SSRİ rəhbərliyi
Sumqayıt hadisələrinin qarşısının
alınması üçün heç bir tədbir görməmişdir
Sumqayıt hadisələrindən
23 il keçir
23 il əvvəl - 1988-ci ilin fevral ayında erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və "Daşnaksütyun" partiyasının dəstəyi ilə Sumqaytda qanlı aksiya törətməsi sonradan alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və getdikcə genişlənən müharibənin tərkib hissəsidir.
Sumqayıt hadisələrinin törədilməsinin başlıca məqsədi isə azərbaycanlıları başkəsən, quldur və qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etmək idi.
Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçiləndən sonra onun ətrafına ermənipərəst qüvvələr toplandı. Siyasi məsələlər üzrə Şahnazarov, iqtisadi məsələlər üzrə Aqanbekyan, planlaşdırma məsələləri üzrə Sitaryan onun ən yaxın köməkçiləri oldular. Ölkədə gedən ictimai-siyasi proseslərdən öz məqsədləri üçün istifadə etmək, erməni xalqının arzuladığı torpaq iddiasını qaldırmaq və reallaşdırmaq üçün onlar Qorbaçova məsləhətlər verir, onu bu çirkin və məkrli işə cəlb edirdilər. Lakin Qorbaçov hakimiyyətinin ilk illərində Dağlıq Qarabağı Azərbaycanın tərkibindən ayırıb Ermənistanın tərkibinə vermək çətin idi. SSRİ Nazirlər Sovetinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyev belə ədalətsiz bir məsələnin ali hakimiyyət dairələrində müzakirə olunmasına imkan verə bilməzdi.
Qorbaçovun yaratdığı qeyri-sağlam mühitdə çalışmağın mümkünsüzlüyünü görən Heydər Əliyev 1987-ci ilin oktyabr ayında Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda tutduğu bütün vəzifələrdən istefa verməyə məcbur oldu. Ölkəmizlə bağlı ağır proseslər də bundan sonra başlandı. 1987-ci ilin noyabrında akademik Aqanbekyan Parisdə erməni icması qarşısında çıxış edərək Dağlıq Qarabağın Azərbaycan Respublikasından alınıb Ermənistana verilməsini məqsədəuyğun hesab etdiyi barədə bəyanat verdi. Bu bəyanat xaricdə yaşayan erməni lobbisi tərəfindən alqışlandı və bu işdə Qorbaçova hər cür dəstək olacaqlarına söz verildi. Həmin ilin dekabrında Mixail Qorbaçov xanımı Raisa Maksimovna ilə ABŞ-ın Kaliforniya ştatına səfər etdi və burada erməni icması ilə görüşdü. Görüşdə Dağlıq Qarabağ məsələsi gündəmə çıxarıldı və Qorbaçovdan onun tezliklə ermənilərin xeyrinə həll olunacağı haqqında razılıq alındı. Mixail Qorbaçov Moskvaya qayıtdıqdan sonra Ermənistanın və Dağlıq Qarabağın ayrı-ayrı rayonlarında kütləvi mitinqlər keçirilməyə başlandı.
1988-ci il fevralın 17-də Sov.İKP MK-da erməni icmasının bir qrup nümayəndəsi qəbul olundu. Fevralın 18-də Xankəndiyə qayıdan həmin nümayəndələr mərkəzi meydanda mitinq keçirdilər. Moskvadan səfərdən qayıdan Akopyan və Qabrielyan kütlə qarşısında çıxış edərək Moskvanın onları dəstəklədiklərini bildirdilər və Dağlıq Qarabağ probleminin Ermənistanın xeyrinə həll olunacağı haqqında məlumat verdilər. Azərbaycanın ayrı-ayrı bölgələrində yerli əhali ermənilərin bu antikonstitusion aksiyasına cavab olaraq etiraz aksiyası keçirməyə başladı. Fevralın 19-da Bakıda Mərkəzi Komitənin binası qarşısında mitinq keçirildi. Mitinq iştirakçıları ermənilərin torpaq iddiasını əsassız saydılar, bu işdə Sovet hökumətinin loyal mövqeyini tənqid etdilər. Mərkəzə, Qorbaçova teleqramlar vuruldu, məktublar göndərildi. Lakin Kreml tərəfindən qəti tədbir görülmədi. Dağlıq Qarabağda "Krunk" adlı cəmiyyət yaradıldı. Ona özünün millətçiliyi ilə seçilən tikinti materialları kombinatının müdiri, regionda korrupsioner kimi tanınan Manuçarov rəhbərlik etməyə başladı. "Krunk"un tələbi ilə Dağlıq Qarabağın bütün rayonlarında və vilayətin özündə xalq deputatları sovetlərinin sessiyaları çağırıldı. Gündəliyə isə bir məsələ çıxarıldı - Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən çıxarılsın və Ermənistanın tərkibinə verilsin. Bu antikonstitusion qərar da Moskva tərəfindən sükutla qarşılandı. Ermənistan rəhbərləri, korrupsiyaya qurşanmış qüvvələr, hakimiyyətə can atanlar və kəşfiyyat institutları hadisələri daha da qızışdırmaq, onu kulminasiya nöqtəsinə çatdırmaq üçün planlar cızır, iki milləti üz-üzə qoymağa çalışırdılar.
