Xocalı soyqırımına gedən
yol
19 il əvvəl fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət tarixinə ən qanlı və dəhşətlər dolu səhifə kimi daxil oldu. Həmin gecə insan adlandırılmağa layiq olmayan cəlladlar tərəfindən bir şəhərin güllələrlə yazılmış ölüm hökmü oxundu. Erməni quduzları növbəti dəfə Xocalıda təkcə Azərbaycan xalqına yox, bütün bəşəriyyətə qarşı sözlə ifadəsi mümkün olmayan bir cinayət törətdilər. Bundan əvvəl də azərbaycanlılara qarşı soyqırımı həyata keçirərkən ermənilər soydaşlarımızı kütləvi şəkildə gülləbaran etmək, onları çalalara doldurub diri-diri basdırmaq, hamilə qadınların qarnına süngü keçirib ana ilə birgə hələ dünyaya göz açmamış körpəni qətlə yetirmək, insanları məscidə doldurub yandırmaq, bellərinə qaynar samovar bağlamaq və digər işgəncə metodlarından geniş istifadə etmişdilər. Xocalıda isə bu metodlar sırasına yeniləri və daha tükürpədiciləri daxil edildi.
Erməni cəlladları iş
başında
Düşmənin Xocalını əsas hədəf kimi seçməsi və buraya hücuma hazırlaşması barədə şəhərdə olanlar tərəfindən o vaxtkı Azərbaycan rəhbərliyinə lazımi məlumatlar verilmişdi. Gedən proseslərdən mərkəzi hakimiyyət tam məlumatlı idi. Lakin hər hansı qabaqlayıcı tədbir görülmədi. Digər tərəfdən, həmin vaxtlar hakimiyyətə gəlmək istəyən AXC də bir tərəfdən hakimiyyəti iflic vəziyyətinə salmışdı. İqtidardakı qüvvə kreslosunu qoruyub saxlamaq, AXC də hakimiyyətə gəlmək istəyirdi. Bakıda başlar hakimiyyət davasına qarışdığından təkcə Xocalı yox, külli Qarabağ taleyin ümidinə buraxılmışdı. Belə vəziyyət erməniləri daha şirnikləndirir, Xocalını ələ keçirmək planlarının daha tez həyata keçrilməsi üçün onlara sanki bir stimul verirdi.
Xocalıya hücum fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxarılması, toplardan, tanklardan, "Alazan" tipli zenit raketlərindən 2 saatlıq atəşdən sonra başlandı. Güclü artilleriya atəşi şəhərdə olan müdafiə postlarını və müdafiə nöqtələrini sıradan çıxardı. Bundan sonra şəhərə üç istiqamətdən hücum aparıldığından Xocalıda olanlar Əsgəran istiqamətində çıxmağa məcbur olmuşdu. Tezliklə aydın oldu ki, bu, məkrli hiylə imiş. Əsgəran istiqamətinə hərəkət edən əhalinin Naxçivanik kəndi yaxınlığında qarşısı erməni silahlı dəstələri tərəfindən kəsildi. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi.
Şəhəri artilleriya atəşinə tutduqdan sonra gecə saat 1-dən başlayaraq 4-ə qədər piyadaların şəhərə daxil olması davam etdi. Xocalı müdafiəçiləri səhərə qədər düşmənə güclü müqavimət göstərsələr də, qüvvələrin qeyri-bərabər olması döyüşün taleyini həll etdi. Şəhərdə axırıncı müqavimət məntəqəsi səhər saat 7-də susduruldu. Bu işdə yenə də 366-cı alayın texnikasından geniş istifadə olundu. Ümumiyyətlə, bu alay Xocalı ilə yanaşı, Azərbaycanın digər kəndlərinin də atəşə tutulmasında dəfələrlə iştirak edib. Bunun əsas səbəblərindən biri də alayda xeyli sayda erməninin olması idi. 366-cı alayın Xocalıya hücumunda Ermənistanın indiki müdafiə naziri Seyran Muşeqoviç Ohanyan da yaxından iştirak edib. Xocalının işğalına dair istintaq materiallarından belə məlum olur ki, məhz onun komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Valeriy İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir Xocalıya hücumda iştirak edib. Faciənin törədilməsinə xeyir-dua verənlər sırasında Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və işğalçı ölkənin indiki dövlət başçısı Serj Sarkisyan da yer alır. Hələ 1992-ci ildə erməni ordusuna müraciətində Levon Ter-Petrosyan deyirdi: "Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir". Dağlıq Qarabağ separatçılarına rəhbərlik edən Robert Koçaryan da eyni mövqenin sahibi idi. Ermənistanın indiki rəhbəri Serj Sarkisyan isə 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bu mənada Sarkisyanın Tomas de Vaalın "Qara bağ" kitabında yer alan aşağıdakı fikirləri də çox şey deyir: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o steorotipi sındırdıq".
