Sankt-Peterburq şəhərində
Xocalı faciəsi ilə bağlı konfrans keçirilmişdir
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, fevralın
25-də Sankt-Peterburqun M.Qorki
adına Mədəniyyət
Evində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı
nümayəndəliyi və
baş konsulluğun birgə təşkilatçılığı
ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımının 19-cu ildönümünə
həsr olunmuş
"Xocalıya ədalət!"
mövzusunda elmi-praktiki
konfrans keçirilmişdir.
600-dən çox soydaşımızın qatıldığı
konfransda Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri,
bir sıra ali təhsil ocaqlarının müəllimləri,
nüfuzlu iş adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Əvvəlcə tanınmış
yazıçı, professor
Yuri Pompeyevin şəxsi xatirələri
əsasında yazılmış
"Qarabağ gündəliyi"
və Robert Arakelovun "Erməni ziyalısının etirafı"
kitablarının təqdimatı
keçirilmişdir. Xocalıda
törədilmiş vəhşilikləri
əks etdirən fotosərgi nümayiş olunmuş, tədbir iştirakçılarına Heydər
Əliyev Fondu tərəfindən hazırlanmış
"Qarabağ həqiqətləri"
məlumat toplusu təqdim edilmişdir.
Konfransı giriş sözü ilə açan baş konsul Qüdsi Osmanov Xocalı soyqırımının
dünya ictimaiyyəti
tərəfindən tanınmasında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya
ədalət!" beynəlxalq
kampaniyası barədə
ətraflı məlumat
vermiş və hazırda kampaniyanın
geniş vüsət aldığını tədbir
iştirakçılarının diqqətinə çatdırmışdır.
Baş konsul nüfuzlu İslam Konfransı Təşkilatının
Parlament İttifaqı
tərəfindən qəbul
olunmuş qətnamə
barədə məlumat
verdikdən sonra gəncləri "Xocalıya
ədalət!" kampaniyasında
fəal iştirak etməyə çağırmışdır.
Tədbirin təşkilatçılarından biri olan, Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı
nümayəndəliyini təmsil
edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin
aspirantı Natiq Əliyev çıxışında
Fondun nümayəndəliyi
tərəfindən "Xocalıya
ədalət!" kampaniyası
çərçivəsində görülən işlər barədə geniş məlumat vermişdir.
MDB Parlamentlərarası Assambleyasında Azərbaycan
Respublikası Milli Məclisinin nümayəndəsi
Aydın Cəfərov
Xocalıda törədilmiş
cinayət barədə
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində bütün
imkanlardan istifadə olunacağını, soydaşlarımızın,
xüsusilə də tələbələrimizin
və gənclərimizin
Azərbaycan tarixindəki
bu qanlı səhifəni heç zaman unutmayacağına əmin olduğunu bildirmişdir. Tədbirdə
iştirak edən nüfuzlu iş adamları çıxışlarında
Xocalı faciəsinin
mahiyyətini beynəlxalq
ictimaiyyətə çatdırmaq
üçün bütün
vasitələrdən istifadə
olunmasının vacibliyini
vurğulamışlar.
Konfransda yenilənmiş
justiceforkhojaly.org saytının təqdimatı keçirilmişdir.
İştirakçılara saytdan istifadə qaydaları barədə geniş məlumat verilmişdir.
Tədbirdə Xocalıda törədilmiş cinayətə
hüquqi qiymət verilməsi məqsədi ilə nüfuzlu beynəlxalq qurumlara ünvanlanmış Bəyannamə
qəbul olunmuşdur.
Azərbaycan.- 2011.-27 fevral.- S. 2.