Sumqayıtda baş verə biləcək hadisələr ermənilərə artıq məlum idi. Burada yaşayan 1000-dək erməni 1988-ci il yanvar ayının 1-dən fevralın 25-dək əmanət kassalarında saxladıqları 8 milyon 343 min 691 rubl pulu təcili çıxararaq Yerevana, Xankəndiyə və Rusiyanın ayrı-ayrı şəhərlərinə köçüb getdilər.
Sumqayıtın sənaye müəssisələrində, təhsil, mədəniyyət və səhiyyə sistemlərində çalışan ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi barədə gizli imzalar toplamağa başladılar. Onlar "Krunk" cəmiyyətinə yardım adı altında adambaşına 50 rubl vəsait keçirirdilər. Gizli iqtisadiyyata rəhbərlik edən "sexovşik"lər onlara mənsub olan istehsal sahələrini söküb Yerevana apardılar.
Həmin günlər Əsgəranda ermənilər tərəfindən iki azərbaycanlı gənc qətlə yetirildi. Dağlıq Qarabağla bağlı problemdə kimin əvvəlcə güllə atdığı mübahisəli olduğundan həmin hadisələrdə iştirak edən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Filipp Bobkov sonradan "KQB i vlast" kitabında yazırdı: "Yenə də mübahisə etmək olar: kim birinci başladı? Azərbaycan tərəfi, yoxsa erməni tərəfi? Fakt faktlığında qalır. İlk qurban azərbaycanlılar oldu. 1988-ci il fevral ayının 22-də Əsgəranda iki nəfər azərbaycanlı gənc qətlə yetirildi".
1988-ci ilin fevralında ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsini qoparıb Ermənistana birləşdirmək üçün açıq fəaliyyətə başladılar. Ayın 25-də Ermənistan milli televiziyası ilə çıxış edən katolikos Vazgen Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini bildirdi. Həmin dövrdə ideoloji cəhətdən tərksilah edilmiş Azərbaycan faktiki olaraq siyasi-psixoloji böhran keçirir və gözlənilməz vəziyyətdən çıxış yolu tapa bilmirdi. Bu amil də fevralın 27-29-da daşnakların Sumqayıtda özlərinin məkrli niyyətlərini həyata keçirmələrinə şərait yaratmışdı.
Fevralın 27-də Sumqayıt şəhər prokuroru İsmət Qayıbov baş vermiş iğtişaşlarla bağlı cinayət işi başlatsa da, artıq dörd gün sonra Moskvadan göndərilmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupu bu işi öz icraatına götürmüş, Sumqayıtın və ümumiyyətlə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarını isə istintaq-əməliyyat tədbirlərindən kənarlaşdırmışdı. Belə bir şəraitdə ermənilərin əvvəlcədən, qeyd-şərtsiz zərər çəkmiş tərəf kimi tanınması asanlaşmış, tutulan ermənilərin hamısı "səhvən yaxalanmışlar" kimi azadlığa buraxılmışdı. Hərbçilər tərəfindən tutulmuş Eduard Qriqoryanın ifşa edilməsi isə istintaqın yox, zərərçəkmiş Mejlumyan bacılarının onu özlərinə qarşı zorakılıq edənlərdən biri kimi tanımaları nəticəsində mümkün olmuşdur. Moskvadan gələn müstəntiqlər Sumqayıtda özlərini həyasızcasına aparır, dindirmələr zamanı azərbaycanlılarla amansız rəftar edirdilər. SSRİ DTK-nın baş müstəntiqi polkovnik Zubtsev Sumqayıt milisinin əməkdaşlarını sorğu-suala tutarkən bu söhbətin məntiqində elə başa düşülmüşdü ki, sovet rəhbərliyini bu qanlı təxribatı təşkil edənlər yox, yerli partiya və sovet orqanlarının, təsərrüfat və istehsalat sahələri rəhbərlərinin şəxsi həyatları, intim münasibətləri barədə kompromat xarakterli məlumatlar daha çox maraqlandırır. Bütün bunlar isə, çox güman ki, bu şəxslər barəsində hansısa tədbirlər görmək, azərbaycanlı rəhbər işçiləri ləkələmək və həbs etmək üçün lazım olmuşdu. Bu isə öz növbəsində azərbaycanlıların əleyhinə daha bir çığır-bağır kampaniyası qaldırmağa imkan verə bilərdi. Sumqayıt hadisələrini törətməklə ermənilər güclü informasiya blokadasına alınmış Azərbaycanı bir