Xocalı soyqırımı yaddaşlardan silinməyəcək

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Cinayətin ağırlığına görə Xatın və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı qətliamı əslində neçə on illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin məntiqi nəticəsi idi.

Erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı dinc sakinlərə qarşı etdikləri vəhşi hərəkətlər Cenevrə konvensiyasının, həmçinin 1948-ci il BMT İnsan Hüquqları Bəyannaməsinin müddəalarını kobud şəkildə pozmuşdur. Faciə baş verən zaman Azərbaycanın cinayət qanunvericiliyində soyqırımını ifadə edən müddəalar olmadığından cinayət işi 2 və ya daha çox şəxsi öldürmə maddəsi ilə tövsif edilmişdir. Lakin bu gün toplanan faktlar, qanunvericilik bazası, o cümlədən qoşulduğumuz beynəlxalq konvensiyalar 19 il əvvəl ermənilər tərəfindən törədilən Xocalı qətliamının beynəlxalq səviyyədə hüquqi baxımdan soyqırımı aktı kimi qiymətləndirilməsinə imkan verir. BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Məhkəməsinin statusu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il tarixli fərmanı, digər soyqırımı faktları ilə bağlı məhkəmə təcrübələri əsas verir ki, cinayət işi məhz soyqırımını ehtiva edən müddəalarla aparılsın və bu gün hətta aralarında Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin də olduğu cinayətkarlar öz cəzalarını alsınlar.

Dağlıq Qarabağ probleminin yoluna qoyulması üçün illərdir davam edən sülh danışıqları prosesində biz Ermənistan tərəfinin həlledici məqamlarda cılız siyasi şoularının şahidi olmuşuq. Bütün bu vaxtuzatma tədbirlərini həyata keçirərkən ermənilərin ən çox ümid etdikləri o olmuşdur ki, zaman keçdikcə Azərbaycan xalqı işğal faktını unudacaq, millətin mübarizə əzmi qırılacaq və nə vaxtsa torpaqların işğalı faktı ilə barışacaq. Lakin Xocalı faciəsi baş verərkən cəmi dörd yaşında olan, bu gün adı qürurumuza çevrilən Milli Qəhrəman Mübariz İbrahimov ermənilərə bir daha sübut etdi ki, Azərbaycan xalqı nəinki torpaqlarının işğalı faktı ilə barışmaq fikrində deyil və bunu etməyəcəkdir. Ermənilər tərəfindən yürüdülən vaxtuzatma siyasəti elə onların özlərinin əleyhinə işləyir. Bu illər ərzində Azərbaycanda əldə edilən davamlı iqtisadi nailiyyətlər, regionda və dünyada dövlətimizin mövqeyinin getdikcə möhkəmlənməsi fonunda həm də milli ruhun daha da yüksəlməsi prosesi getmişdir. Qarabağ probleminin həlli hər bir Azərbaycan gəncinin mənəvi borcuna çevrilmişdir. Bu borc heç də həmişə ədalətli olmayan və çox zaman ikili standartlarla səciyyələnən bəzi beynəlxalq qüvvələri də susdurmağa qadir intellektual səviyyəyə və tükənməz qüvvəyə malik milli-mənəvi dəyərlərimizə sadiq, yüzlərlə Mübarizlər yetişdirmiş və bu proses bu gün də sürətlə davam edir. Bu prosesin bir an belə zəifləməsinə mənəvi haqq verməyən Xocalı soyqırımı vətənpərvərlik duyğularımızı cilalayan, milli özünüdərkimizi möhkəmləndirən bir təkanverici qüvvədir və onun hər ildönümü bu qüvvəni bir qədər də artırır.

Azərbaycan hakimiyyətinin yürütdüyü məqsədyönlü siyasət Qarabağ probleminin həllini yaxınlaşdırır. Biz Azərbaycan gəncliyi olaraq əminik ki, respublikamızın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə Qarabağa qayıdacağıq!

 

 

Elxan ŞİRİYEV,

BDU-nun magistri

 

Azərbaycan.- 2011.-27 fevral.- S. 3.