Xocalı faciəsi erməni millətçilərinin
Azərbaycan xalqına qarşı apardığı
soyqırımı siyasətinin qanlı səhifəsidir
Azərbaycan Prezidenti İlham Əliyev
faciə qurbanlarının xatirəsini anma mərasimində
iştirak etmişdir
On doqquz il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımını törətmişlər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
Sonra dövlətimizin
başçısı abidənin yerləşdiyi parkda
görülmüş abadlıq və yenidənqurma işləri
ilə tanış oldu.
* * *
Xocalı
soyqırımının 19-cu ildönümünün qeyd
olunması bir daha sübut edir ki, həmin qanlı gecədə
erməni təcavüzkarlarının törətdikləri vəhşilik
və cinayətin dəhşətləri yaddaşlardan
heç zaman silinməyəcəkdir. Çünki
Xocalıda baş verənlər təkcə Azərbaycan
xalqına qarşı soyqırımı deyil, bəşəriyyət,
insanlıq əleyhinə törədilmiş qanlı cinayət
idi. "Böyük Ermənistan" dövləti yaratmaq
kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin
xalqımıza qarşı törətdikləri bu növbəti
kütləvi qırğın 613 nəfərin, o cümlədən
106 qadının, 63 uşağın, 70 qocanın həyatına
son qoymuşdur. Bir gecədə 8 ailə tamamilə məhv
edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə
zamanı 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir
götürülmüş, 155 nəfər itkinin taleyi hələ
də məlum deyildir. Soyqırımı zamanı 56 nəfər
xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər
diri-diri yandırılmış, başlarının dərisi
soyulmuş, bədən əzaları və başları kəsilmiş,
gözləri çıxarılmış, hamilə
qadınların qarnı süngü ilə deşik-deşik
edilmişdi. Bu əməllərin qabaqcadan
düşünülmüş qaydada, milli əlamətinə
görə insanların tamamilə və ya qismən məhv
edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin
beynəlxalq hüquqa əsasən məhz soyqırımı
olduğunu təsdiq edir.
Dünyanın
sülhsevər insanları, sivil dövlətləri,
nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq
ictimaiyyət bu acı həqiqəti bilməli,
insanlığa qarşı törədilən bu cinayət
öz hüquqi qiymətini almalıdır. Buna baxmayaraq, o
zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə
siyasi qiymət verilməsi, qanlı qırğın barədə
obyektiv məlumatların dünya ictimaiyyətinə
çatdırılması üçün heç bir iş
görməmişdir.
Lakin
xalqımızın ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə
ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü
ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı
soyqırımı günü kimi qəbul etmişdir.
Bu gün artıq Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur. Bu il dünyanın 60-dək ölkəsində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fond Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsi məqsədi ilə xarici ölkələrdə bir sıra tədbirlər həyata keçirir. Heydər Əliyev Fondu soyqırımı ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil etmişdir. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanmışdır. Fondun soyqırımı haqqında ingilis dilində hazırladığı film də disk şəklində xarici ölkələrdə nümayiş etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" beynəlxalq kampaniyası uğurla davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Kampaniyanın eyniadlı saytının birinci səhifəsində dünya liderlərinə, beynəlxalq təşkilatlara ünvanlanan petisiyanı 150 mindən çox insan imzalamışdır.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsvir edilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilən soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunan torpaqlarının qeyd-şərtsiz azad olunması haqqında 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ ki, yerinə yetirmir.
Ancaq xalqımız, o cümlədən Azərbaycanın 48 rayonunda məskunlaşan xocalılılar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırlar.
AzərTAc
Azərbaycan.- 2011.-27 fevral.- S. 1.