Türkiyədə Xocalı soyqırımına həsr
olunmuş sərgi keçirilmişdir
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADeF) təşkilatçılığı ilə Sabancı Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş sərgi keçirilmişdir.
TADeF-in sədri Bilal Dündar bildirmişdir ki, sərgidə nümayiş etdirilən fotolar Ermənistanın törətdiyi Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən dəhşətli cinayət olduğunu göstərir.
Sədr faciə nəticəsində Xocalının 613 dinc sakininin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin isə əsir götürüldüyü barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Xocalının dinc sakinlərinə qarşı soyqırımı törədən ermənilərin hazırda özlərinə bəraət qazandırmağa çalışdıqlarını deyən B.Dündar vurğulamışdır ki, buna baxmayaraq bu dəhşətli cinayət heç vaxt unudulmayacaqdır. Biz bunu hər zaman xatırlayacağıq.
Türkiyəli deputat Sibel Gönül də bu qanlı hadisənin tarixdə bir qara ləkə olaraq xatırlanacağını bildirmişdir.
Sərginin təşkilatçıları martın 2-də Kocaeli Universitetində "Cənubi Qafqazda soyuq müharibə və Xocalı soyqırımı" mövzusunda "dəyirmi masa"nın da təşkil olunacağını bildirmişlər.
Tədbirdə Derince Azərbaycan Evi Dərnəyi, Gebze Azərbaycan Evi Dərnəyi, Türkiyə-Azərbaycan Gənclər Təşkilatı, Kocaeli Krım Tatarları və Rumeli dərnəkləri, Kocaeli Roman Dərnəkləri Federasiyası, Kocaeli Maarifçilər Ocağı və şəhər bələdiyyəsinin nümayəndələri, deputatlar iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2011.-25 fevral.- S. 11.