Qaysaq bağlamayan yaralar
İllər ötsə
də, Xocalı faciəsinin qaysaq bağlamayan yaralarından hələ
də qan sızır. Yalnız azərbaycanlı olduğuna
görə erməni faşistləri tərəfindən
qeyri-adi amansızlıqla qətlə yetirilmiş süd
qoxulu körpələrin, xanım-xatın nənələrin,
üz-gözündən nur yağan ağsaqqal babaların dil
açıb danışan şəkillərinə elə-belə
baxmaq olmur. Xocalı faciəsi bütöv bir millətin sinəsinə
çəkilən dağdır. Onun sızıltısı
ürəyimizi zaman-zaman göynədir, bizi olanları
unutmamağa, hadisələri milli təəssübkeşlik
prizmasından qiymətləndirməyə, həmişə
ayıq-sayıq olmağa çağırır.
Bu yazıda
Xocalı faciəsinin sinəsinə çalın-çarpaz
dağ çəkdiyi, əzizləri, doğmaları erməni
cəlladları tərəfindən
öldürülmüş, həyatın irili-xırdalı
problemləri ilə döyüşdə tək qalmış
zərif bir qadının acı taleyindən söhbət
açmaq istəyirik. Qısa tanışlıq: Kərimova
Nargilə Məhəmməd qızı 1964-cü ildə Ermənistanın
Əzizbəyov rayonunda anadan olmuşdur. 1980-ci ildə həmkəndlisi
Firuzla ailə həyatı qurmuşdur. Məlum hadisələrlə
əlaqədar 1988-ci ildə ailəsi ilə birlikdə dədə-baba
torpağımız olan Qərbi Azərbaycandan Ermənistanın
etnik təmizləmə siyasəti nəticəsində
deportasiyaya məruz qalmışdır. Taleyin hökmü ilə
ailəsi qaçqın kimi Xocalıda məskunlaşmışdı.
Burada da ermənilərin təqibindən xilas ola bilmədilər.
Yenə narahat günlər, həyəcan dolu səksəkəli gecələr... Ömür-gün yoldaşı Firuz əlinə silah götürüb Xocalı özünümüdafiə batalyonuna qoşuldu. Hər tərəfdən mühasirəyə alınmış Xocalıda vəziyyət sürətlə ağırlaşırdı. Mühasirə halqası get-gedə daralır, erməni silahlılarının hücumları intensivləşirdi. Hər gün güllə səsləri, hər gün qan-qada, hər gün ölüm. Hava yolu istisna olmaqla ətraf mühitlə əlaqəsi kəsilmişdi. Xocalıda qopan fəryad o vaxt Azərbaycan dövlətinin başında duranlara sanki çatmırdı. İqtidarın da, müxalifətin də hakimiyyət ehtirasları elə qızışmışdı ki, Xocalı problemi arxa plana keçmişdi.
Nargilə dəhşət dolu günləri belə xatırlayır:
- Güllə yağış kimi yağırdı. Qayınatam, qayınanam və qızım səksəkə içindəydik. Güllə səsləri, mərmi partlayışı, pulemyotların şaqqıltısı ara vermirdi. Firuz özünü bizə yetirib dedi ki, "Vəziyyət çox ağırdır. Ermənilərin niyyəti camaatı qırmaqdır, ləngimək olmaz. Adamlar kəndin aşağısına toplaşıb. Tez olun, təcili onlara çatmalısınız".
Ata-anası ilə görüşdü. Qızı Firəngülü bağrına basıb üz-gözündən öpdü, mənə uşaqdan muğayat olmağı tapşırıb: "Sağlıq olsa, görüşərik" - söyləyərək tez evdən çıxdı.
