Qəbələ qışda da füsunkardır

 

Azərbaycanın bənzərsiz gözəlliklərə malik rayonlarından biri Qəbələdir. Son dövrlər görülən abadlıq-quruculuq işləri, həyata keçirilən sosial-iqtisadi layihələr Qəbələni daha da füsunkar etməklə yanaşı, insanların güzəranlarını da xeyli yaxşılaşdırıb. Qeyd etmək lazımdır ki, rayonun turizm istirahət məqsədləri üçün təbii potensialı da böyükdür. Çoxsaylı tarixi abidələr, düzənlikdən yüksək dağ zonasına qədər bir-birini əvəzləyən gözəl təbiət mənzərələri, zəngin meşə örtüyü, əlverişli iqlim, gur dağ çayları, mineral qeyri-mineral bulaqlar, barlı-bəhərli meyvə bağları turizmin inkişafı üçün mühüm amillərdən sayılır.

Qəbələdə 12 turizm obyekti var. Bu turizm-istirahət mərkəzləri dağ, çay, meşə zolaqları ilə əhatə olunur. Hər bir obyektdə istirahət üçün gözəl şərait yaradılıb. Geniş ərazilərdə atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, üzgüçülük hovuzları, buz üstdə konki meydançası, alpinizm məşğələləri hər bir turisti maraqlandırır.

Keçən il Qəbələnin turizm-istirahət obyektlərinə 30 min 450 turist gəlib. Onlardan 26 min 124 nəfəri yerli, 4 min 326 nəfəri isə xarici turist olub.

Hər il respublika paytaxtında keçirilən turizm sərgilərində rayona aid çoxsaylı eksponatların nümayişi, turizm mərkəzlərinin nailiyyətləri barədə dolğun məlumatlar Qəbələnin turizm obyektlərinə marağı daha da artırır.

Bu yaxınlarda qarlı-şaxtalı bir gündə yolumuz Qəbələyə düşmüşdü. Bir gün əvvəldən yağan qar hər yeri ağappaq etmişdi. Zəif dumanın içindən qarlı dağlar həm əzəmətli, həm çox əsrarəngiz görünürdü.

Hava elə gözəl, elə xoş idi ki...

Rayonun enişli-yoxuşlu avtomobil yollarının qarı kürünüb təmizlənmişdi. Maşınlar rahat hərəkət edirdi. Elə piyadalar üçün keçid cığırları açılmış, səkilər təmizlənmişdi. Səhər tezdən olduğuna görə hər kəs işinə-gücünə tələsirdi. Yolumu əsaslı yenidənqurma işləri bu yaxınlarda başa çatmış Heydər Əliyev parkından saldım. Hər yanda qarın gözəlliyi, təmizliyi göz oxşayırdı. Burada da hərəkət üçün cığırlar təmizlənmişdi. Parkın qış mənzərələrini fotoaparatın yaddaşına köçürdükcə düşünürdüm ki, Qəbələnin qarlı-çiskinli qışının gözəlliyi digər fəsillərin füsunkarlığından heç geri qalmır. Qəbələdə qış turizmini inkişaf etdirməyin vaxtı çatıb. Bu çox vacib əhəmiyyətli məsələ olmalıdır. Tezliklə bu "qar gözəlliyi"nin sehrini turistlərlə paylaşmaq faydalı olardı.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S., 10.