Xocalı soyqırımına gedən yol

 

Azərbaycan xalqı böyük bir müsibət yaşadı. Dinc sakinlərin qanına susamış erməni cəlladları bir gecənin içində aman demədən yüzlərlə günahsız insanın qanını axıtdılar. Hər tərəfi bürüyən bəyaz qar axıdılan məsum insanların qanından al qırmızıya boyandı. Bütöv bir şəhər yer üzündən silinmişdi. Bəşər tarixindən gəlib keçən dünyanın ən barbar xalqları belə günahsız insanlara qarşı bəlkə də bu qədər amansız olmamışdı. Lakin ermənilər bu soyqırımı ilə dünyanın ən qəddar yırtıcılarından, vəhşilərindən heç nə ilə fərqlənmədiklərini, əksinə, daha qaniçən olduqlarını bir daha göstərdilər. İnsan adı daşımağa layiq olmadıqlarını yenidən hərəkətləri ilə sübuta yetirdilər.

 

Xocalı həqiqətlərini dünyaya çatdıran lider

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədilik həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Bunun ilkin nəticəsi belə bir faciənin yaşanmasına gətirib çıxardı. Azərbaycanın o dövrkü iqtidarının sonrakı addımları isə elə faciənin özü qədər dəhşətli oldu. Hakimiyyətdə olanlar Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamadı, bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi isə o vaxtkı iqtidarın xalqın dərdinə şərik olmadığını, yalnız öz taleyini düşündüyünü göstərdi.

Yaşanan bu mənzərə belə bir həqiqəti də aydın göstərdi ki, ölkədaxili hakimiyyət mübarizələri dövlət üçün nə qədər təhlükəli və fəlakətli xarakter daşıyır. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə tam biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək məqsədi ilə istifadə etdi.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Bu siyasət indi Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.

Sözügedən siyasətin əsası isə məhz ulu öndər tərəfindən qoyulub. Belə ki, 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək ermənilərin törətdikləri əməllərin azərbaycanlılara qarşı törədilmiş soyqırımı olduğunu hüquqi cəhətdən təsbit edib. Bununla bağlı qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da "Xocalı soyqırımı günü" elan olundu. Bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və "Xocalı soyqırımı günü"nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət ünvanlandı. Həmin ilin martın 1-də Heydər Əliyevin bununla bağlı xüsusi fərmanı oldu. Bununla ulu öndərin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edərək faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğuladı.

Bu müraciətlərdə faciə, onun səbəbləri, nəticələrinə də ulu öndər Heydər Əliyev hər zaman xüsusi olaraq toxunurdu. Məsələn, belə müraciətlərinin birində ümummilli lider qeyd edirdi: "...1992-ci ilin o qanlı fevral gecəsində ən müasir texnika ilə silahlanmış Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edərək yüzlərlə köməksiz, günahsız dinc əhaliyə divan tutmuş, uşaqlara, qadınlara və qocalara belə aman verməmişlər. XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar.

Xocalı faciəsinin baş verməsində Azərbaycanın o vaxtkı rəhbərliyi, hakimiyyət orqanları böyük məsuliyyət daşıyırlar. Uzun müddət mühasirə şəraitində, güclü düşmənlə üzbəüz, mərdliklə vuruşan yerli əhalidən fərqli olaraq, hər bir vətəndaşın müdafiəsini təmin etməyə borclu olan respublika rəhbərliyi o zaman tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik göstərmiş, əsas diqqəti hakimiyyət uğrunda mübarizəyə yönəltmişdir. Ən acınacaqlısı odur ki, sonralar da Xocalı hadisələrindən erməni terrorçularının vəhşi əməllərinin mahiyyətini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olunmuşdur.

Xocalıda misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş dinc əhalinin qırğınının dünyanın hər hansı guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı həqiqətləri, ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan müharibəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.

Heç şübhə yoxdur ki, Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, xüsusilə son illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına, soydaşlarımızın, o cümlədən qəhrəman xocalılıların öz doğma yurduna qayıdacağına böyük ümid verir...".

Bununla yanaşı, ümummilli liderin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

 

SSRİ rəhbərliyi və ermənilərin cinayət əməlləri ifşa olunur

 

Xocalı hadisələrinin beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasının isə kifayət qədər hüquqi əsasları mövcuddur. Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi tövsif etməyə imkan verir:

1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırımı cinayətinə birbaşa istinad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur). 3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.

