Xocalı
soyqırımının 19-cu ildönümü ilə
bağlı anım mərasimləri keçirilmişdir
Moskva
"Rosbalt" informasiya agentliyində "Xocalı soyqırımı: Qarabağ münaqişəsinin dəhşətli hadisəsi haqqında həqiqət" mövzusunda mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransı erməni hərbi cinayətkarlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin başına gətirdikləri amansız qətliamın 19-cu ildönümü ilə əlaqədar Rusiya ziyalılarının təşəbbüs qrupu tərəfindən təşkil edilmişdir. Qrupa Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Mirəşrəf Fətiyev başçılıq edir.
Əvvəlcə Xocalı faciəsinin tükürpədici kadrları əks olunmuş sənədli film nümayiş etdirilmişdir.
Sonra Rusiya Prezidentinin Şimal-Qərb Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi aparatının Sankt-Peterburq üzrə baş federal inspektoru, DQMV-nin sabiq hərbi komendantı, general-mayor Aleksandr Voloxovun videomüraciəti mətbuat konfransı iştirakçılarına təqdim edilmişdir. Onun sözlərinə görə, dünya birliyi bu soyqırıma saymazyana münasibət göstərmiş, hətta müəyyən mənada həyasızcasına yanaşmışdır. Halbuki bu faciə problemin obyektiv qiymətləndirilməsi baxımından mənəvi dönüş olmalıydı. A.Volox hesab edir ki, bu, müstəqillik uğrunda mübarizə deyil, ərazilərin mənimsənilməsidir. Günahsız insanları məhv etmək ixtiyarı heç kimə verilməmişdir və bu faciəni törədənlər hərbi cinayətkarlar adlandırılmalıdır.
Faciə barədə obyektiv informasiyanın çatdırılması üzrə təşəbbüs qrupunun rəhbəri Mirəşrəf Fətiyev çıxışında bildirmişdir ki, sovet ordusu veteranlarından və hüquq müdafiəçilərindən ibarət qrup bu məsələ ilə yaxından məşğul olacaqdır. Onun sözlərinə görə, etnik təmizləmə aparan cinayətkarlar indiyədək heç bir cəza almamışdır. O demişdir: "Dünya birliyi bu hadisəyə mənəvi və hüquqi qiymət verməli, hərbi cinayətkarlar isə cəzalandırılmalıdır".
Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, "Qarabağ gündəliyi", "Qarabağın qanlı girdabı" kitablarının müəllifi Yuri Pompeyev, şair və yazıçı, "Ürəyin yaddaşı" şeirlər kitabının müəllifi Aleksandr Fomenkov, publisist, İsrail və Rusiyanın ictimai xadimi Aviqdor Eskin və Strateji Modelləşdirmənin İnkişafı Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk çıxışlarında xalqımızın ağrı-acısını bölüşərək Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər.
Bildirilmişdir ki, Xocalı presedenti terrorun köməyi ilə hakimiyyəti ələ keçirmək yolunu nümayiş etdirir. Terrorçu və siyasi cinayətkar kimi Ermənistanın indiki müdafiə naziri Seyran Oqanyan və terrorçu Monte Melkonyan nümunə gətirilmişdir. Qeyd edilmişdir ki, faciənin faktiki materialları konkret nəticələrə gətirib çıxarmalıdır. Lakin obyektiv informasiyanı dünya ictimaiyyətinə çatdırmaq istiqamətində bütün cəhdlər Ermənistanın millətçi dairələrinin şiddətli, qeyri-adekvat və aqressiv reaksiyası ilə qarşılaşır.
Varşava
Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyi bu ölkənin ən böyük ali təhsil ocağı olan Varşava Universitetində anım tədbiri təşkil etmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirə Polşanın Xarici İşlər, Müdafiə və digər nazirliklərinin, Azərbaycanın bu ölkədəki diasporunun təmsilçiləri, Varşavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Polşada yaşayan bütün müsəlman icmalarının müftisi Tomaş Miçkiyeviç, alimlər, yerli ictimaiyyətin nümayəndələri və tələbələr qatılmışlar.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov mərasimi açaraq Xocalı faciəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirmiş, meyitlərin üzərində xüsusi vəhşiliklər törətmiş, mindən çox Xocalı sakinini əsir götürmüş, səkkiz ailəni tamamilə məhv etmişlər.
