Beynəlxalq Mətbuat İnstitutu
Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
AzərTAc xəbər verir ki, fevralın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) nümayəndə heyətinin Azərbaycan səfərinin yekunlarına dair mətbuat konfransı keçirilmişdir.
Fevralın 21-dən Azərbaycanda səfərdə olan BMİ-nin direktoru Alison Betel Makkenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milz Azərbaycan rəsmiləri, bir sıra media qurumlarının rəhbərləri, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri ilə səmərəli görüşlər keçirmişlər.
Azərbaycanda son illərdə mətbuat azadlığı, jurnalistlərin sosial problemlərinin həlli və digər sahələrdə görülən işləri yüksək qiymətləndirən A.Betel Makkenzi bildirmişdir ki, BMİ ölkəmizlə əməkdaşlıqda maraqlıdır.
Mətbuat sahəsində bir sıra problemlərin həll olunmasında təcrübə mübadiləsinin və jurnalistlərin müxtəlif ölkələrdə təlim keçməsinin vacibliyini vurğulayan BMİ-nin direktoru azərbaycanlı jurnalistlərin fəaliyyətini də müsbət qiymətləndirmişdir.
A.Betel Makkenzi, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətindən və əldə olunan nəticələrdən razılığını ifadə etmişdir.
A.Milz isə 60 illik tarixi olan institutun fəaliyyətindən bəhs etmiş və Azərbaycan ilə BMİ arasında əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Dövlət rəsmiləri ilə görüşdə "Diffamasiya haqqında" qanun layihəsinin ilkin variantının hazırlanması ilə bağlı müzakirələrin aparıldığını qeyd edən BMİ-nin meneceri demişdir ki, Azərbaycanda bu istiqamətdə görülən işlər təqdirəlayiqdir.
Azərbaycan.- 2011.-26 fevral.- S. 2.