Həqiqəti gizlətmək mümkün deyil

 

23 ildir ki, erməni faşist ideologiyası Sumqayıt hadisələrinin əsl mahiyyətini təhrif edərək Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa, törətdikləri sonsuz cinayətlərin müəllifləri sırasına bizim də adımızı yazmağa çalışırlar. Lakin illər keçdikcə erməni faşistlərinin, ideoloqlarının törətdikləri cinayətlərin görünməyən tərəfləri üzə çıxır.

Sumqayıt hadisələrində erməni ideoloqları öz məkrli oyunlarından törənən onlarla cinayəti azərbaycanlıların ayağına yazmaq üçün keçmiş İttifaqın bütün güc strukturlarını ələ almışdılar. Biz Sumqayıt şəhərində bu hadisələrin canlı şahidlərindən olan təqaüdçü Mehman Ömərovla görüşdük. Həmin dövrdə şəhər Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib. Ötən illərin hadisələri onu bu gün də düşündürür.

Aradan xeyli vaxt ötməsinə baxmayaraq, Mehman Ömərov o hadisələri təfərrüatı ilə xatırlayır:

- Fevralın 27-də səhər işə gələndə şəhər partiya komitəsinin qarşısına minə qədər adamın toplaşdığını gördüm. Nəsə anlamaq olmurdu. İşə gəldim, hamı yerində idi. Baş verənləri kənardan izləyirdik. Bunların tezliklə yoluna qoyulacağına inanırdıq.

Səhəri gün vəziyyətin tədricən gərginləşdiyini gördük. Belə ki, səslənən şüarlar elə bil bir mərkəzdən idarə edilirdi. Mitinqdə iştirak edən bəzi adamlar sürətlə bir küçədən digərinə keçir, kütləni hərəkətə gətirməyə, qızışdırmağa çalışırdılar. Əllərində tutduqları kağız parçalarını insanlara göstərib, dinc adamları harasa istiqamətləndirmək istəyirdilər.

Öndə gedənlərin çoxu sumqayıtlı yox, kütləni qana təhrik edən təxribatçılara oxşayırdı. Həmin illərdə şəhərdə işləyənlərin çoxu fəhlə kimi zavod, fabrik və müxtəlif tikintilərdə çalışdıqları üçün boş vaxtlarını istirahətdə keçirməyə üstünlük verirdilər. Şəhər əhalisini qızışdırmaq, ayağa qaldırmaq istəyənlərin heç biri fəhləyə oxşamırdı.

Mehman Ömərov xüsusi qeyd etdi ki, o dövrdə Sumqayıt rabitə qovşağında işləyənlərin, demək olar ki, çoxu rus və erməni idi. Həmin anlarda bütün gecəni heç nə olmamış kimi işlədik. Əlbəttə, hamı narahat idi, lakin əvvəlki kimi mehriban idik, iş yoldaşlarımıza ümid verirdik ki, hər şey axarına düşəcək. Yerevanda, Xankəndidə ermənilərin mitinqi keçirilirdi. Kənardan Sumqayıta daxil olan zənglərin sayı kəskin surətdə artmışdı. İndi hadisələri bir daha xatırlayanda belə qənaətə gəlmək olur ki, həm SSRİ-nin təhlükəsizlik orqanları, həm də erməni millətçiləri Sumqayıtda hadisələrin məcrasından çıxması istiqamətində ciddi iş aparır, müəyyən xəbərlərin, şayiələrin yayılmasında maraqlı idilər. Bu gərginlik telefon qovşağında zənglərin artması ilə müşahidə olunurdu. İşimizdə texniki səbəblər üzündən fasilələr yaranırdı. Sumqayıtın özündə də daxili zənglər artmışdı.

Mehman Ömərovla söhbətimizdən məlum oldu ki, Sumqayıt hadisələrini araşdıran SSRİ Prokurorluğu və təhlükəsizlik orqanlarının işçiləri baş verən hadisələrlə bağlı əllərində heç bir əsaslı dəlil olmasına baxmayaraq, onu da ittiham ediblər. Aylarla davam edən istintaq araşdırmaları onun fəaliyyətində heç bir cinayət əməli tapa bilməsə də, onu SSRİ Ali Məhkəməsinə aparıb çıxarıblar. 1988-ci ilin 18 oktyabr-18 noyabrında keçirilən məhkəmə iclasını Mehman müəllim belə xatırlayır:

- Ali Məhkəmənin foyesində azərbaycanlılar və ermənilər üçün xüsusi yer ayrılmışdı. Bizim tərəfdən Əhməd Əhmədovun ata-anası, mən, daha iki nəfər var idi. Ermənilər tərəfdə isə yüzlərlə adam əyləşmişdi. İndiki kimi yadımdadır. Əslən sumqayıtlı olan erməni qadından məhkəmənin sədri onun kimin tərəfindən müdafiə edildiyini soruşanda o, bir azərbaycanlı ailəsinin adını çəkdi. Eyni halı üç erməni də təsdiqləyəndə məhkəmənin sədri hirslə qışqırdı: "Sağ qalan erməniləri azərbaycanlılar xilas edibsə, bəs görəsən qırılanları kim öldürüb?!" Məhkəmənin qətnaməsini oxuyanda həmin sözlər də orada öz əksini tapmışdı. Həmin məhkəmə prosesinin materialları yəqin bu gün də saxlanılır. Orada azərbaycanlıların ayağına yazılan cinayətlərin heç biri sübuta yetirilmədi.

