Sonuncu mogikanlardan biri

 

Azərbaycanda bugünkü kütləvi informasiya vasitələri bolluğunda jurnalist qıtlığı var. Sözsüz ki, söhbət peşəkar, sözünün və özünün qədrini bilən jurnalistlərdən gedir. Belə jurnalistlərin böyük bir qismi ya təqaüd yaşındadır, ya da məsuliyyətsiz sözün meydan suladığı indiki vaxtda etiraz əlaməti olaraq geri çəkilib. Amma bir qisimləri də var ki, jurnalistikanın, mətbu sözün keşiyində dayanmağı, məqamı gələndə "qəzetçi Rza bəy"lərə yerlərini göstərməyi, cavan istedadlara "master klass" keçməyi özlərinə borc bilirlər. Onlar üçün jurnalistika təkcə seçdikləri peşə, qələm, yalnız "çörək ağacı" deyil, həm də mənəviyyat, vicdan, cəmiyyət qarşısında borc deməkdir.

Bu gün ömrünün 61-ci pilləsinə qədəm qoymaqla yaş cəhətdən valideynlərinin "üzünə ağ olan" (həm də üzlərini ağ edən) Şakir Yaqubov məhz belə jurnalistlərdəndir. Şakir Yaqubov 37 ildir jurnalistikada, sözün həqiqi mənasında, külüng vurur. Onu yaxından tanıyanlar, onunla birgə işləyənlər yaxşı bilir ki, Şakir yorulmağın nə olduğunu bilən deyil! Deyil deyirik ona görə ki, hətta səhhəti ilə bağlı bir müddət qələmə kənardan baxdığını etiraf etsə də, bu ayrılığın müvəqqəti olduğuna əminik. Əminik ki, səhhəti, əhvalı fürsət verən kimi o, yenə də cəmiyyəti narahat edən mövzulardan yazacaq, fikirlərini, mülahizələrini, oxucularla bölüşəcək.

Oxucu demişkən. Şakir Yaqubov istər cavan yaşlarında, istərsə də indiki ahıl vaxtında imza üçün yox, oxucu, özü də səviyyəli, söz qədri bilən, onu oxuyub payını götürən oxucu üçün yazan jurnalist olmuşdur. İndiyəcən onun həcmindən asılı olmayaraq qələmindən çıxan elə bir yazı yoxdur ki, oxucunu düşündürməsin. Ş.Yaqubov hətta başqalarına ilk baxışda adi məişət məsələsi kimi görünən hadisəni oxucunun gözündə cəmiyyətin ictimai problemi səviyyəsinə qaldıra bilən söz sahibidir. Onun üçün söz adi bir ifadə vasitəsi deyil. Yəqin elə buna görədir ki, o, jurnalistlik fəaliyyətinin bütün dövrlərində bir qəzetçi olaraq bu prinsiplə yaşayıb-işləmiş və özünün dediyi kimi, "bircə kəlməsini də yalamamışdır".

Şakir Yaqubov qələmindən çıxan sözə olduğu qədər işinə də məsuliyyətlə yanaşan jurnalistdir. İndiki "Azərbaycan" qəzetinin "Həyat" adı ilə nəşrinin ilk illərində Ş.Yaqubovla çiyin-çiyinə işləmiş həmkarlarımızın əksəriyyəti bu məsuliyyəti ondan, daha doğrusu, baş redaktorun birinci müavini kimi onun tələbkarlığından öyrənmişdir. Bu həmin illər idi ki, qəzet Azərbaycan SSR Ali Sovetinin orqanı kimi təzəcə nəşrə başlamışdı. Bütün redaksiya bir otaqda yerləşirdi. Qəzetin rəhbərliyindən tutmuş müxbirlərəcən orada otururdu. Baş redaktor Ə.Əfqanın təşkilati işlərlə başı qarışıq olduğundan gündəlik 70 min tirajla çıxan qəzetin bütün yaradıcılıq yükü Şakir Yaqubovun çiynində idi. O, səhər saat 9-dan gecə qəzet çapa verilənəcən redaksiyada olurdu. Kiçik bir xəbər də olmazdı ki, Ş.Yaqubov onu gözucu nəzərdən keçirsin. Hamımız bilirdik ki, bütün yazıları sərlövhəsindən imzasınadək oxumaq onun şakərindən deyil, məsuliyyətindən irəli gəlir. Eyni zamanda Ş.Yaqubovun həm də redaktə ustası olduğunu bilirdik. Hətta redaksiyamızın döşünə döyüb özünü kamil qələm ustası hesab edən jurnalistləri belə onun redaktəsindən razı qalırdılar. Çünki Şakir Yaqubov sözün məsuliyyəti və qədri kimi, yerini və məqamını da yaxşı bilən redaktorlardandır.

Deyəsən, həmkarımızı birtərəfli təqdim edirik axı... Sadə insan, təmənnasız dost, yoldaş və nümunəvi ailə başçısı - indi ətrafımızda korluğunu çəkdiyimiz bu keyfiyyətlərin hamısı Şakir Yaqubovda var. Qaraqabaq, xoş sözləri və tərifi həddən artıq xəsisliklə dilinə gətirən Ş.Yaqubov əslində özü boyda ürək sahibidir. O, həm də halal adamdır, indiyəcən həyatda nə qazanıbsa, hamısı qələmi və zəhməti hesabınadır. Söhbət heç də maddi qazancdan getmir. Jurnalistin, özü də Şakir Yaqubov kimi gözütox jurnalistin maddi nə qazancı olacaqdı ki... Onun bu 60 ildə qazandığı cəmiyyətdəki təmiz adı və həmkarları arasındakı hörmətidir. Bir də sözsüz ki, müəllifi olduğu onlarla yazıları və kitabları.

Bəli, Şakir Yaqubov çalışdığı bütün qəzetlərdə ("Azərbaycan gəncləri", "Kommunist", "Həyat" - indiki "Azərbaycan", "Səhər", "Sirdaş", "AFFA news", "Panorama"), dövlət idarəsində (Auditorlar Palatası) işinin başından aşmasına baxmayaraq, 6 kitaba ("Mən şahidəm ki...", "Qətiyyətin təntənəsi", "Hakim mərkəzi göstərir", "Bizim səfər haçandı?", "Banişevski olduğu kimi", "Taleyimdən keçənlər") müəlliflik, "On ikinci şeyxülislam" adlı kitaba həm- müəlliflik, məşhur islamşünas alim Q.E.fon Qrünebaunun "Klassik islam" kitabına və digər çoxsaylı əsərlərə tərcüməçilik, eləcə də Bəxtiyar Sadıqov, Vasif Səmədov, Müsəllim Həsənov, Adil Qaçayoğlu kimi tanımış jurnalistlərin kitablarına və auditə aid 30-dək elmi kütləvi nəşrə redaktorluq etməyə də vaxt tarmışdır.

İndi o, bu vaxtın müdriklik çağındadır. İnanırıq ki, Şakir Yaqubov səhhətindəki problemlə bağlı kənara qoyduğu qələminə tezliklə yenidən sahib çıxacaq və oxucularla görüşə təkcə verdiyi müsahibələrlə yox, həm də ürəyini deşən mövzularla gələcək.

 

 

R.MƏMMƏDOV

 

Azərbaycan.- 2011.-25 fevral.- S. 12.