Mübarizliyin zəfər, şəhidliyin
şərəf yolu
Deyirlər
ki, xoşbəxtlik xəfif meh kimi gəlir. Gəlişi o qədər zərif
olur ki, hiss edilmir. Bədbəxtlik isə tufanı
xatırladır - dağıda-dağıda, yıxıb
uçura-uçura gəlir.
Zəfər və şərəf
yolu keçmiş xalqımızın tarixində və
taleyində xoşbəxtliklə bədbəxtlik bir-birini əvəzləyib.
Xoşbəxtliyə qovuşduğumuz günlər, bədbəxtliyin
ağrı-acısını yaşadığımız
zamanlar az olmayıb! Faciələrin ağrı-acısı
göz yaşları içərisində, zəfər və
qələbə isə sevinclə yaşanıb. Ruhu və
cismi ilə torpaqdan qidalanan, boy verib boylanan
ulularımızın Dədə Qorqud timsallı nəsihətləri
gələcək nəsillərin şərəf və ləyaqət
yolunu açıb...
Bakı şəhəri Nəsimi
rayonu Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov
adına 23 saylı orta məktəbin şagirdləri tərəfindən
hazırlanmış (Xocalı faciəsinin növbəti,
19-cu ildönümü ilə əlaqədar) ədəbi-bədii
kompozisiyanın mahiyyəti də məhz mübarizliyin zəfər,
şəhidliyin şərəfli yol olmasını bir daha
tamaşaçılara çatdırmaq idi.
Məktəbin direktoru
İradə Rəhimli tədbirdən öncə Azərbaycanın
Milli Qəhrəmanı Tahir Həsənovun adını
daşıyan təhsil ocağının keçdiyi şərəfli
yola nəzər salaraq pedaqoji kollektivin Vətən
üçün layiqli övladlar yetirməsindən söz
açdı:
- Qəhrəmanlığın
yeni bir ünvanını tanıdan, 23 illik ömür yolu
keçmiş Tahir Həsənov da Mübariz İbrahimov kimi
torpaqlarımızın azadlığı və
bütövlüyü, müstəqilliyimizin daimi və əbədiliyi
uğrunda şəhid olub! Məktəbimiz adını
daşıdığı qəhrəman Tahir və Mübariz
sanki bir ömür yaşayıblar - hər ikisi də torpaq
uğrunda şəhid olmağın şərəfini
göstərməklə yanaşı, düşmənə
necə layiqli cavab verməyin yolunu gənc nəslə öyrədiblər.
Tahir Həsənovun adı 1992-ci ildə gəmiyə,
1993-cü ildən isə məktəbimizə verilib. Qətiyyətlə
deyərdim ki, məktəbimiz Milli Qəhrəmanın
adını şərəflə daşıyır. Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimovun oxuduğu Biləsuvar
rayonunun Əliabad kənd orta məktəbi ilə kollektivimizi
birləşdirən, əməkdaşlıq və dostluq səviyyəsinə
qaldıran da məhz hər iki vətən
övladının bir amal uğrunda mübarizə apararaq
şəhidlik zirvəsinə yüksəlməsi, Azərbaycanın
Milli Qəhrəmanı fəxri adına layiq görülməsidir.
Mübariz İbrahimovun
oxuduğu məktəbin müəllim və şagird
kollektivinin adıçəkilən tədbirə
qatılması da yuxarıda söylənilən fikirlərin
təsdiqi idi. Milli qəhrəmanların müəllimləri
xalqımızın tarixən başına düşmən tərəfindən
açılan müsibətlərin qanlı səhifələrində
adları yaşayacaq igidlərimizin sayının çox
olmasını heç də təsadüfi saymadılar. Vətən
torpağının hər qarışı uğrunda
mübarizəyə qoşulan gənc nəslin yetişməsində
orta məktəblərin pedaqoji kollektivlərinin üzərinə
daha çox məsuliyyət düşməsini qeyd edən
Milli Məclisin deputatı, professor Fəzail İbrahimli, həmçinin
Mübariz İbrahimovun qulluq etdiyi hərbi hissənin komandiri,
polkovnik Rüstəm Bəbirovun
çıxışlarından bir daha hiss olundu ki, hər iki
təhsil ocağının üzərinə daha böyük
məsuliyyət düşür. Çünki onlar Vətənə
əsl vətəndaş yetirmiş və nümunəyə
çevrilmişlər.