Amma o gedən getdi. Elə xəyalımda da son dəfə gördüyüm narahat, nigaran görkəmdə qalıb. Bizi ağlar günə qoyub, getdi! Onun arxasınca biz də evdən çıxdıq. Soyuq sazaq adamı bıçaq kimi kəsirdi. Adamlara çatmağa tələsirdik. Amma sağda, solda partlayan mərmilər bizi çaşdırır, yaxın yolumuzu uzaq edirdi. Birtəhər özümüzü dəstəyə yetirdik. Burdakılar qocalar, qadınlar və bir də uşaqlar idi. Ağdama tərəf istiqamət götürdük. Bir az getmişdik ki, qəfil atəşə tutdular. Sən demə, ermənilər hər şeyi hesablayıblarmış. Adamların mühasirədən hardan çıxa biləcəklərini əvvəlcədən müəyyənləşdirib pusqu qurmuşdular. Yaralananların fəryadı, qorxudan dəli olmaq həddinə çatan uşaqların qışqırığı ara verməyən güllə səslərinə qarışıb dəhşətli bir vəziyyət yaratmışdı. Atışma xeyli davam etdi. Güllə yağışı səngiyəndən sonra adamlar doğmalarını axtarmağa başladılar. Qayınatamı, yaşı yetmişi haqlamış Kamran dayını və qayınanam Firəngül xalanı sağ qalanların arasında görməyib sarsıldım. Çətin məqamda Allah adama güc verir. Artıq göz yaşlarım yanağıma deyil, ürəyimə axırdı. Sinəmə sıxılmış altı yaşlı qızım bərk qorxur, həm soyuqdan, həm də həyəcandan yarpaq kimi əsirdi. Quş kimi çırpınan ürəyinin döyüntüsünü qollarımın arasında aydınca hiss edirdim. Firuz onu yaman çox istəyirdi. Elə bu səbəbdən də qızına anasının adını qoymuşdu. Çox sayda itki verən dəstə yoluna davam edirdi. Böyük Firəngülü itirib kiçik Firəngüllə gedirdim. Hara, hansı tərəfə, fərqində deyildim. Yolumuz meşədən keçirdi. Tələnin birindən zor-bəla ilə yenicə qurtarmışdıq ki, təzədən ikinci tələyə düşdük. Bu dəfə itkimiz daha çox oldu. Bizi öyrətmişdilər ki, atışma olan kimi üzüquyulu yerə uzanın. Ah-nalə, qışqırıq səsləri elə bil dünyanın sonundan xəbər verirdi.
Özümə gəlib başımı yerdən qaldıranda Firəngülü yanımda görmədim. Elə bil məni ildırım vurdu. Dəli kimi olmuşdum. Ora-bura qaçır, adamlardan qızcığazımı soruşur, bir yerdə qərar tuta bilmirdim. Gördüm deyən olmadı. Dəstə yenidən yoluna düzələndə mən getməkdən imtina etdim. Dedim, körpə balamı meşədə qoyub hara gedim. Daha yaşamağın mənası qalmışdımı? Ağlaya-ağlaya Allaha yalvarır, "Ya balamı mənə qaytar, ya məni də öldür" - deyirdim. Adamlar məni məcbur aparırdılar. Dəstəyə böyüklük edən ağsaqqal kişi deyirdi ki, "Ay bala, bu müharibədir, müharibədə hər şey olar. Səni meşədə tək qoyub getməyi qeyrətimizə necə sığışdıraq?" Heç özümdə deyildim. Ayaqlarım getsə də, canım, ürəyim arxada, qarlı meşədə qalmışdı. Dizlərimi yerə qoyub, yalvarırdım ki, mənə bir güllə vurun, mən də ölüb burda qalım. Nəhayət, əzablarla, məşəqqətlərlə dolu yolu başa vurub Ağdama çatdıq.
Ağdamda həkimlər
bizə yardım etdilər. Yaralıları xəstəxanaya
yerləşdirdilər. Çoxunun ayaqlarını don
vurmuşdu. Özümə
yer tapa bilmirdim. Üç gün heç yana bir addım da
atmadım. Kürəyimi soyuq divara söykəyib gözlərimi
Xocalıdan gələn yola dikib gözləyirdim. Firəngülün
yoxluğuna dözə bilmirdim. Nə surəti gözümdən
gedirdi, nə də ətri burnumdan. Amma içimdə ümid
vardı! Elə bil sirli-sehrli bir varlıq qulağıma
pıçıldayırdı ki, körpən sağdır,
gözlə gələcək. Mən də oturub gözləyirdim!
