Şamaxıdakı Heydər Əliyev
Mərkəzində istedadlı gənclər yetişir
Son illər uğurlu inkişaf dövrünü yaşayan Şamaxı şəhərindəki möhtəşəm tikililərdən biri də Heydər Əliyev Mərkəzinin binasıdır. 2009-cu il noyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə açılışdan sonra Mərkəz rəsmi fəaliyyətə başlayıb. Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən 555 eksponat saxlanılır. Heydər Əliyev irsini araşdıran 15 nəfərlik tədqiqat qrupunun tətbiqi sənət nümunələrinin, video-audio, həmçinin qəzet materiallarının toplanmasında xüsusi əməyi var. 1290 kvadratmetr ərazidə yerləşən mərkəzdə 18 nəfərlik konfrans zalı, 45 nəfərlik kinozal, 451 kvadratmetrlik ekspozisiya salonu və fondsaxlama sahəsi mövcuddur.
Qeyd etmək lazımdır ki, mərkəzin qonaqları çox olur. Şamaxıya gələn turistlərin də seçdikləri əsas marşrutlardan biri Heydər Əliyev Mərkəzidir. Mərkəzin rəy və təkliflər kitabını vərəqləyərkən bunun bir daha şahidi olduq. Maraqlıdır ki, təkcə ötən il mərkəzə 7 mindən yuxarı ekskursiyaçı gəlib.
Mərkəzdə multmedia studiyası, xalq sənətkarlığı studiyası, elektron kitabxana, kompüter kursu, rəsm studiyası fəaliyyət göstərir. Ümumilikdə 140-a yaxın gənc bu dərnəklərdə məşğul olur. Mərkəzin direktoru vəzifəsini icra edən Rəfael Tağızadə bildirdi ki, yaxın zamanlarda muğam studiyasının və gənc təbiətçilər klubunun yaradılması da nəzərdə tutulub.
Rəsm studiyasına rəsam İlahə Qədirova rəhbərlik edir. Burada 20-dən çox istedadlı gənc məşğələlərə gəlir. Təbiətin və qəhrəmanlığın tərənnümü gənc rəsm həvəskarlarının sevimli mövzularıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, apreldə ölkə paytaxtında keçiriləcək rəsm sərgisinə dərnək üzvləri böyük məsuliyyətlə hazırlaşırlar.
Xalq sənətkarlığı studiyasında bu sahənin bilicilərindən sayılan Sevda Səlimova gənclərə tikmə və toxumanın sirlərini öyrədir.
Yüzə yaxın gənc isə Məhəmməd Əliyevin rəhbərliyi altında elektron kitabxanada və kompüter kurslarında bilik və bacarıqlarını artırırlar.
Yaradılması nəzərdə tutulan muğam studiyasına Şamaxı İncəsənət və Uşaq Musiqi məktəblərinin müəllimləri Habil Şıxəliyev və Gülxar Məmmədova cəlb olunub. Məhz onların rəhbərliyi altında Şamaxı gəncləri bu ecazkar sənətin sirlərinə yiyələnməyə çalışacaqlar.
Mərkəzdə məşğələlər günortadan sonra başlanır. Ona görə məktəblilərin dərnəklərə davamiyyəti üçün heç bir problem yaranmır. Arzu Bəşirova, Humay Əliyeva, Nərmin İsgəndərova (xalq sənətkarlığı studiyası), Ülkər Mehdiyeva, Əzizə Baxşiyeva, Xəyal Şirinov (kompüter kursu), Fatimə Abbasova, Rövşən Əlipənahov (rəsm studiyası) və digər dərnək üzvləri öz bacarıq və istedadları ilə müəllimlərini sevindirirlər.
Multimedia studiyasının rəhbəri Nicat Əhmədli burada gənclərin vətənpərvərlik ruhunun artırılmasına xüsusi diqqət yetirildiyini də vurğuladı. Dərnəklərə üzv olmaq istəyən gənclər Mərkəzin işi ilə ətraflı tanış olduqdan sonra məşğələlərə başlayırlar. Hər bir gənc yaxşı başa düşür ki, ulu öndərin adını daşıyan Mərkəzdə onlar istedadlarını artırmaqla yanaşı, dünyagörüşlərinin formalaşmasına, vətənpərvərlik duyğularının yüksəldilməsinə də ciddi fikir verməlidirlər. Müasir dövr, o cümlədən dünyanın müasir ölkələrindən birinə çevrilən Azərbaycanımız onlardan məhz bunu tələb edir.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2011.-25 fevral.- S. 10.