Xocalı soyqırımı bəşər
tarixində misli görünməmiş cinayətdir
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin on doqquzuncu ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Əvvəlcə Xocalı faciəsində həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov 1992-ci il feralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən şəhərin dinc sakinlərinə qarşı törədilmiş soyqırımı ilə bağlı ətraflı məlumat vermiş, kütləvi qırğın hadisəsinin bəşər tarixində misli görünməmiş cinayət olduğunu diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, həmin dövrdə Azərbaycan rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətsizliyi və səriştəsizliyi üzündən erməni vandalizminin əsil mahiyyəti dünyaya çatdırılmamışdır.
Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə düzgün və dolğun çatdırılması ilə bağlı əməli tədbirlər yalnız ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilmişdir. Ermənistanın Azərbaycana qarşı yeritdiyi soyqırımı və terror siyasətinin mahiyyətini əks etdirən faktların beynəlxalq ictimaiyyətə çatdırılması ulu öndər Heydər Əliyevin gərgin səyləri sayəsində müstəqil dövlətimizin xarici siyasətinin ən mühüm vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Bu məqsədlə atılan addımlardan biri də Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi olmuşdur.
Y.Məmmədov diqqətə çatdırmışdır ki, Xocalı faciəsi zamanı həlak olmuş soydaşlarımızın ailələri Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Tədbirdə "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin üzvü, şair-publisist Allahyar Xocalı və başqaları Xocalıda erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərdən danışmış, hadisənin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişlər.
Azərbaycan.- 2011.-26 fevral.- S. 4.