Xocalı soyqırımı Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın apardığı etnik təmizləmə siyasətinin bir mərhələsi idi

 

Bu fikir İsraildə keçirilmiş anma mərasimində səsləndirilmişdir

 

Xocalı faciəsinin 19-cu ildönümü dünyanın hər yerində olduğu kimi, İsraildə də qeyd edilmişdir. "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (AZİZ) və İsrailin Azərbaycan diasporu fevralın 24-də Netanya şəhərindəki Koxav-xa-İr bələdiyyə kitabxanasında Xocalı soyqırımına həsr olunmuş anma mərasimi keçirmişlər.

Tədbirin keçirildiyi binanın foyesində AzərTAc-ın dəstəyi və təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən fotosərgi açılmışdı. Sərgidə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı kitablar, bröşürlər, audio-video materiallar da nümayiş etdirilmişdir. Tədbir iştirakçıları faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxmış, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəlmişlər.

İsrail parlamentinin, dövlət və hökumət rəsmilərinin, Təl-Əvivdəki Türkiyə, Qazaxıstan və Özbəkistan səfirliklərinin, Şimali Kipr Türk İcması nümayəndələrinin iştirak etdikləri tədbirdə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının sədri İosif Şaqal ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışmış, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Azərbaycanın bu şəhərinə hücumunun dinc insanlara qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olduğunu bildirmişdir. O demişdir ki, bu faciədən 19 il keçməsinə baxmayaraq, azərbaycanlılar, eləcə də əslən Azərbaycandan olan yəhudilər Xocalı qətliamının adı gələndə ürək ağrısı keçirir, bu acını unuda bilmirlər. Bizim fikrimizcə, bu, tək hərbi cinayət yox, həm də erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə idi.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva İsraildəki Azərbaycan diasporunun bu mərasimin təşkili və keçirilməsindəki rolunu yüksək qiymətləndirmişdir. Deputat demişdir ki, Xocalıda ermənilər tərəfindən insanlıq əleyhinə cinayət törədilmiş, dinc əhali yalnız azərbaycanlı olduğu üçün amansızlıqla qətlə yetirilmişdir. Ermənilərin vəhşiliyini bütün dünya bilməlidir və cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Holokost görmüş yəhudi xalqı Xocalı soyqırımını hamıdan yaxşı anlaya bilər. Azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırımı insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biridir və dünya ictimaiyyəti buna öz münasibətini bildirməlidir.

İsrail Knessetinin İsrail-Azərbaycan parlamentlərarası komissiyasının sədri deputat Robert İlatov qeyd etmişdir ki, ermənilərin Xocalıda törətdikləri qanlı cinayət əsl soyqırımıdır. Yəhudi xalqı bunu yaxşı bilir və azərbaycanlıların dərdinə şərik çıxır. İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Robert İlatov İsrail-Azərbaycan əlaqələrindən danışmış, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirmişdir.

İsrail Knessetinin keçmiş deputatı, müdafiə nazirinin sabiq müavini və Netanya Universiteti yanında Strateji Dialoq Mərkəzinin sədri, general-mayor Yefraim Sne Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı vermişdir. General demişdir ki, Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı əsl cinayətdir və təəssüf ki, dünya ictimaiyyəti, hələ ki, bu faciə barədə çox az bilir. Bir sual məni çox düşündürür: "Nəyə görə BMT Təhlükəsizlik Şurasının üzvləri və dünya birliyi BMT-nin üzvü olan Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb etmirlər? Nəyə görə dünya Ermənistandan Azərbaycana qarşı hərbi təcavüzü dayandırmasını, sülh naminə öz silahlı qüvvələrini işğal olunmuş torpaqlardan çıxarmasını tələb etmir? Dünya bu gün ətraf mühit probleminə qarşı daha diqqətlidir. Bəs onda niyə dünya erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəymiş ekoloji zərər ilə bağlı məsələdə susur?".

Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut Xocalı faciəsinin tarixi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, işğalçılar Xocalını yerlə-yeksan etmiş, şəhərin dinc sakinlərinə görünməmiş amansızlıqla divan tutmuşlar. Onlar nə qocalara, nə qadınlara, nə də uşaqlara aman vermişlər. Bu məsələdə Ermənistanın günahkar olduğunu tək Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində olan tutarlı faktlar deyil, həm də çoxsaylı müstəqil mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının alınmasında iştirak etmiş erməni hərbçilərinin özlərinin söylədikləri də təsdiqləyir. Bu isə bir daha sübut edir ki, Xocalının dinc sakinlərinin öldürülməsi yalnız onların azərbaycanlı olması ilə bağlı idi. Xocalı şəhəri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın apardığı etnik təmizləmə siyasətinin bir mərhələsi idi. Günahsız uşaqlara, qadın və qocalara qarşı bu barbar qəddarlığının heç bir izahı yoxdur. Bu dəhşətli faciə heç vaxt unudulmamalıdır. O demişdir: "Biz bütün bunları yadda saxlamağa, erməni faşistlərinin insanlığa qarşı nifrətlərinin ən yüksək nöqtəyə çatdığı bu günün xatirəsini nəsildən-nəslə ötürməyə borcluyuq".

İsrailli ekspertin sözlərinə görə, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar Xocalı faciəsi kimi soyqırımı aktlarını ittiham edir, bunun yolverilməz olduğunu bəyan edir. Hazırda Ermənistanda yüksək vəzifələr tutan şəxslər - Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də sabiq prezident Robert Koçaryan və başqaları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır.

Xocalı faciəsinin canlı şahidi olmuş İsay Skvinski çıxış etmiş, erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə ətraflı məlumat vermişdir.

Sonra İsraildəki Azərbaycan Mədəni Mərkəzinin direktoru Yeganə Salman çıxış etmiş, tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə, AzərTAc-a təşəkkürünü bildirmişdir.

Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Tədbir İsrail mətbuatında geniş işıqlandırılmışdır.

 

 

Xətayi ƏZİZOV,

AzərTAc-ın müxbiri

Bakı-Netanya-Bakı

 

Azərbaycan.- 2011.-27 fevral.- S. 2.