küncə sıxmaq, özlərini isə bütün dünyaya "yazıq", "məzlum" bir millət kimi təqdim etmək, bu səbəbdən ermənilərin azərbaycanlılarla bir yerdə yaşamalarının mümkünsüzlüyü barədə fikir formalaşdırmaq niyyətində olublar. Dünya ictimaiyyətinə belə bir informasiya sızdırmışdılar ki, guya, Ermənistandan azərbaycanlılar özləri qəsdən qaçıb Azərbaycana gedir və ermənilərin onları incitmələri barədə yalan məlumatlar yayırlar. Bu məlumatların nəticəsi olaraq azərbaycanlılar öz rəhbərlərinin tapşırığı ilə ermənilərə qarşı "soyqırımı" törədiblər. Göründüyü kimi, eyni ssenaridir, lakin məsələ burasındadır ki, yerli partiya və sovet təşkilatlarının, habelə hüquq-mühafizə və dövlət təhlükəsizlik orqanlarının Moskvaya sözsüz tabeliyi şəraitində onların, guya, azərbaycanlı əhalini ermənilərə qarşı hansısa planlı hərəkətə sövq etməsi mümkün deyildi. Faktlar bunu deməyə əsas verir ki, hadisələr ərəfəsində yerli hakimiyyət strukturları yuxarı hakimiyyət orqanlarına şərait barədə məlumat versələr də, Moskvadan gəlmiş yüksək vəzifəlilər, qoşun hissələri və digər xidmətlərin səlahiyyəti nümayəndələri Sumqayıtda olsalar da, onların gözü qarşısında iğtişaşlar və talanlar baş vermişdir. Bu isə onu göstərir ki, hadisələr Moskvadan idarə olunur və izlənilirdi. İğtişaşların başında duran Eduard Qriqoryan isə təsadüfən ələ keçmişdi. Ləzgi bilib həbs etmiş və tanınmaya təqdim edilərkən əsl sifəti məlum olduğundan onu aradan çıxarmaq mümkün olmamışdı. Qriqoryan uzun müddətə azadlıqdan məhrum edilsə də, sonradan onun cəzasının qalan hissəsini çəkmək üçün Ermənistana göndərilməsi də çox şeylərdən xəbər verir. Xatırladaq ki, Adolf Sukiasov adlı erməni hətta məhkəmədə şahid kimi ifadə verərkən "Sumqayıt hadisələrini azərbaycanlılar yox, ermənilər özləri törədiblər", - deyə etiraf etmişdi.
Sumqayıtda yaşayan ermənilərin bir qisminin erməni millətçi-ekstremist fikir daşıyıcıları olmasına dair məlumatlar keçmiş Azərbaycan SSR DTK-nın arxivində saxlanan və istintaqa təqdim olunmuş "Nalyotçik" ("Basqınçı") kodu altında əməliyyat işinin materialları arasında olan sənədlərdə də rast gəlinir. Məsələn, əməliyyat işinin 146-147-ci vərəqlərində rus dilində tərtib edilmiş siyahıdan görünür ki, bu siyahı Sumqayıt şəhərindəki hadisələr ərəfəsində DTK orqanları tərəfindən hazırlanmış 47 ekstremist erməni barəsindədir. Qeyd edək ki, adları çəkilən ermənilərin heç biri şəxsən zərər çəkməmişdir.
1991-ci ilin avqust ayında Moskvada baş vermiş çevrilişlə əlaqədar başlanmış cinayət işi üzrə yaradılan istintaq qrupunun tərkibində intihar etmiş sabiq SSRİ daxili işlər naziri Boris Puqonun xidməti otağında aparılan axtarış zamanı rəflərdəki sənədlər arasında Mesxeti türklərinin Özbəkistandan qovulması, Dağlıq Qarabağ və digər bu cür hadisələrlə əlaqədar ayrı-ayrı qovluqlar aşkar edilmişdir. Qovluqdakı sənədlərdə Dağlıq Qarabağda fəaliyyət göstərmiş "Krunk" təşkilatı, onların üzvləri barədə, ümumən Dağlıq Qarabağ hadisələri haqqında SSRİ DİN-ə daxil olan ilk məlumatlar öz əksini tapmışdır. Bu məlumatlar həm Ermənistan, həm də Azərbaycan Daxili İşlər nazirliklərinin arayışlarından, eləcə də SSRİ DİN-in müvafiq idarələrinin məlumatlarından ibarət olmuşdur. Bu faktın özü də onu göstərir ki, bütün baş verənlər barədə SSRİ rəhbərliyinin ilk günlərdən ətraflı məlumatı olmuş, lakin müəmmalı səbəblərdən gözlənilən hadisələrin qarşısını almağa heç bir cəhd göstərilməmişdir.
(Ardı var)
Akif CABBARLI,
Bəşir ŞƏRİFLİ
Azərbaycan.- 2011.-25 fevral.- S. 8.