İkitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Yunanıstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 25-də bu ölkənin Baş naziri Qeorqios Papandreu ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin inkişafı, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunmuşdur.

Bundan əlavə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Yunanıstan Parlamentinin sədri Filippos Petsalnikos ilə görüşmüşdür.

Görüşdə Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətinə dair fikir mübadiləsi aparılmış, bu əməkdaşlığın vacibliyi vurğulanmışdır. E.Məmmədyarov bu ilin fevralında Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının iclasının uğurlu keçirildiyini qeyd etmişdir.

E.Məmmədyarovun Yunanıstanın xarici işlər naziri Dimitris P.Drutsas ilə görüşdə isə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafı, beynəlxalq regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Bundan əlavə, iqtisadi, mədəni humanitar məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

* * *

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kiyevdə keçirilmiş GUAM Xarici İşlər Nazirləri Şurasının XIV iclası çərçivəsində Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Yuri Lyanke ilə görüşmüşdür.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlər, enerji, ticarət digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-26 fevral.- S.2.