Nərimanov rayonunda Xocalıdan olan şəhid ailələri ilə görüş

 

Fevralın 25-də Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının nümayəndələri rayon ərazisində məskunlaşan Xocalıdan olan şəhid ailələri ilə görüşmüşlər. Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi sükutla yad edilmişdir.

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi dəstələrinin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri insanlığa sığmayan vəhşilikdən söz açaraq demişdir ki, Xocalı şəhəri yer üzündən silinib, köməksiz mülki əhali amansızlıqla qətlə yetirilib. Hətta südəmər körrələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilməyib. 613 nəfərin, o cümlədən 106 qadın və 63 uşağın xüsusi qəddarlıqla qətlə yetirilməsi göstərir ki, ermənilərin məqsədi azərbaycanlıların soyqırımını həyata keçirmək olub. Xocalıda insanlar məhz azərbaycanlı olduqları üçün qətliama məruz qalıblar. Bu hadisə erməni qəsbkarlarının müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz rlanının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı və bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə qara hərflərlə yazılıb.

Təəssüf ki, o zamankı ölkə rəhbərliyi faciənin ağırlığını, azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini dəyərləndirə bilmədi, hətta Xocalıda baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa da səy göstərmədi. Əksinə, hakimiyyət uğunda çəkişdiyi üçün Xocalıda dinc azərbaycanlıların soyqırımına məruz qaldığını xalqdan gizlətməyə çalışdı.

Yalnız 1994-cü ildə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsi Milli Məclisdə müzakirəyə çıxarıldı və əsl hüquqi-siyasi qiymətini aldı. Milil Məclisin 1994-cü il fevralın 24-də verdiyi qiymət Xocalı faciəsinin soyqırımı kimi bütün cəhətlərini və məqamlarını özündə əks etdirir.

Azərbaycan hakimiyyəti torpaqlarımızın işğalının, Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cumlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, adları hər kəsə məlum olan hərbi cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün Xocalı faciəsinin ildönümü ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də ürək ağrısı ilə qeyd olunur. Dünyanın bir çox ölkəsində Xocalı faciəsinin qurbanlarının xatirəsi anılır, mitinqlər keçirilir. Həyata keçirilən məqsədyönlü təbliğatın nəticəsidir ki, son illərdə Xocalı faciəsinin və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsi xeyli genişlənib.

Daha sonra Ş.İbadov bildirdi ki, Nərimanov rayonunda Xocalıdan olan 78 ailə məskunlaşıb. Onlardan 18-i şəhid ailəsidir. Rayon icra hakimiyyəti tərəfindən onların hər birinin müraciətlərinə, meydana çıxan sosial problemlərinin yoluna qoyulmasına diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımız mütləq azad ediləcək və xocalılılar da öz doğma yurdlarına qayıdacaqlar.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev dedi ki, Xocalı faciəsi qəlbimizi ağrıtsa da, bizi daha cəsur, torpaqlarımızın azadlığı uğrunda daha mətin edir. Xocalı hadisələri Azərbaycan xalqının qəhrəmanlığının və mətanətinin təcəssümüdür.

Onlara göstərilən diqqət və qayğıya görə razılıq edən xocalılılar bu cür görüşlərin keçirilməsinin, Xocalı faciəsinin və soyqırımı qurbanlarının xatirəsinin anılmasının onlara təsəlli olduğunu bildirdilər. Çıxışlarda Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə inam ifadə olundu.

Sonda Xocalıdan olan şəhid ailələrinin üzvlərinə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardımlar verildi.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-26 fevral.- S. 4.