Qəddarlıq
Müharibə qan-qada, ölüm-itim, dağıntı, dəhşətləri ilə yadda qalır. Ona görə də müharibənin yaraları dərin və sağalmazdır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür. Elə Xocalı müsibəti kimi...
Qarabağ savaşlarında faciələrimizin ən ağrılısı, acılısı kimi yaddaşlara yazıldı Xocalı müsibətləri, təkcə ona görə yox ki, müsibətli günlərimiz, yurd-yuvasızlığımız başlayırdı o gecə. Əsas ona görə ki, qarlı qış gecəsində gülləbarana tutulmuş günahsız insanların (körpələrin, uşaqların, qız-gəlinlərin, dünyası tarmar olmuş müdriklərin - ağsaqqal və ağbirçəklərin) o gecənin bağrını yaran harayları "qulaqlarına pambıq tıxanmış dünya"ya çatmadı, eşidilmədi, dinlənilmədi. Çünki o haraylar tonqal dilimli idi. Odlara atılmış harayların qığılcımları təkcə yerləri deyil, göyləri də yandırırdı, çox da ki, bu haraylar yatmış vicdanları oyatmırdı...
O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı.
Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir. Bütün bu ağrı-acılar qələmləri ilə döyüşən döyüşkən jurnalistlərin yazılarının da rəngini dəyişmişdi. Vətənpərvərlik duyğularını coşduran yazıları ilə döyüşən qələm sahiblərinin ön cəbhədən verdiyi reportajlar zaman keçdikcə acılı-şirinli döyüş gündəlikləri kimi vərəqlənəcəkdi.
O qanlı-qadalı günlərdə daim ön cəbhədə olan (ölümündən sonra Azərbycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən) jurnalist Salatın Əsgərovanın da ömür yolunda və yaradıcılıq fəaliyyətində Qarabağ dəhşətləri öz rəngində qələmə alınırdı. O, daim irəliyə doğru can atan igid oğul və qızlarımızın mübariz ruhunun təbliğatçılarından birinə çevrilmişdi. Belə səfərlərin birində Salatın Əsgərova ilə Xocalıdan Xankəndiyə gedən polis işçisi Yelmar Əhmədov yol yoldaşının cəsurluğunu görüb, "əgər oğlum olarsa, adını Ceyhun, qızım dünyaya gələrsə, Salatın qoyacağam" -demişdi.
Qarabağın döyüşkən oğullarından biri olan Yelmar Əhmədov Vətənə sədaqətli xidmət göstərdiyi kimi, əhdinə də vəfalı çıxıb dünyaya yenicə gələn körpəsinin adını Salatın qoymuşdu. Həmin ilin dekabrında Qarabağın qorunması və müdafiəsi uğrunda gedən qanlı savaşların birində Yelmar şəhid olmuş, üç qız övladını ömür-gün yoldaşı Müşkünazın ümidinə qoymuşdu.
...Xocalı qan içində boğulan gecə Müşkünazla körpə Salatın da çıxılmaz vəziyyətdə qalmışdı. Xocalıya od vurulmasına az qalmış beş-altı yaşlı Əfsanə ilə Vüsalə sonuncu vertolyotla çıxarılsalar da, körpə Salatınla anası bu od-alovun içində, fəryadın qoynunda çırpınır, nicat yolu axtarırdılar.
O gecə ayaqyalın-başıaçıq Xocalıdan qaçıb canlarını qurtarmq istəyən 200-dək xocalılının arasında bir ana-bala da var idi - Salatınla Müşkünaz. Onlar meşəyə üz tutmuşdular. Müşkünaz körpənin qara-qışqırığından bir az da vahimələnmişdi. Salatının səs-küyü onları ələ verə bilərdi. Fevralın qarlı-şaxtalı, üstəlik, tufanlı gecəsi Xocalıdan can qurtarmağa çalışanlara aman vermir, ilikləri dondururdu. Arxada qalanlar ancaq gülləbarana tutulanlar, ağır yaralananlar, diri-diri tonqallara atılanların fəryadları idi. O gecə dünyaya səpələnən soydaşlarımız bütün bunlardan xəbərsiz yatsalar da, Xocalı və onun on minlik sakini ayaq üstə can verirdi. O gecə harayların susdurulan, qəddarlıq və qatillik gecəsi idi...
