Almaniya Bundestaqında "İnsanlığa qarşı cinayət unudulmur. Xocalı qətliamının qurbanlarının və Azərbaycana qarşı təcavüzün xatirəsinə" həsr olunmuş tədbir

 

Alman-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyəti (GeFDAB) ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi ilə Bundestaqda Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş "İnsanlığa qarşı cinayət unudulmur. Xocalı qətliamının qurbanlarının və Azərbaycana qarşı təcavüzün xatirəsinə" mövzusunda tədbir keçirmişdir.

Tədbirdə Alman-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin sədri, Bundestaqın keçmiş deputatı Eduard Lintner, Bundestaqın deputatları Aksel Fişer və Peter Beyer, habelə Milli Məclisin deputatı Rövşən Rzayev, Azərbaycanın Berlindəki səfiri P.Şahbazov və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer-İsmayılova çıxış etmişlər.

Bundestaqın deputatı A.Fişer çıxışında Xocalıda qadınlara, uşaqlara və yaşlı insanlara qarşı törədilmiş soyqırımı aktından bəhs edərək erməni vəhşiliyi nəticəsində bu gün Xocalı şəhərinin mövcud olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, beynəlxalq təşkilatlar, o cümlədən Bundestaqın deputatı kimi Almaniyanı təmsil etdiyi Avropa Şurası Parlament Assambleyası tərəfindən Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanındığını xüsusi olaraq vurğulamışdır.

Digər almaniyalı deputat P.Beyer də Xocalıda baş verənlərin bir daha təkrarlanmasının yolverilməz olduğunu qeyd edərək hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini, bugünədək münaqişənin öz həllini tapmadığını diqqətə çatdırmışdır. O, münaqişənin həlli çərçivəsində qaçqınların və məcburi köçkünlərin də öz doğma yurdlarına qayıtması məsələsinin vacibliyini bildirmiş və problemin həllində Avropa İttifaqının daha fəal bir rola malik olmasının vacibliyini vurğulamışdır.

Tədbirdə çıxış edən R.Rzayev Almaniya Bundestaqı tərəfindən 2009-cu ildə qəbul edilmiş Cənubi Qafqaza dair qətnaməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduqları ədalətli mövqeyə görə alman deputatlara təşəkkürünü bildirmiş və Xocalıda insanlığa qarşı cinayəti törədənlərin cəzalandırılacağına inandığını diqqətə çatdırmışdır.

Səfir P.Şahbazov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivlərindən danışaraq, bununla bağlı ATƏT-in Minsk qrupu tərəfindən verilmiş son təkliflərin Azərbaycan tərəfindən qəbul edildiyini və Ermənistanın bu təkliflərə cavabının gözlənildiyini bildirmişdir. O, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini iştirakçıların nəzərinə çatdırmışdır. Azərbaycan səfiri ötən illər ərzində Bundestaqda münaqişə ilə bağlı dinləmələrin keçirildiyini və qətnamənin qəbul olunduğunu xatırladaraq bu məsələnin 2011-ci ildə də Bundestaqın diqqət mərkəzində olacağına ümid etdiyini bildirmiş, Xocalı faciəsinə siyasi qiymət verilməsinin də vacibliyini vurğulamışdır.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri S.İsmayılova tədbir iştirakçılarına Xocalı qətliamı, bu faciəyə beynəlxalq reaksiya, münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin vəziyyəti, "Xocalıya ədalət" Beynəlxalq kampaniyası haqqında geniş məlumat vermişdir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-26 fevral.- S. 3.