Xocalı faciəsi Latviya jurnalistinin gözləri ilə
Riçardas Lapaytis çox az sayda Pribaltika jurnalistlərindən biridir ki,
o, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini
və Qarabağ müharibəsi haqqında həqiqətləri
başqalarının söhbətlərindən eşitməyib.
O, 1992-1993-cü illərdə dəfələrlə Azərbaycana
səfər etmiş, ön cəbhə xəttində
olmuş, Laçın, Naxçıvan, Ağdam və s.
bölgələrdə qanlı döyüş səhnələrini
öz gözü ilə görmüş, Xocalı qətliamının
faciəli nəticələrini fotoşəkillərdə əbədiləşdirmişdir.
Lapaytis yazır: "Dağlıq Qarabağa məxsusi getməmişdim.
O vaxtlar sadəcə səyahət edirdim və yolboyu fotoşəkil
çəkir, təəssüratlarımı dəftərə
yazırdım. Mən bir turist kimi səyahət edir, imkan
daxilində daha çox yer görməyə
çalışırdım".
Lapaytis Azərbaycana 1992-ci
ilin fevralında gəlmiş və hərbi münaqişənin
ən qaynar nöqtəsinə düşmüşdü.
Jurnalist Xocalı faciəsinin dəhşətlərini öz
gözləri ilə görmüşdü. Həlak olmuş
azərbaycanlıların çoxsaylı meyitləri Ağdam
şəhərinə gətirilirdi. Meyitlər eybəcər
hala salınmış, təhqir edilmişdi. Həlak olanlar
arasında təkcə əsgərlər deyil, qadınlar,
uşaqlar və qocalar vardı. Meyitləri müvəqqəti
olaraq Ağdam məscidinin qarşısına
yığırdılar. Şəhər daim ermənilər tərəfindən
atəşə tutulurdu. Jurnalistin qaldığı mehmanxanada
nə işıq, nə də su vardı. Binanın yuxarı
mərtəbələri bombardmanlar nəticəsində
dağılmışdı. Lapaytis yazır: "Mənim
üçün ən dəhşətlisi hər
addımbaşı rastlaşdığım məişət
çətinlikləri deyil, öz gözümlə
gördüklərim idi. Üstəlik, mən belə bir mənzərəyə
nə psixoloji, nə də mənəvi cəhətdən
hazır deyildim".
Azərbaycanlıların
meyitləri açıq-aşkar təhqirə məruz
qalmışdı. Bu şəkillər dəfələrlə
dərc olunmuşdur. Jurnalist xatırlayır: "Belə bir
dəhşətli mənzərəni görəndə əsl
şok yaşadım. O vaxtlar Litvada belə bir rəy
yaradırdılar ki, guya azərbaycanlılar hərbi əsirlərlə,
mülki vətəndaşlarla vəhşicəsinə rəftar
edirlər. Mən isə tamamilə başqa mənzərənin
şahidi oldum. Mən etnik təmizləmələri və
işgəncələri azərbaycanlıların deyil, ermənilərin
əməlləri olması barədə onlarca konkret sübut
topladım". Bəşəriyyət əleyhinə cinayətlərin
sübutlarını toplamaq asan deyildi, heç təhlükəsiz
də deyildi.
Xocalı belə faciələrdən
yalnız biri idi. Azərbaycanlıları başqa şəhərlərdə
də kütləvi surətdə qırırdılar. Məsələn,
Ağdamda və Şuşada. Əvvəlcə uzunsürən
güclü bombardmanlar başlayırdı, sonra həmin əraziyə
daxil olur, gülləbaran edir, sağ qalanların
hamısını əsir götürürdülər.
Xocalıda da belə
olmuşdu. Bu kiçik şəhərcikdə avtomatlarla
silahlanmış cəmi bir neçə azərbaycanlı hərbçi
vardı. Qalan azərbaycanlılar isə yalnız ov tüfəngləri
ilə silahlanmışdılar. Lapaytis yazır: "Bu qətliamı
öz gözlərimlə gördüm. Üzərində
aşkar işgəncə əlamətləri olan altı
uşağın meyitini Azərbaycan hərbçiləri və
jurnalistləri ilə birlikdə çox böyük çətinliklə
vertolyotla göndərdik. Mənim təsvir etdiklərim və
çəkdiyim fotoşəkillər Litvaya göndərildi,
bəzi Litva nəşrlərində verildi. Mən bu mətnləri
Qərbə də göndərdim.
Bir Azərbaycan kəndinin
faciəsini isə unuda bilmirəm. Kəndi yerli məktəbin
müəllimləri və şagirdləri müdafiə
edirdilər. Cəsarətlə, geri çəkilmədən
müdafiə edirdilər, hərçənd əksəriyyəti
yalnız ov tüfəngləri ilə silahlanmışdı.
Güc tətbiq etməklə kəndi heç cür ələ
keçirə bilməyən ermənilər hiyləyə əl
atdılar. Onlar Azərbaycan hərbçilərinin
formasını geyinib asanlıqla kəndin ərazisinə
daxil oldular. Azərbaycanlılar aldandıqlarını hiss edəndə
isə artıq gec idi. Bildiyimə görə, həmin məktəbin
bütün müəllimləri və şagirdləri həlak
oldular".
Kimyəvi silahın tətbiqi
barədə informasiyanı dünyaya məhz R.Lapaytis
çatdırmışdır. Bu silah Naxçıvan ərazisində
tətbiq edilmişdi. İpritin tətbiqi kütləvi hal
almamışdı, lakin bəzi azərbaycanlı əsgərlər
mütəmadi şəkildə ölmüşdülər.
Onların bədənində qəribə səpki,
qızartılar aşkar edilmişdi. Jurnalist müayinənin
nəticələrinin surətini Litva Səhiyyə Nazirliyinə
təqdim etmişdi. Nazirlikdə rəsmi surətdə
bildirilmişdi: belə ölüm ipritlə zəhərlənmə
nəticəsində baş verir. İprit isə kimyəvi
silahdır. Onun tətbiqi bütün beynəlxalq
konvensiyalarla qadağan edilmişdir.
Jurnalist yazır: "Mən
çətinliklərlə az qala addımbaşı
qarşılaşırdım. Litvalıların bəziləri
açıq-aşkar bildirirdilər ki, guya mən heç
Dağlıq Qarabağda olmamışam, külli miqdarda pul
müqabilində azərbaycanlılara işləyirəm. Amma
o vaxtlar məqalələrimə görə elə az qonorar
alırdım ki, həmin pul hətta yol xərcimi ödəməyə
kifayət etmirdi. Təbii ki, belə ittihamlar mənə
çox ağır gəlirdi. Axı, orada təkcə əziyyət
çəkmirdim, həm də həyatımı,
sağlamlığımı təhlükəyə
atmışdım. Yalan danışmaq üçün riskə
getmirdim... Mən bəşəriyyət əleyhinə cinayətləri
çəkirdim. Əgər azərbaycanlı oğlan
uşağına əzab verilibsə, azərbaycanlı hamilə
qadın güllələnibsə, bu, bəşəriyyət
əleyhinə cinayətdir və mütləq cəzalandırılmalıdır".
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Riqa
Azərbaycan.- 2011.-27 fevral.- S. 4.