II Respublika muğam müsabiqəsinin
qalibləri müəyyənləşdirilmişdir
Fevralın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsinin yekununa həsr edilmiş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşmışdır.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyevin təhsilin, mədəniyyətin inkişafına daim böyük önəm verdiyini xatırlatmış, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Nazir Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
milli mənəvi dəyərlərimizin qorunub
saxlanılmasına, mədəniyyətin inkişafına
göstərdiyi diqqət və qayğıdan
danışmışdır.
Azərbaycan muğam sənətinin
dünya mədəniyyətində özünəməxsus
yeri və rolu olduğunu qeyd edən M.Mərdanov müsabiqənin
əhəmiyyətini vurğulamışdır.
Tanınmış
mədəniyyət xadimlərinin, sənətsevərlərin
iştirak etdikləri tədbirdə müsabiqənin sonuncu
turunun nəticələri açıqlanmışdır.
Üç turdan ibarət olan və 18 yaşından 35
yaşınadək iddiaçıların iştirak etdikləri
müsabiqənin nəticələrinə görə, Azərbaycan
Milli Konservatoriyasının tələbələri Aytən Məhərrəmova,
Ehtiram Hüseynov və Asəf Zeynallı adına Musiqi
Kollecinin tələbəsi Nişanə Baxışova
müvafiq olaraq I, II və III yerləri tutmuşlar. Qaliblər
mükafatlandırılmış və onlar mart ayında
ölkəmizdə keçiriləcək II Beynəlxalq
Muğam Festivalında iştirak etmək hüququ
qazanmışlar. Müsabiqənin qalibi olmuş gənclər
muğamlarımızı ifa etmişlər.
Azərbaycan.- 2011.-25 fevral.- S. 11.