ATƏT PA ötən il
noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament
seçkilərini yüksək qiymətləndirmişdir
Fevralın 24-25-də Vyanada keçirilən ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) X qış sessiyasının daimi komitəsində müxtəlif ölkələrdə keçirilmiş parlament seçkilərinə dair hesabatlar dinlənilmişdir.
2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkiləri müşahidə etmiş ATƏT PA nümayəndə heyətinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycanda parlament seçkiləri üzrə xüsusi əlaqələndiricisi Volfqanq Qrossruk seçkinin nəticələrinə həsr olunmuş hesabatla çıxış etmişdir. O bildirmisdir ki, iki həftə öncə seçkisonrası vəziyyəti müşahidə etmək məqsədilə Azərbaycanda səfərdə olmuş, bu zaman hökumət, parlament, vətəndaş cəmiyyəti və müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirmişdir. Bu görüşlərdə Azərbaycan tərəfi bundan sonra da ATƏT-lə səmərəli əməkdaşlıq etmək niyyətində olduğunu bəyan etmişdir.
Təbii ki, hər bir seçki prosesində müəyyən qüsur və pozuntu halları qeydə alınır. Lakin Azərbaycandakı bu cür hallar seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmamışdır.
Azərbaycanda parlament seçkiləri bütün siyasi partiyaların iştirakı ilə azad, demokratik və sülh şəraitində baş tutmuşdur və bu seçki prosesi ölkədə demokratiyanın inkişafında irəliyə doğru addım kimi dəyərləndirilməlidir. Seçki prosesi seçki komissiyaları tərəfindən yaxşı təşkil edilmiş, hökumət qurumları beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmiş və bütün müşahidəçilərə seçkini sərbəst izləmək üçün hər cür şərait yaradılmışdır. Ümumiyyətlə götürdükdə seçki prosesi ölkə qanunvericiliyinə uyğun şəkildə keçirilmiş və müsbət qiymətləndirilir.
Qrossruk təəssüflə bildirmişdir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkinin nəticələri ilə bağlı hesabatında fərqli mövqe nümayiş etdirmiş və bu hesabatda həqiqətə uyğun olmayan bir sıra məqamlar yer almışdır. Təklif edilmişdir ki, gələcəkdə ATƏT PA və DTİHB-nin əməkdaşlığına dair birgə yanaşma formulu işlənib hazırlansın və bunun sayəsində eyni qurumun iki strukturu arasında fikir ayrılığına yol verilməsin.
"Biz, özümüzü müəllim kimi aparmamalı, bərabər hüquqlar əsasında Azərbaycana demokratik dövlət quruculuğunun inkişaf etdirilməsində kömək etməliyik", - deyən V.Qrossruk, hər dəfə Azərbaycana səfər edərkən ölkənin həm demokratik, həm də sosial-iqtisadi baxımdan inkişaf etməsinin şahidi olduğunu bildirmişdir.
Rusiya nümayəndə heyətinin rəhbəri, deputat Aleksandr Kozlovski V.Qrossrukun hesabatını dəstəklədiyini və özünün də müşahidəçi qismində seçkilərin dinc şəraitdə keçdiyini, milli qanunvericiliyə uyğun olaraq yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır.
Qazaxıstan nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Kasımcomart Tokayev də Azərbaycanda parlament seçkilərini müşahidə etdiyini, bu seçkilərin azad, ədalətli və beynəlxalq standartlara uyğun keçirildiyini bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova V.Qrossruka obyektiv hesabata görə minnətdarlığını bildirmiş və demişdir ki, ATƏT PA və DTİHB arasında fikir ayrılığının baş verməsi ilk dəfə deyildir. Belə hallar seçkiləri müşahidə edən beynəlxalq qurumlara qarşı birmənalı olmayan münasibətlərin formalaşmasına şərait yaradır.
ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis DTİHB-nin direktorunun səlahiyyət müddətinin artırılması barədə təklifinə toxunan Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd etmişdir ki, belə bir addım ATƏT-in prinsiplərinə ziddir və yeni direktor üzv dövlətlərin təklif etdiyi namizədlər arasından seçilməlidir.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.- 2011.-26 fevral.- S. 2.