Almaniyada Azərbaycan ədəbiyyatı və musiqisinin təqdimat mərasimi keçirilmışdir

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq Almaniyanın Koblenz şəhərindəki Namedy qəsrində "Azərbaycan özünü təqdim edir - Azərbaycana ədəbi və musiqi ilə səyahət" mövzusunda ədəbi-bədii və musiqili tədbir keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Namedy qəsrinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Forumunun (AAF) birgə əməkdaşlığı ilə təşkil edilmiş tədbirin açılışında AAF sədrinin müavini Reza Talebi-Dəryani və qurumun idarə heyətinin üzvü, AAKM-ın icraçı direktoru Samira Patzer-İsmailova çıxış edərək ölkəmiz haqqında ətraflı məlumat vermişlər.

Gecənin musiqili hissəsində Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin mahnılarını opera müğənnisi Silke Hartstang Azərbaycan və rus dillərində məharətlə ifa etmişdir. Fortepianoda müğənnini həmyerlimiz, Köln Ali Musiqi Məktəbinin dosenti Elnarə İsmailova müşayiət etmişdir. Elnarə İsmailova, həmçinin bəstəkarlarımızın solo əsərlərini ifa etmişdir.

Gecənin ədəbi hissəsində qonaqlar bədii qiraətçi Peter Tonqerin ifasında Mirzə Şəfi Vazehin şeirlərini, "Tık-tık xanım" nağılını, Qurban Səidin "Əli və Nino" kitabından parçaları dinləmişlər. Gecəni idarə edən Samira Patzer-İsmailova tədbirin həyata keçirilməsinə maraq və kömək göstərdiyinə görə qəsrin sahibəsi, şahzadə xanım Hayde von Hohenzollerna təşəkkürünü bildirmişdir.

Uğurla keçən tədbirdə çoxlu sayda alman və azərbaycanlı qonaqlar iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 11.