Meşəyə üz tutmuş anası Salatını son dəfə bağrına basaraq, var gücü ilə qışqırmaq istəyir, səkkiz aylıq körpənin birdəfəlik susması meşəyə çəkilmiş günahsız xocalılıların xilası idi. Ona görə də ana çarəsiz qalmışdı, baxmayaraq ki, Salatını Vüsalə və Əfsanəsindən daha çox istəyirdi. Çünki o, Yelmarın sonbeşik yadigarı idi. Anası sızıldayan körpəsinin üzünə baxmağa cəsarət etməyib var gücü ilə onu sinəsinə sıxaraq, nəfəsini içində boğmaq istəyirdi. "Suss!" deyə o, boğulan balasını sanki dişlərini qıcayıb onlara tərəf şığayan düşməndən xilas edib, cansız, nəfəssiz körpəsini yağı caynağından qurtarmağa çalışırdı.
Bir neçə addım irəlilədikdən sonra səsi, nəfəsi içində boğulmuş körpəni yaxınlıqdakı kolun dibinə qoymaq istəyən ananın əlləri keyimiş, baxışları donub balasının üzündə qalmışdı. Ana onun açıq qalmış ayağının üstünü örtmək istəmişdi. Amma, qəlbini göynədən ana məhəbbəti onu əyilməyə, yenidən balasını götürüb sinəsinə sıxmağa məcbur etmişdi. Ona elə gəlmişdi ki, yenidən bədəni qızınmağa başlayır.
Səhərə yaxın düşmən əlinə keçən ana-balanın müsibətindən danışan qonşu Mahirə xalanı o hadisə dəhşətə gətirmişdi. Bu, möcüzə idi: bir neçə saatdan sonra amansız və vaxtsız əcəlin əlindən qurtulan körpə özünə gəlmiş, nəfəsi geri qayıtmışdı. Bu, Mahirə xalanın söylədiyi kimi, ana nəfəsinin əsl möcüzəsi idi...
"...Yeddi ocağın yurdunda bir oğlan
uşağı qalıb...".
Bunu Xocalıdan olan bir qadın
teleekrandan yana-yana demişdi. Bu, yeddi
ailənin tamamilə məhv olması, od-ocağının sönməsi,
çırağının qaralması demək idi. O gecədən salamat qurtarmış Salatın da bir ocağın yadigarlarındandır. 19 yaşlı Salatını
bu gün düşündürən nələrdir
görəsən? Yaddaşına yazılanlar sonradan eşitdikləri - qarlı-şaxtalı
bir qış gecəsi... barədə öyrəndikləri.
Bu gün xocalılılar respublikamızın müxtəlif
bölgələrində məskunlaşıblar. Onlar daim dövlətin diqqət və qayğısını hiss edirlər.
Xocalı soyqırımından
ötən müddət
ərzində onların
istər məskunlaşmaları,
istərsə də sosial-məişət şəraitinin
yaxşılaşdırılması, işlə təmin edilməsi və s. istiqamətlərdə həyata
keçirilən tədbirlər
bunu təsdiqləyir.
Xocalılıların ilk olaraq yeni
salınmış qəsəbələrə
köçürülməsi də bu dediklərimizə
bariz nümunə sayıla bilər.
Dağlıq Qarabağ və ona bitişik ərazilərimizin erməni
işğalından xilas
edilməsi istiqamətində
aparılan mübarizədə
xocalılılar da, digər torpaq itirmiş, yurdu yağmalanmış insanlar
kimi, öz sözlərini qətiyyətlə
deməyə hazırdırlar.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-27 fevral.- S. 3.