Beynəlxalq hüquq müdafiə təşkilatları və dünya mətbuatının nümayəndələri tərəfindən sənədləşdirilmiş, XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımına beynəlxalq səviyyədə hələ də siyasi qiymətin verilmədiyi qeyd olunmuşdur.
Varşava Universitetində Qafqaz seminariyasının rəhbəri David Kolbaya ölkəmizin regionda artan əhəmiyyətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgənin davamlı inkişafına yeganə maneə olduğundan danışmışdır. O, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamışdır.
Polşa yazıçısı, tanınmış jurnalist, 30-dan çox kitabın müəllifi Vitold Mixalovski ermənilərin Qərbi Avropada yalan təbliğatlarının dünya ictimaiyyətinin diqqətini həqiqətdən yayındırdığını, əslində məzlum və yerli deyil, qatil və gəlmə olan ermənilərin Cənubi Qafqaz və Anadolu torpaqlarında "böyük Ermənistan" yaratmaq iddiası kimi boş xəyallarından danışmışdır.
Xocalıda baş verənlərin insanlığa sığmadığı, faciəni törədənlərin cəzasız qalmasının təhlükəli olduğu, soyqırımına lazımi siyasi qiymətin verilməsinin bu cür faciələrin təkrarlanmaması baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.
Varşava Universitetinin aspirantı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar aparan Nataliya Konarjevska nümayiş etdirdiyi videomateriallarda iştirakçılara Qarabağ müharibəsinin region ölkələrinə vurduğu zərər, humanitar böhran, qaçqın və məcburi köçkün problemi, eləcə də işğal edilmiş rayonlar barədə məlumat vermişdir.
Səfirliyin əməkdaşı Ülfət Maçanov insanlıq əleyhinə dəhşətli cinayətlərdən olan Xocalı faciəsi barədə videomateriallarla çıxış etmişdir.
Sonra "Erməni
terrorizmi" ("Armenian terrorism") adlı sənədli
film göstərilmişdir.
Tədbirin
sonunda "Xocalıya ədalət" kampaniyası çərçivəsində
hazırlanmış klip nümayiş etdirilmişdir.
Mərasimin
keçirildiyi zalda Xocalı faciəsinin dəhşətli
görüntülərini əks etdirən fotoşəkillər
və beynəlxalq mətbuat nümayəndələrinin məqalələrindən
ibarət sərgi təşkil edilmişdir. "Xocalıya
ədalət" kampaniyası çərçivəsində
hazırlanmış petisiyanı 42 iştirakçı
imzalamışdır. İmza vərəqi
petisiya ilə birlikdə poçt vasitəsilə
Polşanın və Avropa İttifaqının rəhbər
qurumlarına göndəriləcəkdir.
Tədbirdə müvafiq təbliğat-təşviqat
materialları - polyak dilində "Erməni mifi;
Dağlıq Qarabağ - xəbərlər, faktlar, rəqəmlər",
ingilis dilində "Xocalı soyqırımı - milyon imza,
bir tələb", Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış "Dağlıq Qarabağ haqqında həqiqi
faktlar" silsiləsindən kitabçalar, "Xocalıya ədalət"
kampaniyası çərçivəsində
hazırlanmış klipin diskləri, kampaniyanın loqosunun əks
olunduğu köynəklər, həmçinin "Azərbaycan
haqqında məlumat - 2007" və Polşa
yazıçısı Vitold Mixalovskinin "Heydər Əliyev
haqqında söz" kitabları və digər materiallar paylanmışdır.
Polşa
ictimaiyyətində Xocalı faciəsi ilə bağlı məlumatlılığın
artırılması məqsədilə əyani vəsaitlərdən
geniş istifadə edilmişdir. Xocalı
soyqırımı ilə bağlı səfirlik tərəfindən
polyak və ingilis dillərində hazırlanmış məlumatlar
poçt vasitəsilə yüzlərlə ünvana göndərilmişdir.
