Xocalı soyqırımı sülh və bəşəriyyət əleyhinə cinayətdir

 

Müharibə qan-qada, ölüm-itim, dağıntı ilə yadda qalır. Ona görə də "müharibənin yaralan dərin və sağalmazdır", - deyiblər. Lakin tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri də olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, "yaralarından təkcə qan yox, qanlı göz yaşları süzülür", Xocalı müsibəti, Xocalı dəhşətləri, nəhayət, bu gün Avropanın bir çox məkanlarında eşidilməkdə olan Xocalı harayları kimi...

Ötən əsrin 90-cı illərində Azərbaycan torpağında bir daha ermənilər tərəfindən xalqımıza qarşı insanlığa yaraşmayan vəhşilik, qəddarlıq, zorakılıq törədildi. 26 fevral 1992-ci il tarixində Xocalıda törədilən soyqırımı həm də sülh və bəşəriyyətin əleyhinə olan cinayətdir. Onun əsas ictimai təhlükəliliyi bu cinayətin törədilməsi nəticəsində milli mədəniyyətin, adət-ənənələrin, yaşam tərzinin insanlarla birlikdə məhv edilməsindədir.

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar olaraq "Yaddaşın yolları" adlı sərginin keçirilməsində də məqsəd bir daha belə fəlakətlərin bəşəriyyət üçün təhlükəsini gənc nəslin diqqətinə çatdırmaqdan ibarət idi. Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, həmçinin Qərb universitetlərinin tələbələrinin 40-dan çox rəsm, heykəltaraşlıq və qrafika əsərləri nümayiş etdirildi.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Rəssamlıq Akademiyasının müəllimi Rauf İsmayılov, elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova və bələdçi Gülay Ramazanovanın və digərlərinin çıxışlarında xalqımızın qan yaddaşına yazılan belə fəlakətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasının mahiyyəti açıqlandı. O da xüsusi vurğulandı ki, son illər dövlət və qeyri-hökumət təşkilatları tərəfindən aparılan təbliğatın şəbəkəsi genişlənib. Heydər Əliyev Fondunun bu təbliğatda öndə getməsi isə bütün diaspor təşkilatları üçün nümunəyə çevrilib.

Tədbirdə qeyd edildi ki, hər bir xalqın tarixi ilk növbədə onun maddi mədəniyyətində, həmçinin incəsənət əsərlərində daha çox yaşarı, uzunömürlü olur. Bu baxımdan Xocalı faciəsinin dəhşətlərini rəsm, foto, heykəltaraşlıq nümunələrində tarixləşdirmək təbliğat nöqteyi-nəzərdən olduqca vacibdir.

Bakı Humanitar Kollecinin 225 və 280-ci qrup tələbələrinin (məktəbin sənət müəllimi İmran Vahidovun quruluşunda hazırlanmış) ədəbi-bədii kompozisiyası isə daha çox yaddaqalan oldu. Xocalı fəryadlarını Şəlalə ilə Röyal, Türkanə və Əfsanə, Həcərxanım, Gülərlə Maya, Sevinclə Cəmilə kimi, Nəzrinlə Binyamin də tədbir iştirakçılarına fitri istedadları, vətənə, anaya, torpağa məhəbbətləri ilə çatdırdılar.

 

 

Məhəmməd Nərimanoğlu

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 11.