ATƏT PA-nın sessiyasında Azərbaycanda insan alverinə qarşı görülən işlər yüksək qiymətləndirilmişdir

 

Xəbər verdiyimiz kimi, fevralın 24-25-də Vyanada ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) X qış sessiyası keçirilmişdir.

Sessiya çərçivəsində Parlament Assambleyasının İqtisadiyyat, elm, texnologiya və ətraf mühit komitəsinin iclası keçirilmişdir.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, iclasda ATƏT PA-nın bu il Belqradda keçiriləcək yay sessiyasına hazırlıq, iqtisadiyyat, enerji resurslarından səmərəli istifadə, enerji təhlükəsizliyinin təmin olunması, insan alverinə qarşı mübarizə və digər məsələlər müzakirə olunmuşdur.

İclasda ATƏT PA-nın insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Kristofer Smit ATƏT məkanında insan alveri ilə mübarizədə fəaliyyətin təşkili, ölkələr arasında əməkdaşlıq və yeni istiqamətlər barədə məlumat vermişdir.

E.İbrahimov da iclasda çıxış edərək, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2009-2013-cü illər) təsdiq edilməsi haqqında" sərəncam imzalanmış, Milli Məclis tərəfindən insan alverinə qarşı mübarizə üzrə qanun qəbul olunmuşdur. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarları mövcuddur. Daxili İşlər Nazirliyi nəzdində isə bu sahə üzrə xüsusi idarə yaradılmışdır.

İnsan alverinə qarşı mübarizə üzrə beynəlxalq konvensiyalara qoşulmuş Azərbaycanda bu sahə dövlət səviyyəsində diqqət mərkəzində saxlanılır.

Komitənin sədri Roland Blum bu sahədə Azərbaycanda görülmüş işləri yüksək qiymətləndirmiş, fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2011.-27 fevral.- S.7.