Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının
sosial müdafiəsinin gücləndirilməsi, gömrük
işi sahəsində prosedurların sadələşdirilməsi
və şəffaflığın artırılması ilə
əlaqədar bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının
və mülki işçilərinin sosial müdafiəsini
gücləndirmək, gömrük işi sahəsində
prosedurları sadələşdirmək və şəffaflığı
artırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası
gömrük sisteminin büdcədənkənar inkişaf
fonduna daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi
olan əməkdaşlarının və mülki
işçilərinin aylıq vəzifə maaşlarına əlavənin
verilməsi üçün istifadə olunsun.
2. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə,
Daxili İşlər və Ədliyyə nazirliklərinə
tapşırılsın ki, Azərbaycan Respublikası ərazisinə
idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi,
dövlət qeydiyyatının aparılması, daimi
uçota alınması, nəqliyyat vasitəsinin dövlət
qeydiyyat şəhadətnaməsinin və dövlət
qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat
vasitələrinə sahiblik, istifadə və sərəncam
hüquqlarının verilməsi ilə əlaqədar
prosedurların "bir pəncərə" prinsipi əsasında
sadələşdirilməsini üç ay müddətində
təmin etsinlər.
3. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi:
3.1. qanunvericiliklə
müəyyən edilmiş bütün gömrük ödənişlərinin
yalnız bank və ya plastik kart vasitəsilə
alınmasını təmin etsin;
3.2. gömrük
orqanlarında göstərilən xidmətlərin
operativliyini və şəffaflığını artırmaq
məqsədilə müraciət edən şəxslərin
qəbul edilməsi ardıcıllığının müəyyən
olunması üçün elektron idarəetmə sistemi
("elektron növbə") tətbiq etsin;
3.3. Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları
tərəfindən qulluq vəzifələrinin icrası
zamanı qanunvericiliyin tələblərinə ciddi riayət
edilməsinə nəzarəti gücləndirsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
4.1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının gömrük sisteminin büdcədənkənar
inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin
xərclənməsi Qaydaları"nı bu fərmana
uyğunlaşdırsın;
4.2. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 fevral
2011-ci il
Azərbaycan.- 2011.-26 fevral.- S. 1.