Gecə də Xocalıdan gələn yolun üstündən
uzaqlaşmırdım ki, birdən gələn olar, xəbər
tuta bilmərəm. Hər gələnin qabağına
yüyürür, bu yaşda, bu nişanda qız
uşağı itirdiyimi söyləyir,
yalvarıb-yaxarırdım ki, mənə kömək etsinlər.
Dərdi-məlalı mənimkindən az olmayan adamların
gücü yalnız təsəlli verməyə
çatırdı. Öz dərdini unudub halıma yanan, mənə
qoşulub hönkür-hönkür ağlayanlar da olurdu.
Üç gün beləcə cəhənnəm əzabı
çəkdim. O üç günü kirpiklərimlə od
götürdüm. Üçüncü gün halım pisləşmişdi.
Həkimlərin verdiyi dava-dərmanı da atmırdım ki,
ölüm, canım qurtarsın. Firuzdan, doğmalarımdan,
körpə balamdan sonra yaşamaq istəmirdim.
Ölümü gözlədiyim məqamda üstümə elə
bil gün doğdu. Xocalıdan gələn, o vaxt
hamının "həyat yolu" adlandırdığı
yolun üstündə bir dəstə əsgər
göründü. Onlar yaxınlaşdıqca sanki ürəyimin
döyüntüsü də artırdı. Sanki ilahi bir
qüvvə mənə deyirdi ki, əsgərlər
qızımı da gətirir. Hövsələm
çatmadı. Dözməyib onların qarşısına
yüyürdüm. Yanılmamışdım, boy-buxunlu bir əsgər
körpə balamı qucağında gətirirdi. Firəngül
huşsuz idi. Onu ölmüş zənn edib
qışqırıb huşumu itirdim. Özümə gələndə
Firəngülü başımın üstündə gördüm.
Şaxtanın qovurduğu, cadar-cadar olmuş yanağında
göz yaşı cığır açmışdı.
Ayıldığımı görəndə gülümsəyib
boynuma sarıldı. Hıçqıra-hıçqıra
yalvardı ki, ana qurban olum, ölmə.
Yalvarışlarımı balama qovuşduran böyük
Allahın bu iltimasından sonra ölə bilərdimmi...
Bir neçə gün sonra öyrəndim ki, Firuz Xocalının müdafiəsində mərdliklə döyüşüb, qəhrəmanlıqla həlak olub. Ulu öndər Heydər Əliyevin fərmanı ilə 25 fevral 1997-ci ildə ömür-gün yoldaşım Firuz Kərimovun ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilməsi ömrümün sonuna qədər mənim üçün ən böyük təsəllidir.
Indi bu ailə iki nəfərdən - Nargilə, Firəngüldən ibarətdir. Firəngülün babası da vardı, nənəsi də, atası da vardı, əmisi də. Babası, nənəsi və atası 26 fevral 1992-ci ildə Xocalıda ermənilər tərəfindən qətlə yetirildi. Hər üçünün adına yazılmış ölüm haqqında şəhadətnamədə eyni tarix, eyni məkan göstərilir: Xocalı, 26.02.1992-ci il. Firəngülün əmisi Kərimov Soltan Samran oğlu elə o vaxtdan ermənilər tərəfindən girov götürülüb. Sonrakı taleyindən dəqiq məlumat yoxdur.
Xocalı faciəsinin vurduğu yaralar Nargiləni vaxtından tez qocaldıb. Qızı Firəngülün faciə baş verən zaman üç gün azıb meşədə qalması, bizim əsgərlər tərəfindən tapılıb xilas edilməsi qızcığazın həyatında dərin izlər qoyub. O vaxtdan itirdiyi sağlamlığını hələ də bərpa edə bilmir. İlin çox hissəsini xəstəxanalarda keçirir. Amma gözəl əl qabiliyyəti var. Qeyri-adi tikmələr tikir, el sənətinin dəyərli nümunələrini yaradır.
Bir millətin
ürəyinə vurulan Xocalı yarasının
qaysağını bir ailənin timsalında
qopardığımızı zənn etdik.. Qaysaq nə gəzirdi?!
Göz-göz olmuş bu yaradan hələ də qan
sızır…
Lazım QULİYEV
Azərbaycan.- 2011.-27 fevral.- S. 5.