Məktəbin Azərbaycan
dili və ədəbiyyatı müəllimi Pikəxanım Nəcəfovanın
quruluşu əsasında 8 c və 9 b sinif şagirdlərinin
məzunlarla birgə hazırladığı tədbir
tamaşaçılara, sadəcə, Xocalı faciəsinin
ağrı-acılarını yaşatmadı, ifaların hər
birindəki mübarizlik, döyüşkənlik, Vətənə
məhəbbət, düşmənə nifrət
özünü göstərdi. Gənc nəslin qəlbində
vətənpərvərlik duyğularının baş
qaldırmasında bu kimi tədbirlərin rolunu yüksək
qiymətləndirən qonaqlar şagirdlərin ifasında Dədə
Qorqudun torpağı necə əkib-becərməyi və
qorumağı tapşırdığının şahidinə
çevrildilər. Xalqımızın igid, cəsur,
düşmən gülləsindən qorxmayan qəhrəmanlarının
obrazını yaradan həvəskar aktyor və bədii qiraətçilər
isə Vətən uğrunda şəhidliyin şərəfini
yaşamağı bir daha təlqin və təqdir etdilər.
Xatırlatmaq yerinə
düşərdi ki, respublika ictimaiyyətinə layiqli vətəndaşlar
yetirmiş adıçəkilən qocaman məktəbin
pedaqoji kollektivi Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun oxuduğu təhsil ocağı ilə
sıx əlaqə saxlayır və əməkdaşlıq
edir.
Tədbirdə iştirak edən
Bakı şəhəri üzrə təhsil idarəsinin
müdir müavinləri Qənirə Soltanova və Hüseyn
Hüseynov da Xocalı soyqırımının 19-cü
ildönümünə həsr edilmiş ədəbi-bədii
kompozisiyanı və Milli Qəhrəman Mübariz
İbrahimovun oxuduğu məktəbin kollektivinin tədbirə
qatılmasını vətənpərvərliyin bariz
nümunəsi kimi qiymətləndirdilər. Bildirildi ki, hər
iki Milli Qəhrəmanın örnək ömür yolu barədə
təhsil ocaqlarında bu kimi tədbirlərin keçirilməsi
həm də düşmən üzərində qələbəyə
inamı artırmaqdır. 23 yaşlı hər iki igid və
cəsur Vətən oğlunun şərəfli-şanlı
ömür yolu gənc nəslin torpağa bağlılıq
hissinin yüksəldilməsində də vacib amillərdəndir.
Tədbiri Azərbaycan
torpaqlarının bütövlüyü uğrunda mübarizənin
əks-sədası kimi də qiymətləndirmək
mümkündür. Xocalıda, Şuşa və
Laçında, Ağdam və Kəlbəcərdə,
Füzuli və Cəbrayılda, Zəngilanla Qubadlıda,
külli Qarabağda, Zəngəzur və Göyçədə
söndürülmüş ocaqların yenidən
yandırılması üçün hər bir şagirdin qəlbində
sanki Vətən məhəbbətindən
qığılcımlanan tonqallar
çatılmışdı. Ən maraqlı və təqdir
olunan məsələlərdən biri isə tədbirdə məktəbin
məzunlarının da eyni ruhda çıxış etməsi
idi. İstər Prezident təqaüdçüsü, məşhur
Mehmandarovlar nəslinin soydaşıyıcısı,
skripkaçı Mustafa Mehmandarovun, istər "Yeni ulduz"
respublika mahnı müsabiqəsinin qalibi Azad Şabanovun, istərsə
də milli geyimləri və rəqsləri ilə
döyüş əhvali-ruhiyyəsi yaradan, folklor nümunələrinin
yaşadıcılarının ifaları uzun müddət
yadda qalacaqdır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-26 fevral.- S. 3.