Fasiləyə çıxanda bəzi ermənilər kimlərdənsə ehtiyatlanıb bizə tərəf yaxınlaşmasalar da, uzaqdan nəzərəçarpmaz dərəcədə başlarını tərpədərək gözləri ilə salam verirdilər.

Mehman Ömərov Moskvada keçirilən məhkəmə iclasından danışarkən qəzəbini gizlədə bilmirdi:

- Bilirsiniz, bizə təsir edən o idi ki, tək qalmışdıq. Hər dəfə məhkəmənin giriş qapısı açılanda gözləyirdim ki, hansısa azərbaycanlı gələcək və bizə mənəvi dəstək olacaq. Lakin həmin qapıdan içəri ermənilər və onların havadarları buraxılırdı. Əhmədi məhkəmə salonundan aparanda biz ayağa qalxdıq. Onu son dəfə görən biz olduq.

SSRİ Ali Məhkəməsində keçirilən iclasda Əhmədin barəsində qaldırılan cinayət sübuta yetirilməsə də, ermənilərin təhriki ilə ona ölüm hökmü kəsildi. Əslində o, SSRİ və Ermənistan xüsusi xidmət orqanları əməkdaşlarının birgə hazırlayıb həyata keçirdikləri qanlı avantüranın qurbanı oldu. Ermənilər həmin məhkəməyə onlarla vəkili, hüquq-mühafizə orqanlarının əməkdaşlarını göndərmişdilər.

SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun, Y.Cəfərovun, T.İsmayılovun işinə baxmış, prosesdə müttəhimlərə qarşı iddiaların əsassız olduğu sübuta yetirilmişdi. Yalnız Y.Cəfərov və T.İsmayılovun işi istintaqa qaytarıldı, Ə.Əhmədova isə heç bir hüquqi dəlil-sübut olmadan həmin hadisələrin "təşkilatçısı" damğası vurularaq güllələnmə hökmü kəsildi.

- Məhkəmənin gedişatı həbs edilənlərin günahsız olduğunu göstərirdi, - deyə M.Ömərov söhbətinə davam edir: - Sovet quruluşuna inanan adam olduğum üçün elə düşünürdüm ki, həqiqət öz yerini tapacaq, həbs edilənlər azadlığa buraxılacaqlar. Lakin məhkəmənin qərarı oxunanda qulaqlarıma inanmadım. Necə ola bilər ki, sənin günahsızlığın sübuta yetə, amma sən cinayətin təşkilatçısı kimi güllələnəsən?.. Onu da deyim ki, SSRİ Ali Məhkəməsinin hökmü SSRİ Ali Sovetinin qərarı ilə qüvvəyə minirdi. Məhz onda da qanun pozuntusuna yol verildi. Hökmün yerinə yetirilməsində qərarın verilməsi gözlənilmədi.

Mehman Ömərov barədə qaldırılan cinayət işi də məhkəmədə sübut edilmədiyindən ona bəraət verilir. Lakin Sumqayıta qayıtdıqdan sonra ona qarşı təzyiqlər başlayır. Oğlu institutdan xaric edilir. Sumqayıt Telekommunikasiya Qovşağının rəisi işləyən M.Ömərovun hər bir hərəkəti nəzarətə götürülür. SSRİ təhlükəsizlik orqanları tərəfindən onun işlədiyi idarəyə göndərilən yoxlamalar heç bir nəticə vermir. Dəfələrlə Moskvaya aparılan rəisin işində heç bir cinayət tərkibi tapmayanlar elə bil getdikcə daha da azğınlaşırdılar.

- Hamıya yaxşı məlum idi ki, həmin illərdə Sumqayıtda bütün təşkilatlar SSRİ təhlükəsizlik orqanları tərəfindən idarə olunurdu, - deyə Mehman müəllim vurğulayır. - Şəhər telefon qovşağı respublikalararası danışıqları təmin etdiyi üçün əksər telefon danışıqları dinlənilirdi, işçilər gündə üç-dörd dəfə yoxlanılır, onlardan izahatlar alınırdı. Özlərinin qurduqları planın baş tutmaması təhlükəsizlik əməkdaşlarını bərk əsəbiləşdirirdi. SSRİ təhlükəsizlik xidmətinin nümayəndələri rabitə qovşağına ciddi nəzarət edirdilər. Hətta işə gəlməyənlər olanda belə tez onların evləri nəzarətə götürülür, işə çıxmamalarının səbəbi araşdırılırdı. Hadisələrdən xeyli keçməsinə baxmayaraq, onlar hələ də "cinayətkar" axtarışında idilər.

Terrorizmi qanlarına hopduran erməni millətçiləri Sumqayıt hadisələrinin birbaşa iştirakçıları olduqlarını özləri də gözəl bilirlər. Lakin bu həqiqətin bütün mahiyyəti və çılpaqlığı ilə açılması onları qorxudur. Onlar Sumqayıt hadisələrində millətindən asılı olmayaraq heç kimə rəhm etmədilər. "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni faşistləri üçün, əslində, millət anlayışı yoxdur. Bunu onların öz millətinə etdikləri zülm də təsdiqləyir. Bu faşistlərin "böyük ideyaları"nı tarix nə vaxtsa ittiham edəcək, onlar üçün qurulan ədalət məhkəməsi Sumqayıt hadisələrində əsl müqəssirlərin erməni millətçiləri olduğunu təsdiq edəcəkdir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.-27 fevral.- S. 6.