqsədləri ardıcıl və sistemli şəkildə gerçəkləşdirməyə imkan verir. Azərbaycan heç bir dövlətdən asılı olmadan, daxili imkanları hesabına böyük infrastruktur layihələri həyata keçirir, sahibkarlığın inkişafına dəstək verir, aqrar sahəyə qayğı ilə yanaşır. Biz bütün bu işlərin əyani nümunəsini Ağsu rayonunun təcrübəsində bir daha gördük. Bir zamanlar tamamilə baxımsız olan rayon bu gün özünün yeni inkişaf dövrünü yaşayır, bütün sahələrdə ciddi uğurlara imza atır. Xüsusən də, sahibkarlığın inkişafı, aqrar sahənin dirçəldilməsi sahəsində atılan addımlar böyük maraq doğurur. Hesab edirəm ki, bu uğurlu təməl üzərində görüləcək işlər qarşıdakı illərdə Ağsunun daha böyük uğurlar qazanmasını təmin edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 4, 5.