Bundan başqa, sözügedən məlumatlar
konsulluq şöbəsinin qəbul otağında digər təbliğat
materialları ilə birlikdə viza üçün müraciət
etməyə gəlmiş şəxslər arasında
yayılmışdır. Tədbir
zalında hər bir oturacağın üzərinə
"Xocalıya ədalət" kampaniyası çərçivəsində
hazırlanmış müraciətin mətni, Ermənistanın
Azərbaycana təcavüzünün nəticələrini əks
etdirən xəritə və s. qoyulmuşdur.
Təbriz
Azərbaycan
Respublikasının Təbrizdəki baş konsulluğunda
"Xocalı soyqırımı - insanlığa
qarşı ağlasığmaz cinayət" mövzusunda
konfrans keçirilmişdir.
AzərTAc xəbər
verir ki, konfransda İran rəsmiləri, Türkiyənin Təbrizdəki
baş konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan
Respublikası vətəndaşları, şəhər
ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə
Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir. "Məhv edilmiş
şəhər" sənədli filmi və "Xocalıya ədalət"
musiqili klipi nümayiş etdirilmiş, www.justiceforkhojaly.org
İnternet səhifəsinin yeni versiyası barədə məlumat
verilmişdir.
Tədbir
iştirakçıları "Xocalı
soyqırımı" fotosərgisinə baxmışlar.
Xocalı faciəsi
barədə məlumat verən baş konsul Əli Əlizadə
bildirmişdir ki, erməni millətçiləri zaman-zaman Azərbaycan
xalqına qarşı misli görünməmiş cinayətlər
törətmişlər. Xocalı
soyqırımı bu cinayətlərin ən dəhşətlisidir.
Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə
qayıdandan sonra Xocalı soyqırımını törədənlərin
ifşa edilməsi və faciə barədə həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
vahid fəaliyyət xətti müəyyən edilmişdir.
Xocalı faciəsi beynəlxalq hüquq
normalarına, humanizm prinsiplərinə və insanlığa
qarşı törədilmiş ən dəhşətli
tarixi cinayətdir.
Türkiyənin
Təbrizdəki baş konsulu Yunus Belet, Azərbaycanın
vitse-konsulu Nağı Hüseynov və digər natiqlər
Xocalı soyqırımının dəhşətlərindən
bəhs etmişlər. Çıxışlarda dəfələrlə
qeyd olunmuşdur ki, Xocalı soyqırımını törədənlər
tarix qarşısında öz cəzalarını almalı,
dünya birliyi Azərbaycan torpaqlarının bir hissəsinin
təcavüzkar Ermənistan tərəfindən hələ də
işğal altında saxlanılmasına göz
yummamalıdır.
İştirakçılara
"Xocalıya ədalət" rep üslublu musiqili klipin və
"Məhv edilmiş şəhər" sənədli
filminin elektron variantları, soyqırımı əks etdirən
kitab və jurnallar paylanmışdır.
Aktau
Azərbaycanın Aktaudakı
baş konsulluğunun dəstəyi ilə şəhərin ali məktəblərində təhsil alan azərbaycanlı
tələbələr "Xocalıya ədalət"
kampaniyası çərçivəsində anma mərasimi
keçirmişlər.
Əvvəlcə
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad olunmuşdur.
Diasporumuzun
üzvlərinin, KİV nümayəndələrinin
iştirakı ilə keçirilmiş mərasimdə Azərbaycanın
Aktaudakı baş konsulu Rəşad Məmmədov Xocalı
faciəsi haqqında ətraflı məlumat vermiş, ermənilərin
əsrlər boyu xalqımıza qarşı törətdikləri
cinayətlərdən danışmışdır.
Diplomat faciə ilə
bağlı Azərbaycanda və dünyanın bir çox
ölkələrində İslam Konfransı Gənclər
Forumunun mədəniyyətlərarası dialoq üzrə
baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə irəli sürülmüş "Xocalıya ədalət"
kampaniyasının həyata keçirildiyini nəzərə
çarpdırmışdır.
