Tale yazısı
1988-ci ilin fevralı. Ermənilərin
sitat gətirməyi xoşladıqları Sumqayıt hadisələri.
Necə deyərlər, ssenarist də kənarda qaldı,
dirijor da, baş rolların ifaçıları da. Zərbə
sadə adamlara, tamaşaçılara, yoldan ötənlərə,
təsadüfi epizodik rollarda çıxış edənlərə
dəydi. Bilmək olmurdu ölən kim idi, öldürən
kim. Amma ermənilər tərəfindən qurulan tamaşa
oynanıldı. Hətta bu faciəni lentə almaq
üçün dünyanın bir çox ölkəsindən,
eləcə də Ermənistanın özündən təşrif
buyurmuş operatorlar, fotoqraflar əvvəlcədən öz
yerlərini tutdular. Uydurulmuş səhnələr və montaj
sonranın işi idi.
Fakt o idi ki, Sumqayıtda erməniləri
qırırdılar. Amma qıran kim idi? Qriqoryan, Arakelyan, yoxsa
Əhmədov, Orucov? Moskvada keçirilən üzdəniraq məhkəmələr
belə hesab etdi ki, əsl qatil Əhməd Əhmədovdur. Nədənsə
ölüm hökmünə tələsdilər. Gərək
bəzi günahları da onun boynuna yıxaydılar ki,
Qarabağ hadisələrinin əsas səbəbkarı da elə
odur. Ermənistan adlanan, əslində bu qədim türk
yurdundan qovulacaq 300 min didərgini də yer-yurdundan o eləyib.
Nə çətin iş idi? Lap 90-cı ilin yanvar hadisələrini
də sonralar Əhmədovun boynuna yıxmaq olardı.
Görünür, ağıllarına gəlməyib. Bir də
nə fərqi var, Əhmədov olmasın, Məmmədov
olsun. Təki qovğalar "yan"lardan
ötüşsün. Məqsəd o günlərdən
söhbət açmaq deyil. Dediyimiz odur ki, itə daş atan
qaldı kənarda...
Haradan əsirdi bu
ölüm qoxulu küləklər? Üstümüzə əzrayıl
kimi şığıyan bu ruzigar, sən demə, neçə
illər idi ki, Ermənistandan üzü bəri yol gəlirdi.
Bizi yerli-dibli yıxmağa, öldürməyə məqam gəzirdi.
O gün bir ana ağı deyərək
balasını haraylayırdı. Onun nalələri ürəkləri
parça-parça edirdi. 20 il idi ki, Sürəyya ana namərd
qonşularımızdan çəkdiyi zillətin
ağırlığı altında əzilirdi. İndi-indi
üzü gülüb simasına təbəssüm
qonmuşdu ki, Sumqayıt hadisələri baş verdi.
Sonbeşiyi Nazim (Canpolad) Bakıya, oxuduğu M.Əzizbəyov
adına Azərbaycan Neft və Kimya İnstitutuna getməli
idi. Görənlər, eşidənlər
danışırlar ki, o gün yad əsgərlər
tankları yolun kənarında dayanmış adamların
üstünə sürüblər. "Qayda-qanun"
yaratmağa gələnlər günahsız insanları yerindəcə
qanına qəltan edirdilər. Evdə hamının Nazim
çağırdığı, pasportunda adı Canpolad
yazılan o tələbə gənc də elə bu faciəyə
düçar olub. Anası Sürəyya xanım
danışır: "Evdən çıxanda dedi ki, yol-iriz
pisdir, gəlməsəm, narahat olma. Şəhərdə
qalacağam. Üç gün meyitxanada qalan balam, elə
bilirdim ki, xalasıgildədir. Ağlıma necə gələrdi
ki, 20 il bundan əvvəl mənə dağ çəkən
ermənilər ürəyimə ondan da betər yara
vuracaqlar?!"
Valideynləri doğma yurdu tərk
edəndə Nazimin üç yaşı var idi.
Anasının qucağında
mışıl-mışıl yatırdı. Hərdən də
üzünə tökülən göz yaşlarından
diksinərək yarıyuxulu deyərmiş: "Ana, nolar,
ağlama".
Nə idi bu sürgünün səbəbi? 1967-ci ildə Zəngəzur mahalının Sisian (Qarakilsə) rayonunda türklərin qəddar düşməni, qaniçən Andranikə heykəl qoymaq istəyiblər. Rayonun Şəki kəndində yaşayan azərbaycanlılar dərhal öz etirazlarını bildiriblər. Həmin Nazimin babası, qohumları deyiblər ki, biz öz gözümüzlə görmüşük Andranik insanlara necə zülmlər edib, azərbaycanlı qadınların kürəyinə qaynar samovar bağlayaraq başlarına hansı zülmləri gətirib. Biz ölərik, amma o daşnaka heykəl qoyulmasına razı olmarıq. Katib çox fikirləşəndən sonra kəndin "başbilənlərini" - daşnakları yanına çağıraraq göstəriş verib: "Elə etməlisiniz ki, o nəsildən kənddə bir nəfər də qalmasın. Bizim işlərimizə mane olurlar. Nə qədər ki Orucovlar nəsli var, ora-bura, Moskvaya yazacaqlar. Qoymayacaqlar ki, biz Andranikə abidə ucaldaq".
Bir il sonra Novruz bayramında Şəki kəndində bir erməni uşağına güllə atdılar. Əsl qatil qaldı kənarda (öz millətlərindən qan düşmənləri varmış). Bu qanlı cinayəti 8-ci sinifdə oxuyan Fikrətin üstünə yıxaraq ona 10 il, atası Məhyəddin kişiyə də 2 il iş kəsdilər. Yenə də ürəkləri soyumadı. Rayon rəhbərlərinin fitvası ilə iki ay ərzində 24 ailə kənddən çıxarıldı. Beləliklə, ehtiyat edilən nəsildən Şəkidə bir nəfər də qalmadı. Sən taleyin qəsdinə bax ki, 20 ildən sonra həmin dərdli ailəyə daha bir dağ çəkildi. Üç yaşında anasının qucağında doğma yurdunu tərk edən Nazim (Canpolad) Orucov 20 ildən sonra erməni vəhşilərinin törətdiyi münaqişənin qurbanı oldu. Qarakilsənin bu igid oğlu cəmi 23 il yaşadı.
Beləcə dərd göyərərmiş və elə göyərə-göyərə evdən-evə, eldən-elə ötərmiş. Əvvəllər Sürəyya xala tək Nazim deyib ağı çəkirdi. İndi bu başıbəlalı qadının ürəyi para-para olub. Bilmir hansı şəhidə ağlasın? Vaqif çağırsın, Aqil desin, yoxsa Fəxrəddini, Vüqarı, Farizi oxşasın. Nazim-Canpoladın dəfn olunduğu gün - martın 4-də hər il evində yas məclisi qurulur. Şəhidlərimizin ruhuna Quran oxutdurur, ehsan verir. O qara paltarlı ana qara günlərimizin canlı heykəlinə çevrilib. Bir yönü Saraydakı qəbiristanlıqdı - Nazimin cismi uyuyan yerdi, bir yönü də Şəhidlər xiyabanıdı.
...Bakının Saray kəndində erməni zülmündən didərgin düşərək burada məskunlaşan xeyli şəkili yaşayır. Xeyirdə-şərdə bir yerə yığışaraq Şəkidə keçən günləri yada salırlar:
Əzizinəm, düşən ağlar,
Qürbətə düşən ağlar.
Yurd atmaq çətin dərddi,
Bu dərdi çəkən ağlar.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-27 fevral.- S. 7.