Nazirlər
Kabinetində görüş
İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Argentina Respublikası Gömrük İdarəsinin baş direktoru xanım Maria Siomara Ayera ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Baş nazir A.Rasizadəyə təşəkkürünü bildirən argentinalı qonaq regionun ən inkişaf etmiş dövlətlərindən biri olan Azərbaycana gəlişindən şərəf duyduğunu demişdir. O, ölkəmizdə müşahidə etdiyi böyük quruculuq işlərindən, iqtisadi inkişafın səviyyəsindən, o cümlədən dövlət qayğısı sayəsində qurulmuş müasir gömrük xidməti sistemindən və onun yüksək texniki təchizatından məmnunluqla danışmışdır.
Ölkələrimiz arasında gömrük sahəsində əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi vurğulanaraq qeyd edilmişdir ki, Argentinanın kontrafakt mallar üzrə təcrübəsindən və Azərbaycan gömrükçülərinin "bir pəncərə" sisteminin effektiv tətbiqindən, habelə risklərin idarə olunması sahəsində təcrübəsindən qarşılıqlı surətdə bəhrələnmək hər iki tərəf üçün faydalı olardı.
Görüşdə Azərbaycan və Argentina arasında ticarət dövriyyəsinin vəziyyəti və iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Dövlət Gömrük Komitəsinin sədri
Aydın Əliyev də görüşdə iştirak
etmişdir.
Azərbaycan.- 2011.- 1 iyul.- S. 1.