Tələbələr
adından Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və
Mühəndislik Universitetinin tələbəsi Əli Əlabbasov,
Manqistau vilayətindəki Turizm Kollecinin tələbəsi
İndiana Musayeva və başqaları ermənilərin
Xocalıda dinc əhaliyə qarşı törətdikləri
soyqırımının insanlığa qarşı cinayət
olduğunu bildirmişlər. Vurğulanmışdır
ki, bu faciə haqqında düzgün və ətraflı məlumat
beynəlxalq ictimaiyyətə, o cümlədən
Qazaxıstan gənclərinə çatdırılmalıdır.
Mərasimdə
www.justiceforkhocaly.org. saytı haqqında məlumat
verilmiş və Xocalı faciəsi ilə bağlı sənədli
film nümayiş etdirilmişdir.
Sonra tələbələr
"Xocalıya ədalət" kampaniyasına dəstək
məqsədilə Qazaxıstanın qərb bölgələrində
əlaqələndirmə qrupunun yaradılması barədə
qərar qəbul etmişlər. Ş.Y.Yesenov adına
Kaspi Dövlət Texnologiya və Mühəndislik
Universitetinin beynəlxalq münasibətlər fakültəsinin
III kurs tələbəsi Əli Əlabbasov bu qrupun rəhbəri
seçilmişdir.
Mərasim
iştirakçıları Xocalı soyqırımının
insanlığa qarşı cinayət kimi tanınması ilə
bağlı müraciəti də imzalamışlar.
Diqqətə
çatdırılmışdır ki, "Xocalıya ədalət"
kampaniyası çərçivəsində beynəlxalq təşkilatların
rəhbərlərinə, dünyanın aparıcı ölkələrinin
dövlət başçılarına və parlamentlərinə
də faciə haqqında ətraflı materiallar göndərilməlidir.
Mərasimdə
"Xocalıya ədalət" klipi nümayiş
etdirilmişdir. Bundan əlavə, iştirakçılar
qanlı faciədən bəhs edən foto və kitablardan ibarət
sərgiyə baxmış, onlara "Xocalıya ədalət"
kampaniyasının loqosu ilə döş nişanları təqdim
olunmuşdur.
İzmir
İzmirdəki
Mədəniyyət Mərkəzində Heydər Əliyev
Fondunun Türkiyə təmsilçiliyi, Azərbaycanın
İstanbuldakı baş konsulluğu və Azərbaycan
Kültür Evi Dərnəyinin təşkilatçılığıyla
Xocalı soyqırımının ildönümü ilə
bağlı konfrans keçirilmişdir.
Tədbir
iştirakçıları Xocalıda şəhid olan dinc
sakinlərin əziz xatirəsini bir dəqiqəlik sükutla
yad etmişlər.
Azərbaycanın
və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Konfransda
çıxış edən Azərbaycanın
İstanbuldakı baş konsulu Həsən Zeynalov
bildirmişdir ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Xocalıda bəşəriyyətə
qarşı ağır cinayət törədilmişdir. Dinc insanlar yalnız türk olduqları
üçün vəhşi qətliamın qurbanı
olmuşlar. Bütün dünya ermənilərin
bu vəhşiliyindən xəbər tutmalı və onu
törədənlər cəzalarını
almalıdırlar.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Qənirə
Paşayeva bu soyqırımın günahkarlarının cəzalandırılması
üçün dünyanın bir çox ölkələrində
həyata keçirilməli olan təbliğat işlərindən
bəhs etmişdir. O vurğulamışdır ki, Xocalıda silahsız
dinc əhaliyə qarşı qətliam törədənlərə
qarşı birgə hərəkət etmək
lazımdır. Bütün dünyadakı
türklər bir yumruq kimi birləşməli və ermənilərə
qarşı mübarizə aparmalıdırlar. Xocalı faciəsini görməyən kor gözlər,
qulaqlarının dibində ağı söyləyən məsum
insanların səsini eşitməyən kar qulaqlar hələ
də vardır. Yüz il əvvəl
guya ermənilərə qarşı
"soyqırımı" törədildiyini qəbul edənlər,
on doqquz il əvvəl olmuş Xocalı
soyqırımını tanımaq istəmirlər.
