XOCALI soyqırımı, genosidi -
bunun adı belədir
Bu sözləri Prezident İlham Əliyev
Goranboyda xocalılılarla görüşü zamanı dedi
"Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir."
Heydər ƏLİYEV
Aylar, illər keçdikcə Xocalı yaraları daha dərindən qövr eləyir, duyan, düşünən insanların qəlbini göynədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları o dövrdə Xankəndi şəhərində yerləşən 366-cı rus alayının iştirakı ilə üç istiqamətdən Xocalı şəhərinə hücum etdilər. Bir gecənin içində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi hələ də bəlli deyildir. Bu amansız faciə nəticəsində min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası aldı. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qocalar idi. Faktları yada saldıqca adamı dəhşət bürüyür. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirdi. Aparılan araşdırmalar göstərdi ki, şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızcasına öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Həmin faciəli günlərdə o dövrün rəhbərləri nəinki arxasız, dayaqsız insanların köməyinə gəlmədi, heç xalqa vaxtında və düzgün məlumat da vermədilər. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı.
1994-cü il fevralın 24-də Milli Məclisdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı məsələsi müzakirə olundu. Ulu öndərin sərəncamı ilə "Xocalı faciəsi günü" elan edildi. 1995-ci ildə soyqırımının ildönümü ərəfəsində Heydər Əliyev xocalılıları qəbul edərək onları diqqətlə dinlədi, bir çox müəmmalı məsələlərə aydınlıq gətirdi.
Elə həmin vaxtdan da Azərbaycan hökuməti Xocalı soyqırımı haqqında həqiqətlərin olduğu kimi dünya dövlətlərinə, geniş ictimaiyyətə çatdırılması, bütün bunların əsl soyqırımı kimi tanınması üçün əməli addımlar atdı. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində son zamanlarda bu sahədə xeyli irəliləyiş əldə olunmuşdur. Artıq bir sıra beynəlxalq təşkilatlarda, bəzi ölkələrin qanunvericilik orqanlarında, hökumətlərdə bu məsələ müzakirə olunur. Xocalı soyqırımı artıq dünya birliyi tərəfindən tanınır. Xocalı soyqırımı haqqında dünyanın ayrı-ayrı ölkələrində müəyyən tədbirlər görülür. Ermənilərin xalqımıza qarşı olan bu qanlı cinayətini əsl soyqırımı faktı kimi etiraf edənlərin miqyası genişlənir, bir sıra ölkələrdə erməni quldurlarının Xocalıda törətdikləri dəhşətlər barədə materiallar yayılır, məlumatlar dəqiqləşir, fikirlər formalaşır.
Xüsusən "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində sərgilər təşkil olunur, informasiya bülletenləri buraxılır, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar" seriyasından olan kitabçalar, "Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)" adlı əsərlər, "Erməni mifi. erməni ekstremizmi: onun səbəbləri və tarixi məzmunu" adlı sənədlər toplusu və digər materiallar əsl həqiqətin üzə çıxarılmasına kömək edir. Buna görə də bir sıra dövlətlərin ali məclislərində Xocalı soyqırımı haqqında həqiqətlər söylənilir.
Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında Prezident İlham Əliyev dedi: "Əvvəllər dünya birliyinə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilmirdi. Bizim də imkanlarımız məhdud idi, xüsusilə müstəqilliyimizin ilk illərində imkanımız yox idi ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Ancaq indi vəziyyət tam başqadır, Azərbaycanın imkanları var, geniş diaspor şəbəkəsi var. Azərbaycanın ictimai təşkilatları, dövlət qurumları Xocalı soyqırımı ilə bağlı kifayət qədər materiallar dərc edirlər, kitablar nəşr olunur, bütün dünyada konfranslar, digər tədbirlər keçirilir. Yəni Xocalı soyqırımı haqqında dünya birliyi artıq tam məlumatlıdır. Ancaq o da həqiqətdir ki, dünyada ikili standartların mövcud olması bizim işimizi çətinləşdirir. İkili standartlar özünü demək olar ki, hər bir sahədə göstərir".
Dövlət başçısının müdrik siyasəti inamla deməyə əsas verir ki, Xocalı həqiqətləri gec-tez dünya ictimaiyyəti tərəfindən tam etiraf olunacaq, əsrin bu böyük faciəsinə, bu genosidə lazımi qiymət veriləcək. Hamı minnətdarlıq hissi ilə deyir ki, Xocalı rayonu üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşağı Ağcakənddə hər şəraiti olan inzibati mərkəz yaradılıb. Bu günlərdə Prezident İlham Əliyevin Goranboy rayonuna səfəri zamanı 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşdığı yeni yaşayış məhəlləsi istifadəyə verilib. Bir nömrəli məktəb üçün yaraşıqlı bina ucaldılıb. Bütün bunlara görə xocalılılar dövlət başçısına minnətdarlıqlarını bildirirlər. Naftalan şəhərində Xocalı soyqırımı ilə əlaqədar ucaldılan abidənin yanında məcburi köçkünlərlə söhbət etdik. Bu sadəcə söhbət deyildi. Min bir cəfa çəkmiş insanların acısının naləsi, başqa sözlə desək, erməni qəddarlığına, ədalətsiz dünyanın laqeydliyinə əsl ittiham idi.