Qətlə yetirilmiş
uşaqların sinəsini yarıb ürəklərini
parçalamışdılar
Faciə baş verən gün əsasən qadınlar, uşaqlar və qocalardan ibarət dəstə Qaraqaya tərəfə üz tutaraq Əsgəranın qarşısında, meşədə gizlənmişdi. Adamlar gecə şaxtalı havada səhərə qədər dayanıb gözlədikdən sonra dan yeri ağaran zaman meşədən çıxıb Ağdama tərəf hərəkət etmək istəyəndə pusquda dayanan ermənilərin güllələrinə tuş gəldilər. Təlaş və vahimə içərisində qaçan adamların bir dəstəsi də böyük çətinliklə Dəhraz kəndinə gəlib çıxsalar da, burada yenə silahlı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildilər, əsir götürüldülər. Kətik meşəsinə qaçanlardan da xeyli insan qətlə yetirildi. Silahsız insanlara qarşı kütləvi qətllər törədən, soyqırımı həyata keçirən ermənilər ən vəhşi üsullardan, işgəncə metodlarından istifadə edirdilər. Bununla kifayətlənməyərək öldürülmüş insanların meyitlərinin başına da min bir oyun açdılar.
Baş verənləri Xocalı sakinləri belə xatırlayırlar:
Camal Heydərov: "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb urəklərini parcalamış, əksər meyitlər isə tikə-tikə doğranmışdı". Şahin Heydərov Naxcıvanik kəndi yaxınlığında 80-ə yaxın meyit görmüşdür. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Hümbətov Cəlilin gözü qarşısında ermənilər həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Sudabəni gullələmişdilər.
Kubra Paşayeva Kətik meşəsinə girəndə ermənilərin muhasirəsinə düşmüşdü. Gizləndiyi kolluqdan həyat yoldaşı Şura Paşayevin, oğlu Elşadın güllələnməsinin şahidi olmuşdu. Xocalı işğal olunan zaman Xəzəngül Əmirovanın ailəsini erməni silahlıları bütünlüklə girov götürmüşlər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar. Zoya Əliyeva 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donub ölmüşlər. Səidə Kərimovanın qızı Nəzakəti, yanında olan Tapdığı, Səadəti, İradəni işgəncə ilə qətlə yetirmişlər. Səriyyə Talıbova isə belə bir dəhşətli hadisənin şahidi olmuşdu: "Bizi erməni qəbiristanlığına gətirdilər... Burada erməni döyüşçüsünün qəbri üstündə 4 məhsəti türkünü və 3 azərbaycanlını qurban kəsdilər... Sonra valideynlərinin gözü qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər... Az sonra milli ordunun formasında 2 azərbaycanlı gətirdilər, ucu iti dəmirlə onların gözlərini çıxardılar". Faciə baş verən zaman 11 yaşı olan Ramil Həsənov xatırlayır ki, dostlarım Elçin və Elgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular.
Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyit (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdi ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülüb, meyitlərin əksəriyyətinin baş dəriləri soyulub, burunları, qulaqları və digər orqanları kəsilib.
Körpələr diri-diri
yandırılırdı
Törədilən vəhşilikləri sonradan ermənilər özləri də açıq etiraf edirdilər. Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Daha bir erməni müəllif, yazıçı-jurnalist David Xerdiyan da Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi... Martın 2-də "Qaflan" erməni qrupu türklərin cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrlyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Baş verən bu dəhşət haqqında dünya mediasında aşağıdakı fikirlər yer almışdı: "Krua l''''Eveneman" jurnalı (Paris): Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər. "Sandi Tayms qəzeti" (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər. "Faynenşl Tayms" qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir. "Tayms" qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. "İzvestiya" (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
"Faynenşl Tayms" qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır. "Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. "İzvestiya" (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
"Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R.Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalının özündə 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaralardan əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib,1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini ermənilər şəhərdən çıxartmağa imkan verməyib, ona görə də yalnız 335 nəfərin meyitini dəfn etmək mümkün olub. Bu günə qədər onlarla Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda saxlanılırlar. Bütün bunlar onu göstərir ki, ermənilərin Xocalını ələ keçirməkdə əsas məqsədlərindən biri də dinc əhaliyə qəddar formada divan tutmaq olub.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-25 fevral.- S. 9.