Sonuncu sənəd təkcə Xocalı yox, ermənilər tərəfindən xalqımıza qarşı XX əsrin əvvəllərində törədilən soyqırımları barədə məlumatların üzə çıxarılması, ölkə və dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Ümumiyyətlə, bir fakt xüsusi qeyd olunmalıdır ki, ulu öndər xalqın təkidli tələb və istəyi əsasında hakimiyyətə qayıtdıqdan sonra tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı məkrli mövqeyi barədə həqiqətlərin üzə çıxarılmasına, bu istiqamətdə müvafiq araşdırma işlərinin aparılmasına xüsusi önəm verib. Bu kontekstdə Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanı xüsusi qeyd olunmalıdır. Fərmanda göstərilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlu şəkildə həyata kecirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu yaşadıqları oz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb. Xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib. Xatırlanırdı ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub: "Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır. Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir".

Bütün bunları nəzərə alaraq 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə dövlət komissiyası yaradıldı. Dövlət komissiyasının sədri isə ulu öndər özü oldu. Bununla da 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiya edilməsi hərtərəfli araşdırıldı, bu hadisəyə hüquqi-siyasi qiymət verildi.

 

Tarixə şahidlik edən Fərman

 

"Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərman da müstəsna əhəmiyyətə malik sənəddir. Sənəddə ermənilərin tarixi Azərbaycan ərazilərinə köçürülməsindən tutmuş, xalqımıza qarşı törədilən soyqırımları, erməni xalqının tarixin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlara, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsinə nəzər salınır. 1918-ci ilin mart hadisələrinə geniş nəzər salınır. Minlərlə dinc azərbaycanlı əhalinin yalnız milli mənsubiyyətinə görə məhv edildiyi bildirilir. Azərbaycanın bir sıra tarixi ərazilərinin yağmalanmasına, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələrinə, o cümlədən Xocalı faciəsinə diqqət yetirilir. Həmin fərmanla 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi. Lakin fərmanın ən önəmli cəhəti Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini özündə ehtiva etməsi idi. Bununla əlaqədar ulu öndər fərmanında qeyd edirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata kecirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə qərara alıram:

1.31 mart azərbaycanlıların soyqırımı günü elan edilsin...".

Fərmanın verilməsi və ondan sonra atılan məqsədyönlü addımlar ölkə və dünya ictimaiyyətinə tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı hansı dəhşətli hadisələr törətməsi, ərazilərimizin ələ keçirilməsi, xarici havadarlarının köməyi ilə məkrli siyasəti barədə geniş bilgilərin çatdırılmasında mühüm rol oynadı. Sonrakı dövrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamlar, o cümlədən Xocalı faciəsi, onun təqsirkarlarının ifşa olunaraq layiqli cəzalarının alınması istiqamətində müvafiq addımlar atıldı. Xocalı soyqırımının 10-cu ildönümü münasibətilə 2002-ci ilin fevralında Prezident Heydər Əliyev və Milli Məclis xüsusi müraciət qəbul etdilər...

Azərbaycanın yeni müstəqillk tarixinə qanla yazılmış Xocalı faciəsi hər zaman ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə xatırlanır. Faciənin hər ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır.

 

Azərbaycan haqq mübarizəsində öz gücünə, potensialına, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanır

 

Artıq dünya Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu soyqırımından xəbərdardır, onun tanınması istiqamətində görülən işlər də öz bəhrəsini verməkdədir. Çünki tarixdəki digər analoji cinayətlərdən fərqli olaraq Xocalı soyqırımını sübuta yetirən maddi sübutların sayı kifayət qədərdir. Buraya videogörüntülərdən tutmuş fotoşəkillərə, digər müvafiq sənədlərə qədər olan maddi sübutlar aiddir. Soyqırımının tanıdılması istiqamətində dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənməkdədir. Təbii ki, bu məsələdə aktiv fəaliyyət göstərən tərəf təkcə dövlət yox, bütün dünya azərbaycanlıları olmalıdır. Prezident İlham Əliyev Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində bununla bağlı bildirmişdir: "Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, soydaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir. Bu işdə Azərbaycan və türk diaspor təşkilatlarının yeni yaradılan birliyi, fəaliyyətinin əlaqələndirilməsi böyük əhəmiyyətə malik ola bilər. Biz mübarizədə öz gücümüzə, potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının həmrəyliyinə arxalanırıq".

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarında faciənin tanıdılması istiqamətində atılası vacib addımlarla bağlı bildirilir:

"1. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.

