Erməni vəhşətinin
Xocalı səhifəsi
Xocalı faciəsinin dünya tərəfindən
soyqırımı kimi qəbul edilməsi Azərbaycan
dövlətinin əsas məqsədlərindəndir
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Tarixi həqiqətdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Onlar tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.
Hələ 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş və onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişlər. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliyə hazır olduğunu bir daha nümayiş etdirdi.
XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir zamana qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Beləliklə, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtulmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 məhsəti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".
Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı təsdiqləyir.
Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən hadisələri dərindən təhlil edərək Xocalı qətliamına ilk dəfə siyasi qiymət verdi. Təəssüf ki, o vaxta qədər erməni işğalçılarının azərbaycanlılara qarşı törətdiyi bu vəhşilik siyasi oyunlar fonunda unudulmuşdu. 1994-cü il fevralın 24-də ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran ulu öndər Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı sərəncam da imzaladı. Soyqırımın ildönümündə xocalılılarla görüşdə isə bu hadisəni əsrin ən dəhşətli faciəsi adlandırdı.
Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliksə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir. Məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini verdi. Ümummilli liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı.
Ümummilli lider fəaliyyətinin əsas hissəsini işğal altında olan torpaqların azad olunmasına həsr etdi. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq təşkilatların diqqətinin regiona yönəldilməsi və Ermənistanın bölgədə apardığı təcavüzkar siyasət ifşa olundu. Bu gün Xocalı soyqırımı Avropada, Amerika Birləşmiş Ştatlarında qeyd edilir. Bu cinayət qəti şəkildə pislənir. Bu ulu öndərin uzaqgörənliklə istiqamətləndirdiyi təbliğatın, ümumi səylərin nəticəsidir.
Dünya artıq qəbul edir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də sabiq prezident Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Elçin CƏFƏROV
Azərbaycan.- 2011.-27 fevral.- S. 5.