Türkiyənin millət vəkili
Şenol Bal, İzmir valisinin müavini Məhmət
Ərdoğan və digər rəsmi şəxslər
konfransda iştirak etmişlər.
Konfransda Xocalı
soyqırımını əks etdirən fotoşəkillərdən
ibarət slayd göstərilmiş, Qənirə
Paşayevanın və "Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyi idarə heyətinin
üzvü Həvva Məmmədovanın həmmüəllifi
olduqları, türkcə çapdan çıxmış
"Xocalı soyqırımı: şahidlərin dilindən"
kitabı təqdim edilmişdir.
Azərbaycanın
Türkiyədəki səfirliyi Ankaranın Etimesqut bələdiyyəsi
ilə birgə Xocalı soyqırımı
qurbanlarının xatirəsini anma mərasimi
keçirmişdir.
Mərasim
iştirakçıları Xocalı soyqırımı dəhşətlərini
əks etdirən fotoşəkillərdən ibarət sərgi
ilə
Xocalı faciəsi
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
olunmuşdur.
Azərbaycan və
Türkiyənin dövlət himnləri səslənmişdir.
Etimesqut bələdiyyəsinin
sədri Ənvər Dəmirər mərasimi açaraq Azərbaycan
və Türkiyə xalqlarının yaşadıqları faciələrin
unudulmayacağını, bunlardan dərs alınmasının
zəruriliyini vurğulamışdır. Xalqlarımız
sahib olduqlarını qorumaq üçün birlik və həmrəyliyini
möhkəmləndirməlidir.
Azərbaycanın
Türkiyədəki səfiri Faiq Bağırov demişdir ki,
Xocalı soyqırımı ermənilərin yüz illər
boyu türklərə bəslədiyi nifrətin nəticəsidir. Ermənilərin
törətdiyi Xocalı soyqırımında 613 dinc sakin qətlə
yetirilmiş, 1255 nəfər girov
götürülmüşdür. Girovların
150 nəfərinin aqibəti hələ də məlum
deyildir. Bu, bəşəriyyətə
qarşı ağır cinayət və
soyqırımıdır. Ermənilər 1905-ci, 1918-ci və
1992-ci illərdə türk soyuna qarşı qətliamlar
törətmişlər. Təəssüf ki,
bu cür ağır cinayəti törətmiş Ermənistana
qarşı beynəlxalq miqyasda heç bir sanksiya tətbiq
olunmamışdır. Buna nail olmaq
üçün Türkiyə ictimaiyyəti "Xocalıya ədalət"
kampaniyasına dəstəyini gücləndirməlidir.
"Xocalıya ədalət" kampaniyasının Türkiyədəki nümayəndəsi Gözdə Kılıç bildirmişdir ki, dinc əhaliyə qarşı vəhşi qətliamda iştirak etmiş Robert Köçəryan, Serj Sarkisyan və digərləri Ermənistana rəhbərlik edirlər. Kampaniyanın məqsədi bu canilərin Haaqa tribunalı və beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış kampaniya Türkiyədəki tələbələrin Xocalı həqiqətlərini təbliğ etmək üçün daha mütəşəkkil fəaliyyət göstərməsinə şərait yaratmışdır. Biz, Xocalı soyqırımının qardaş Türkiyənin parlamentində tanınmasını istəyirik.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, professorlar Cəmil Həsənli, Ümid Özdağ və jurnalist Seyfəddin Altaylı Xocalı soyqırımı və əsrlər boyu Azərbaycan və Türkiyə xalqlarının başına gətirilən müsibətlərdən söhbət açmışlar.
Sonda səfir Faiq Bağırov və Eimesqut bələdiyyəsinin
sədri Ənvər Dəmirər Azərbaycan həqiqətlərinin,
o cümlədən Xocalı faciəsinin Türkiyədə
tanıdılmasında fəallıq göstərən
"Xocalıya ədalət" kampaniyasının Türkiyədəki
nümayəndəsi Gözdə Kılıç,
professor Ümid Özdağ və jurnalist Seyfəddin
Altaylıya plaketlər təqdim etdilər.
AzərTAc
Azərbaycan.- 2011.-27 fevral.- S. 4.