Əməkdar həkim Məmməd Nağıyev deyir ki, fevralın 26-na keçən gecə qəfildən hər yanı dəhşətli gurultu bürüdü. Özünümüdafiə batalyonunun döyüşçüləri avtomatla zirehli texnikanın qarşısını almağa çalışsalar da təpədən-dırnağadək silahlanmış düşmənin güclü müqavimətini qıra bilmirdilər. Mühasirə halqası getdikcə daralır, nankorlar şəhərə doluşurdu. Erməni cəlladları dinc əhaliyə qarşı amansız divan tutur, işgəncələr verir, adamları kütləvi şəkildə qırırdılar. Güllələr üstümüzə od kimi yağır, hamı birtəhər canını qurtarmağa çalışırdı. Məndən qabaqda anası ilə gedən on-on bir yaşlı uşağı yaraladılar. Onun vahiməli qışqırtısına ermənilər tökülüşüb gəldilər. Bizim dəstədə olanların hamısını girov götürdülər. Yol gedə-gedə 14 nəfər ağır yaralının qanaxmasının qarşısını aldım. Paltarlarımı cırıb sarğı kimi istifadə edirdim. Bizə olmazın əzab və işgəncələr verdilər. Özümdə, sözümdə deyildim. Sonra bildim ki, Matan nənənin üç oğlunu - Zakiri, Əliyarı və Elşadı seçib aparanda yalvarıb-yaxarır ki, heç olmasa Məmməd həkimə dəyməyin, onu mənə bağışlayın, qoy yaralıları sağaltsın.
Keçmiş döyüşçü Hüseynağa Quliyev isə söhbətə belə başladı: "Axşam saat onun yarısı olardı. Post komandiri idim. Dedilər ki, tanklar Mehdikənddən üzübəri hücuma keçib. Ermənilər qocaya, qarıya, uşağa baxmırlar, qabaqlarına keçənlərin hamısını vəhşicəsinə güllələyirlər. İstər-istəməz kənddən çıxmağa məcbur olduq. Dəstəmizdə 350 nəfərə yaxın adam var idi. Sonra iki hissəyə bölündük. Yolda pusqu qurmuşdular. Camaatı bir ucdan biçirdilər. Gülləyə tuş gəlməyənlər isə donub ölürdü. Az bir vaxtda dəstəmizdən 11 nəfər yoxa çıxdı. Ermənilər yaşayan Naxçıvanik kəndinə gəlib çıxdıq. Məhəmməd kişini vurdular. Onu çıxartmaq üçün özümü sıldırım qayanın üstünə atdım. Gərginlikdən huşumu itirdim. Bayılanda məni tutdular və döyə-döyə soyundurdular... Hamıya zülm və əzab verdilər. Özümə gələndə erməninin əlindən avtomatı almaq istədim. Arxadan başıma dəmirlə vurdular. Məni ölmüş bilib kiminləsə dəyişəndən sonra Ağdamda meyitxanaya qoydular. Sonra dayım görüb ki, şükür, sağam. Orta beyin sümüyümün yarısı yoxdur. Hələ də müalicə olunuram".
Kamil Hüseynovun da söhbəti ürəkləri göynədir: "Gecə saat 2-yə kimi Xocalını qoruduq. Döyüşün mümkünsüzlüyünü gördükdə çıxmağa məcbur olduq. Ermənilər bütün yolları tutmuşdular. Eldar Hümbətoğlunu öldürdülər. Milli Qəhrəman Tofiq Hüseynovun ailəsi bütövlükdə itkin düşdü. Qarqar çayının sahili ilə Abdal Gülablıya doğru üz tutduq. Yolda tələyə düşdük. Hamımızı girov götürdülər. Üç gün bizi Dəhrazda ac-susuz saxladılar. Sonra 21 nəfəri Xankəndiyə apardılar. Ayaq üstə dura bilmədiyimə görə daş parçası kimi götürüb maşına tulladılar. Xankəndidə zirzəmiyə doldurub 12 gün bizi ac saxladılar. Aypara Cəmiyyətindən gəlib bizə pal-paltar verdilər. Ermənilər onu da əlimizdən aldılar. Döyür, incidir, vəhşicəsinə təhqir edirdilər. Düz 6 ay 25 gün Xankəndidə və Gorusda əsirlikdə oldum. On iki qızıl dişimi sökdülər. Sonra məni bir nəfər erməni ilə dəyişdilər".
Məhbubə İmani də Xocalı olaylarının şahidlərindən biridir. O qanlı gecədə atası Ağayar, qardaşı Malik və onun həyat yoldaşı Sona erməni quldurları tərəfindən işgəncə ilə qətlə yetirilib və sonra da yandırılıb. Baş verən faciəni və torpaq həsrətini Məhbubə şair olmasa da poeziyanın dili ilə bəyan edir:
Yağı düşmən cəm oldu,
Dəhşətlə həmdəm oldu,
Qismətimiz qəm oldu,
Bir də həsrət, intizar,
Xocalının dərdi var.
Dağıldı yurd-yuvası,
Qırıldı el-obası,
Bağlı qaldı qapısı,
Bir də nə vaxt
açılar?
Xocalının dərdi var.
Məhbubə İmani deyir
ki, Xocalı mənim üçün bu gün ağır dərd
yüküdür. Bu yükü biryolluq atmaq, qaysaq
bağlamamış ürəyimizin yaralarını
sağaltmaq üçün Xocalıya qayıtmalıyıq.
- Qayıdacağıq,
mütləq qayıdacağıq! Xocalılıların
dilindən səslənən bu sözləri Aliyə
Abışova daha qətiyyətlə söyləyir:
- Xocalı mənim üçün şəhidlərin qanı axıdılan müqəddəs bir torpaqdır. Xocalı gözləri yolda qalan, övladlarının yolunu həsrətlə gözləyən, lakin hələ ki, əlindən heç nə gəlməyən bir ana timsalıdır. Amma övladlar analarının gözünü yolda qoymağa qıymazlar. Biz Xocalıya qayıdacağıq, mütləq qayıdacağıq!
Bu inamı onlarda ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyəti yaradıb.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-26 fevral.- S. 4.