2. Ermənistan Respublikasının ölkəmizə silahlı təcavüzü, ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi gedişində azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları, xüsusən Xocalı faciəsi ilə bağlı materialların toplanılması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi yanında informasiya-tədqiqat mərkəzi yaradılsın.

3. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər.

4. Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər".

Görülən işlər sayəsində faciənin ildönümləri zamanı hər il dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, müxtəlif dünya qanunverici orqanlarında, məsələn, ABŞ Konqresində, Türkiyə parlamentində və digərlərində faciənin anımına həsr olunan tədbirlər reallaşır.

 

"Xocalıya ədalət"

 

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun şübhəsiz ki, müstəsna rolu var. Məhz Fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü ötən il dünyanın 100-dən artıq yerində qeyd olundu. Mərasimlərin hər il keçirildiyi şəhərlərin sırasına keçən il Oslonun da adı əlavə edildi. Soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Artıq Fondun gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Heydər Əliyev Fondu soyqırımı ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil edib. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanır.

İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən dövr ərzində uğurla davam edib və artıq bu aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub.

Ümumiyyətlə, İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu da Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında pislənməsi istiqamətində fəal iş aparır. Forum hələ 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" Təşəbbüsü çərçivəsində təsis edilmiş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına da müraciət edərək, ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın həm dinc azərbaycanlıların, həm də öz vətəndaşlarının qanını axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif edib. Təklifdə bu fikirlər də yer almışdı ki, Dağlıq Qarabağ münaqişəsinə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək bir münaqişə kimi baxılsın. Təklifdə göstərilirdi ki, Ermənistanda hakimiyyətə gəlmiş S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Xatırladaq ki, onlarla ölkənin gənclər təşkilatlarını birləşdirən İKT-nin Gənclər Forumu İslam Konfransı Təşkilatının affilyasiya edilmiş təsisatı, eləcə də BMT-nin "Sivilizasiyaların alyansı" qurumunun rəsmi tərəfdaşıdır.

İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi rəhbəri Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsi idi ki, həmin ilin mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. Ötən ilin iyununda isə İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.

Leyla Əliyeva isə onun təşəbbüsünün nüfuzlu beynəlxalq təşkilat tərəfindən bəyənilməsi barədə aşağıdakıları qeyd edib: "Bu sənədin qəbul edilməsi Azərbaycan torpaqlarının işğalı faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvi-siyasi baxımdan daha da təcrid edilməsini əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İKT üzvü olan ölkələrdə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır. Qətnamə bu təşəbbüsün həyata keçirilməsində Foruma geniş səlahiyyətlər verir".

2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar.

 

Şəhidlərin ruhunun əbədi sakitliyə qovuşacağı gün uzaqda deyil

 

Bu il isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edib. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında Şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş "İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamənin Şura tərəfindən təsdiqlənməsi nəticəsində baş verib. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar. İKT Pİ Şurası Leyla xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib və bu rəy qətnamədə öz əksini tapıb. Qətnamədə təşkilata üzv parlamentlərə birbaşa çağırış vardır və bu, öz növbəsində, faciənin milli səviyyədə hüquqi və siyasi tanınması mərhələsini açır. İKT Pİ-nin dünya parlamentlərinin dörddə birini öz sıralarında cəmləşdirdiyini nəzərə alsaq, mühüm siyasi-hüquqi tərkibə malik "insanlığa qarşı cinayət" ifadəsinin istifadə olunması Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin tərkib hissəsi kimi tanınması və cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunması baxımından yeni mərhələdir. Qətnamənin qəbulu ideyası Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının milli koordinatorları ilə görüşündə irəli sürülmüş və kampaniyanın fəallarının öz ölkələrinin parlamentləri ilə apardıqları lobbiçilik fəaliyyəti nəticəsində uğurla reallaşdırılıb.

Qeyd edək ki, İKT Pİ öz sıralarında 51 üzv dövlətin parlamentini birləşdirir və illik olaraq Şuranın sessiyalarını, iki ildə bir dəfə isə Afrika, Asiya və ərəb bölgəsinin müvafiq ölkələrindən birində konfransın sessiyasını keçirir.

Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.

Bu gün Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu çözümünə sadiq qalan Azərbaycan artıq məsələnin hərbi müstəvidə qısa zaman ərzində həlli üçün də Ali Baş Komandanın əmrinə müntəzir olan müzəffər Orduya malikdir. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günün uzaqda olmadığını göstərir. Məhz həmin gün Xocalı, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərin ruhu əbədi sakitliyə qovuşacaq!

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-26 fevral.- S. 5.