Nahaq qan yerdə qalmaz

 

"Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən, onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük. Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, bütövlüyünü təmin etməkdir".

 

Heydər ƏLİYEV

 

Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salan elə hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinmir. Ermənilərin törətdikləri Xocalı soyqırımı da unudulması mümkün olmayan belə dəhşətli hadisələrdəndir. 19 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər əzazil, qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etmişlər.

Tarixi faktlar təsdiqləyir ki, "dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan ermənilər xarici havadarlarının köməyi ilə müxtəlif dövrlərdə azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Onların Xocalıda törətdikləri amansız qətliam da insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş genosid idi. Həmin gün azğınlaşmış erməni quldur birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirdilər. 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri isə girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşistlərdən də qəddar olduqlarını nümayiş etdirdilər. Şahidlər təsdiqləyir ki, həmin gecə onlarca qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnmiş, insanların başlarının dərisi soyulmuş, əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngülənmiş, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmışlar.

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün qaçıb qurtarmağa çalışanların bir qismini əvvəlcədən hazırlanmış pusqularda durub güllələmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazisində də pulemyot, avtomat və başqa silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Erməni silahlı birləşmələrinin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları son nəfərədək qətlə yetirmək olmuşdur.

Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. O, "Libardion" qəzetində çap etdirdiyi "Erməni terrorizminin canlı şahidi oldum" sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yolla "ram etməyə" çalışmışdır. Rus 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu da bildirir: "Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın ştabında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir və itlərin, çaqqalların səsləri eşidilirdi". Gördüklərini obyektiv şəkildə yazan fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın ştabında olduğunu da qeyd etmişdir.

Xocalı soyqırımını törətməklə erməni vandalları xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq kimi çirkin niyyətlər güdürdülər. Lakin hiyləgər və məkrli düşmən bu amansız cinayətlə istəyinə nail ola bilmədi. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.

Faciənin törədilməsinə görə məsuliyyətin bilavasitə o zaman ölkəyə rəhbərlik edən qətiyyətsiz hakimiyyətin üzərinə düşdüyünü də açıq deməliyik. Hadisələrin ilkin dövrlərində o zamankı iqtidar Xocalı şəhərinin mülki əhalisinin xilası naminə vaxtında qətiyyətli tədbir görmədi. Dövlətin başında duranlar hadisədən sonra xalqın qəzəbindən qorxaraq onun miqyasını kiçiltməyə çalışmış, rəsmi məlumatlarda Xocalıda guya "iki nəfərin öldüyü" iddia edilərək əsl həqiqət barədə ictimaiyyətə yalan məlumat verilmişdir. Xocalı faciəsinin doğurduğu ümumxalq narazılığı dalğası üzərində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü də hadisəyə siyasi-hüquqi qiymətin verilməsində maraqlı olmamışdır.

Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilmişdir. 1996-cı il fevral ayının 24-də xocalılılarla görüşən ulu öndər Heydər Əliyev demişdir: "Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür... Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik".

Yeri gəlmişkən, hələ bu görüşdən iki il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin, o cümlədən ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması üçün çox iş görmüş və məsələ ilə bağlı müvafiq qurumların qarşısında duran vəzifələrdən danışarkən demişdir: "Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdır ki, erməni millətçilərinin antiAzərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurur, məkrli siyasət aparırlar. Buna görə də biz belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik".

Artıq zaman Azərbaycanın xeyrinə işləyir. Düşmən nə qədər qəddar və hiyləgər olsa da, gün gələcək onun da burnu ovulacaq, nahaq qan yerdə qalmayacaq.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.-27 fevral.- S. 3.