Meksikalı deputat: Markos Peres:
"Xocalı yer üzündən hər hansı təbii fəlakət
nəticəsində deyil, məhz insan əli ilə dünya
xəritəsindən silinmişdir"
Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, fevralın 23-də Mexikonun Xatirə və Dözümlük Muzeyində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində "Bir daha soyqırıma yol verilməsin!" mövzusunda konfrans keçirilmişdir.
Əvvəlcə konfrans iştirakçıları Xocalı qətliamı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfransı giriş sözü ilə açan "Xocalıya ədalət" beynəlxalq kampaniyasının Meksika üzrə əlaqələndiricisi Ximena Olqin Xocalı soyqırımı, törədilmiş dəhşətli cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində sözügedən kampaniyanın geniş fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Səfir İ.Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, son iki əsrdə xalqımıza qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasəti, Xocalı soyqırımı haqqında danışmışdır. Diplomat Azərbaycanın tarixi ərazilərinin bölünməsi, XX əsr ərzində baş vermiş deportasiya və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələrindən bəhs etmiş, Ermənistan prezidenti Serj Sarkisyanın Xocalı soyqırımının müqəssirləri sırasında olduğunu qeyd etmişdir.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Markos Peres Xocalı hadisələrini soyqırımı adlandıraraq Xocalının yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan əli ilə dünya xəritəsindən silindiyini vurğulamışdır. Deputat "Xocalı" sözünün Azərbaycan xalqı üçün xüsusi məna kəsb etdiyini və məhv edilmiş şəhərin insanların ürəyində daim yaşayacağını demişdir. M.Peres Meksika Konqresinin də Xocalı hadisələrinə laqeyd qalmayacağını və soyqırımı haqqında ədalətli mövqeyini bildirəcəyini qeyd etmişdir.
Meksika hökuməti yanında İnsan Hüquqları Komissiyasının əlaqələndiricisi Leonardo Mier isə təmsil etdiyi qurumun Xocalıda törədilmiş hadisələrə heç vaxt etinasız qalmadığını və Xocalı hadisələrinin araşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir. Bu kimi cinayətlər nəticəsində həyatlarını itirmiş insanların xatirəsinin yad edilməsinin əhəmiyyətini qeyd edən əlaqələndirici bu dəhşətli hadisə nəticəsində müxtəlif fiziki, mənəvi və maddi mərhumiyyətlərlə qarşılaşmış insanların qayğısına qalmağın vacibliyini vurğulamışdır.
L.Mier bildirmişdir ki, Xocalıda törədilmiş qeyri-insani cinayətlər beynəlxalq səviyyədə artıq öz təsdiqini tapsa da, bu hadisələr hələ də sadəcə faciə adlandırılır. Bu kimi cinayətlərin dünyanın hər hansı bir nöqtəsində yenidən baş verməsinin qarşısını almaq üçün Beynəlxalq Məhkəmə və İnsan Hüquqları institutları ilə sıx əməkdaşlıq etmək vacibdir.
Konfransda həmçinin 2010-cu ildə Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən Xocalı soyqırımından bəhs edən və ispan dilində ilk dəfə olaraq hazırlanmış sənədli film, eləcə də "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində görülmüş işləri əks etdirən fotolar nümayiş etdirilmişdir. Bundan əlavə, kampaniyanın www.justiciaparajodyali.org internet səhifəsi barədə məlumat verilmişdir.
İştirakçılara üzərində "Justicia para Jodyali" ("Xocalıya ədalət") yazılmış köynəklər, ispan dilində "Xocalı soyqırımı" sənədli filminin diskləri, Xocalı faciəsindən bəhs edən buklet və döş nişanları təqdim edilmişdir.
Konfransda iştirak edənlər "Dünya liderlərinə müraciət" ("petition") kitabına öz imzalarını əlavə etmişlər.
"Xocalıya
ədalət" beynəlxalq kampaniyası çərçivəsində
silsilə tədbirlər davam etdiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-27 fevral.- S. 4.